Icma.az
close
up
RU
Kiçik insanlar ın böyük hekayələri Günel Musa yazır

Kiçik insanlar ın böyük hekayələri Günel Musa yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Günel MUSA

Cəmiyyət bizə hələ kiçik yaşlarımızdan etibarən böyük düşünməyi, böyük xəyallar qurmağı, böyük uğurların arxasınca qaçmağı öyrədir. Bəs həqiqətdə bu "böyüklük" nədir? Titullardırmı, şöhrətdirmi, yoxsa sərvət? Bəzən bu qədər çox "böyüməyə" çalışarkən insan olmağı unuduruq. Halbuki insan olmaq bir karyera planı, hədəf deyil. Pul və ya vəzifə ilə ölçülmür. İnsan olmaq başqalarının ağrısını hiss edə bilməkdir. Köməyə ehtiyacı olanı görməkdir, ittiham etmədən sevə bilməkdir. Və bunların heç biri üçün "böyük" olmağa ehtiyac yoxdur. Bəzi insanlar var, onların adını heç kim bilməz, afişalara çıxmazlar, alqışlar onlara yönəlməz. Amma həyatın bir tərəfində hər gün, hər saat səssiz-səmirsiz öz vəzifələrini yerinə yetirərlər.

Bir ananın yuxudan erkən oyanıb övladına səhər yeməyi hazırlaması, onu məktəbə aparıb sonra da işə getməsi, bir atanın ailəsinə xoşbəxt bir gələcək qurmaq üçün illərini qurban verib yorğun düşməsi bizə adi görünə bilər. Yaxud da bir tibbi bacısının bütün gecəni yuxusuz qalıb xəstəxana dəhlizlərində gəzişib xəstələrə nəzarət etməsi... Bütün bunlar bəsit bir rutin deyil. Bu insanlar təkcə vəzifələrini yerinə yetirmirlər, onlar həm də başqa həyatların davamında bəzən baş rol, bəzən köməkçi rol oynayırlar.

Məsələn, bir müəllimə düşünün: anasız bir qızın saçlarını darayıb hörmək üçün hər gün işə yarım saat tez gələn. Bəlkə də adını heç kim bilməyəcək o müəllimənin, bəlkə heç bir xəbərə manşet olmayacaq. Amma o, hər gün bu hərəkəti ilə insanlıq öyrədir cəmiyyətə. Ya da yol keçən yaşlı bir qadının əlindən tutan gənc oğlan. Bu davranışı ilə o gənc bu dünyanı dəyişmir, ancaq bir ürəyi isidir. Məhəllənizdə otuz ildən çox ərzaq satan dükançı dayını düşünün. Hamının adını, kimin uşağının məktəbə gedib- getmədiyini bilir. Məhəllənin ən yaşlı sakinlərini tanıyır, kimin təzyiqinin yüksək, kimin şəkəri olduğuna qədər hər şeydən xəbəri var. Nisyə dəftəri həmişə hamının üzünə açıq olan bu dayıların heç kimdən bir gözləntisi yoxdur. Sadəcə olaraq əlindən gəldiyi qədər yaxşı insan olmağa çalışır. Onun hekayəsi böyük deyil bəlkə də, amma içi sevgi, səbir və sədaqətlə doludur. "Kiçik insanlar" böyük cümlələr qurmazlar. Ancaq davranışları, səbir və davranışları ilə dünyanı gözəlləşdirə bilərlər. Onlar bu həyatın görünməyən qəhrəmanlarıdır. Böyük hekayələr hər zaman manşetlərdə, ekranda deyil, çox zaman yorğun düşən gözlərdə, qabarlı əllərdə gizlidir. Onların hekayələri yer üzünün vicdan kitabıdır.

Hər gün eyni saatda, yaşadığım küçəni süpürən bir qadın var. Adını da bilmirəm. Əslində heç kim bilmir. Amma hər səhər biz şirin yuxuda olarkən o, çoxdan işə başlayır. Onun sayəsində küçələr tərtəmiz olur, səkilərdə gecədən bəri qalaqlanmış zibillər yoxa çıxır. Amma heç kim o qadına təşəkkür etmir. Çünki insanlar öyrəşdikləri şeyləri bir müddət sonra görmürlər. Bu yaxınlarda marketdə idim. Birdən rəflərin arasında gördüm onu. Bir qucaq pişik yeməyi alıb kassaya yaxınlaşdı. Bu qədər bəsit bir görüntü insanın içini sızlatmaq üçün yetərlidir. O qadın bütün gün küçələri süpürür, yorğun düşür, amma qazandığı qəpik-quruşla küçə pişiklərinə yemək almağı da unutmur. Çünki o, əsl insandır. Bəlkə də o qadın kimi nə qədər insan səssizcə gözəlliklər yaradır, amma biz daha təmtəraqlı, göstərişli yaxşılıqları alqışlayırıq. Bu qadın bizə bunu xatırladır: İnsan olmaq bəzən kiçik yaxşılıqları belə ürəkdən edə bilməkdir. Bəzən bir paket pişik yeməyi insanlığın ən sadə, amma ən qürurlu anı ola bilir. Bizə kiçik görünən bu insanlar əslində insan olmağın ən böyük təqdimatını etmiş olurlar.

İnsan olmaq üçün böyük səhnələrə, kürsülərə çıxmağa ehtiyac yoxdur. Bəzən tanımadığın bir insana salam vermək, bəzən bir uşağın başını oxşamaq, bəzən də susub sadəcə dinləməkdir insan olmaq. Çünki insanlıq böyük hərəkətlərlə yox, kiçik, amma səmimi toxunuşlarla yaşayır. Böyük olmaq həyatdakı bir ehtimaldır, amma insan olmaq bir seçimdir. Və bu seçimi hər gün, hər an edə bilərik.

Həyat çox vaxt böyük uğur hekayələri, nəhəng layihələrlə, məşhur insanların sözləri ilə dolu görünsə də, dünya əslində manşetlərə çıxmayan, adı eşidilməyən "kiçik insanlar" sayəsində fırlanır.

Çox zaman ədəbiyyat da, tarix də böyük adamlardan, əhəmiyyətli hadisələrdən və güclü qəhrəmanlardan bəhs edir. Amma real həyat belə deyil. Həyat ayaqda qalmağa çalışan yoxsullarla, undulmuş kəndlərdə, qəsəbələrdə, arxa küçələrdə həyat mübarizəsi aparan insanlarla doludur. Məncə, bu həqiqətləri ədəbiyyata daşıyan, görünməyən insanları göstərən ən böyük yazıçılardan biri də Con Steynbekdir. Steynbek romanlarında cəmiyyətin görməzliyə vurduğu, arxa küçələrdə yaşayan insanlara səs verir. Xüsusilə də yazıçının "Qəzəb salxımları", "Siçanlar və adamlar", "Sardiniya küçəsi" kimi əsərlərinin baş qəhrəmanları fəhlələr, yoxsullar, küçədə yaşayan avara insanlardır. Yazıçı sistemin kənarında qalan insanları mərkəzə gətirərək müasir cəmiyyətin diktə etdiyi dəyərlərlərə, ittihamlara qarşı güclü bir ədəbi duruş sərgiləyir. Xüsusilə yazıçının "Sardiniya küçəsi" romanının qəhrəmanlarının, demək olar ki, hər biri cəmiyyətin qəbul etmədiyi insalardır. Roman kapitalist və fərdiyyətçi sistemin kənarında qalan bir mikrocəmiyyət portreti çəkir. Bu küçədə insanlar paylaşır, bir-birinə dəstək olur, bəzən dava edirlər, amma hər şeyin mərkəzində insani bağlar yer alır. Bu tərəfi ilə "Sardiniya küçəsi" təkcə bir roman yox, eyni zamanda sosial tənqiddir. Müasir cəmiyyətin görməzlikdən gəldiyi, xor gördüyü fərdlərin əslində nə qədər dəyərli və insan olduğunu göstərən güclü ədəbi bir aynadır. "Sardiniya küçəsi" təkcə kiçik bir balıqçı qəsəbəsini deyil, cəmiyyətin kənarında unudulan insanlıq dəyərlərini də xatırladır bizə.

Bəs real həyatda "kiçik insanlar"ın hekayəsinə qarşı niyə laqeydik?

Bu sualın cavabının həm sosial, həm tarixi, həm də psixoloji qatları var.

Tarix kitablarında, filmlərdə, xatirələrdə hər zaman komandirlər, sərkərdələr, sənətkarlar, elm adamları ön plandadır. Ancaq hər böyük uğurun arxasında saysız-hesabsız "kiçik insanlar"ın əməyi dayanır. Yenə də bu insanların hekayəsindən çox zaman bəhs edilmir. Niyə "kiçik insanlar"ın həyatı bu qədər görünməzdir? Çünki yaşadığımız dünyada uğur güc ilə ölçülür. Qəhrəman kəlməsini çox vaxt böyük hadisələrlə əlaqələndiririk. Döyüşənlər, bir adamın həyatını xilas edənlər, mükafat alanlardır cəmiyyətin əsas qəhrəmanları. Amma çoxumuz fərqində deyilik ki, həyat əslində səssiz qəhrəmanların çiyinlərində yüksəlir.

Sadə bir fəhlənin, bazarda piştaxta arxasında dayanan satıcının, bərbərin, xadimənin hekayəsi müharibədə qalib gəlmək, nəsə icad etmək qədər maraq oyandırmır. Halbuki o xadimə hər səhər sinif otaqlarını təmizləməsə, uşaqlar necə təhsil alacaq? Yaxud da bazardakı satıcı məhsulu satışa çıxartmaq üçün piştaxtasını açmasa, süfrələrimiz necə dolacaq? Amma təəssüf ki, sistem səssiz uğurları deyil, qışqıran uğurları önə çəkir.

"Kiçik insanlar" öz hekayələrini danışmağa öyrəşməyiblər. Çünki onlara heç kim "sənin hekayən dəyərlidir, mənalıdır" deməyib. Dindirilməyiblər. Ən dəhşətli həqiqətimiz budur ki, cəmiyyət olaraq "əhəmiyyətsiz"ə qarşı dözümsüzlüyümüz var. Ancaq unduruq ki, həyat əslində ən əhəmiyyətsiz hesab etdiyimiz detalların cəmidir. Kiçik isanların hekayələri ən saf, ən təmiz hekayələrdir. Orda pul, şöhrət, titul yoxdur bəlkə də, amma əsl insan, insanlıq var. Yorğun, amma mübariz, yıxılsa da, qalxmağı bilən, danışmasa da, hiss edən... Yəni belə insanların hekayəsi yalnız biz onları görməyə qərar verdiyimiz anda dəyər qazanır.

lll

Sadəcə uzaqdan tanıdığımız məşhur bir insan vəfat edəndə xəbərlərə manşet olur, tanıyan-tanımayan hər kəs onun haqqında sosial mediada paylaşım edir, xatirələr yazır, başsağlığı verir. Günlərlə mərhum haqqında danışırıq. Amma eyni anda məhəlləmizdə yaşayan, yaxşılıqları ilə həyatımıza toxunan qonşumuz aramızdan səssiz-səmirsiz köçüb gedərkən səsimiz çıxmır. Çünki cəmiyyətdə ölüm bəzən həqiqi bir kədər ifadəsi deyil, nümayiş vasitəsinə çevrilir. Məşhur şəxs öldüyü zaman hamı onunla bağlı mütləq bir şey paylaşmaq ehtiyacı hiss edir. Xatirələr ortalığa səpələnir. Amma bu kədərdəki səmimiyyət nə qədər dərin, nə qədər realdır - burası mübahisəlidir. Həyatımızda həqiqətən dəyəri olan insanlar çox vaxt fərq edilmir, çünki onların ölümündə nümayişə ehtiyac hiss etmirik. Bu insan psixologiyasının və ictimai münasibətlərimizin yansımasıdır. Kədər cəmiyyətin gözləri qarşısında yaşadığı zaman məna qazanır sanki. Halbuki həqiqi kədər ən səssiz olanlardadır. Bu vəziyyət bizə insanlığın iki üzünü göstərir: Bir tərəfdən səhnədə gözlər qarşısında yaşanan hisslər, digər yandan qəlbən yaşanan, amma heç kimə göstərilməyən real kədər. Cəmiyyətin kədərə biçdiyi rol ilə fərdin qəlbindəki həqiqi yas arasındakı fərqdir bu. Məqsəd kədərlənmək yox, nümayiş olduğu zaman insanlıq itir. Bu vəziyyət kədərə qarşı olan səmimiyyətimizi də zədələyir. Nümayiş üçün tutulan yasın ömrü qısa olur. Əsl kədəri isə ömrümüz boyu qəlbimizdə daşıyır və hiss edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see309

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see169

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see162

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see150

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see148

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see147

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see140

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see126

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see126

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see124

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see123

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see122

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see120

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri