Icma.az
close
up
RU
Kütləni cəlb etmək üçün onların dolaşdığı yollarla getməliyik

Kütləni cəlb etmək üçün onların dolaşdığı yollarla getməliyik

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müsahibimiz teatr və kino rejissoru, prodüser, ssenarist, İnklüziv ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadədir. O, Akademik Dram Teatrında nümayiş olunan "Müharibə" və "Sənsiz", ƏSA Teatrında nümayiş olunan "Hamlet", "Çıxış yoxdur", "Qonşu", "Xəsisin andı" və "Adamlar və siçanlar" kimi tamaşaların quruluşçu rejissorudur.

Nihad Qulamzadə ilə söhbəti oxuculara təqdim edirik.

- 18 yaşında teatr yaratmaq qərarına gələn Nihad Qulamzadə başqalarında özünə qarşı inamı necə yaratdı?

- Sözün açığı, həmin dövrlərdə yaşımı elan etməyi sevmirdim. Çünki 18 yaşında kiminsə teatr yaratmağı normal düşüncədə olan insanlara absurd görünürdü. İndi dönüb geriyə boylananda mənə də qəribə gəlir ki, o enerji mənə necə gəlmişdi, o gücü haradan tapmışdım, başqalarından əlavə, özümdə o inamı necə yaratmışdım. Bunlar hamısı, düşünürəm ki, yavaş-yavaş, mərhələli şəkildə oldu. Bu ideyanı ilk dəfə qardaşımla bölüşdüm. O mənə etiraz etsəydi, desəydi ki, gəl gedək başqa işin qulpundan yapışaq, yəqin həvəsdən düşərdim. Həm də bunu ilahi məqam kimi dəyərləndirirəm. Bu prosesdə mənfi heç bir hadisə baş vermədi. Truppaya ilk yığdığımız şəxslər belə mənə demədilər ki, məni özünə inandır. Hər kəsdə bir enerji, bir inam var idi və bu enerji də ƏSA Teatrının yaranmasına gətirib çıxardı.

- ƏSA Teatrının rejissoru olmaq digər hansısa teatrın rejissoru olmaqdan fərqlidirmi?

- Yox, fərqli deyil. Rejissor mühitdən asılı olmayaraq öz işini icra etməlidir. Truppa, səhnə, iş atmosferi fərqli ola bilər, amma fərqli deyil. Məni heç nə fərqləndirmir. ƏSA Teatrında necəyəmsə, Akademik Dram Teatrında da elə olmuşam.

- Artıq gələn il teatrın 10 illiyidir. Bu illər ərzində teatr nələr qazandı, nələr itirdi?

- Açığı, teatr yarananda insanlarda, daha çox isə teatr aləmində belə bir fikir var idi ki, ən çox altı-yeddi ay fəaliyyət göstərəcəyik, sonra sönüb gedəcəyik. Çünki həmin vaxtlarda özəl teatrlar yaranırdı, hər hansı bir tamaşa nümayiş olunurdu, daha sonra həmin teatrdan səs çıxmırdı. Amma 10 il artıq onu göstərir ki, ƏSA Teatrı öz sözünü deməyi bacardı. 10 il ərzində dövlət teatrları ilə rəqabətə girəcək səviyyəyə gəlib çıxmışıq. İşlərimiz göz qabağındadır. 25 fevralda "Hamlet" tamaşı nümayiş olundu və həmin tamaşaya bütün biletlər satılmışdı. Həmin tamaşa bu gün oynanılır, səhər 50-60 nəfər adam yazır, tamaşanın yenidən nümayişini istəyir. Artıq tamaşaçılar teatrımıza gəlirlər, tamaşalarımıza maraq var. "Adamlar və siçanlar" tamaşasının xüsusi kütləsi var. İlk növbədə, biz tələbat formalaşdıra bildik. Bu gün ƏSA Teatrına tələbat var. Yekun olaraq deyə bilərəm ki, bu teatr daim fəaliyyətdə olacaq. Teatr ilk yaranandan o qədər çox problemlə qarşılaşmışıq ki. Təhlükəli, həyəcanlı məqamlar yaşamışıq, teatr səfil günlər görüb, amma buna baxmayaraq, çətinliklərdən üzüağ çıxmışıq. Burada artıq elə bir qüvvə formalaşıb ki, o qüvvə həmişə var olacaq. Sadəcə bircə istəyimiz var, bu da artıq bir müddət sonra tələbə çevriləcək -  dövlət statusu məsələsi. Çünki kifayət qədər heyət var və həmin aktyorların da kifayət qədər təcrübəsi var. Artıq onlar üçün də nələrsə olunmalıdır.

- "Əngəlsiz, Sərhədsiz, Azad" teatrın qarşısında təəssüf ki, bir əngəl var. 10 ilə yaxındır fəaliyyət göstərməyinizə baxmayaraq, daimi məkanınız, teatr binanız yoxdur.

- Bu, təəssüf ki, çox qəliz məsələdir. Uzun müddət ofisdə fəaliyyət göstərmişik, illərlə icarə pulu ödəmişik və həqiqətən yüz min manatdan çox icarə pulu ödəmişik. Şəxsən mənim evim yoxdur, ipotekada yaşayıram. Ofislərə verdiyim pulu şəxsi həyatımda istifadə etsəydim, ən azı evim olardı. Amma təbii ki, peşman deyiləm, çünki o əziyyətləri çəkməsəydik, bu yerlərə gəlib çıxmazdıq. Hazırda bina məsələsinə real yanaşmıram. Çünki otuz ildən çox fəaliyyətdə olan "Yuğ" teatrının binası yoxdur. Həll oluna bilsəydi, elə birinci həmin teatrın bina məsələsi həll olunardı. Amma təəssüf edirəm ki, dayanmadan proyektlər, layihələr baş tutur, restoranlar açılır. Baxırsan ki, boş məkanlar var. Məsələn, Qış parkının yanındakı köhnə hospital tamamilə boşdur, orda bəlkə də, altı teatr fəaliyyət göstərə bilər. Amma təəssüf ki, bu məsələyə diqqət göstərilmir.

- ƏSA Teatrı tənqidlərə necə müqavimət göstərir?

- Düşünürəm ki, bu məsələdə teatrın heyəti dözümlüdür. Çünki teatr yarananda böyük səs-küyə səbəb oldu və həmin səs-küyün yetmiş faizi tənqid idi. Vaxtilə "belə teatr olmaz" deyənlər indi bizimlə işləmək istəyirlər. Mən də tənqidə dözümlüyəm. Düşünürəm ki, bu da ƏSA Teatrına gələn tənqidlərdən qaynaqlanır. Yaxın dostlarımdan olan teatrşünas Emin Əliyev "Hamlet" tamaşası xaric, bircə dəfə də olsun heç bir tamaşamı ürək dolusu tərifləməyib. Amma mən onunla hələ də dostam və tənqidini səmimi qəbul edirəm. Tərifləsə, daha maraqsız olar. Teatrı da, tamaşaları da çox tənqid edənlər olub. 2021-ci ildə bütün dövlət və özəl teatrların iştirakı ilə keçirilən festivalda ƏSA Teatrı birinci yerə çıxdı. Qısası, tənqidlərə reaksiyamız belədir (Gülür).

- Maraqlıdır ki, pandemiya dövründə digər teatrlardan fərqli olaraq, ƏSA Teatrı fəaliyyət göstərirdi. Sizi buna təhrik edən nə oldu?

- Yəqin ki, romantika və teatra olan sevgi. O dövrdə dövlət teatrlarını tənqid edirdim ki, sizin resursunuz daha çoxdur və teatrın aktivliyi üçün daha çox fəaliyyət göstərə bilərsiniz. Mən ümumiyyətlə, analitik məsələləri sevirəm. Düşünürəm ki, yaradıcı insanın marketinq tərəfi də olmalıdır. Pandemiya vaxtı bilirdim ki, pandemiyadan sonra teatrlarda tamaşaçı kütləsi daha da çoxalacaq. Çünki insanlar məcburi asosiallaşdıqca daha çox kütlənin içində olmağa maraq göstərirdilər. Bu gün təkcə teatra yox, konsertlərə də kifayət qədər axın var. Pandemiyadan əvvəl başı səs-küy götürməyən, heç yerə getməyən insanlar belə karantindən sonra sosiallaşmağa, kütlə olan yerlərə getməyə başladılar. Buna görə də, məcbur idik ki, pandemiya dövründə mübarizə aparaq. Artıq normal həyata qayıdanda ƏSA Teatrı yatıb qalmamışdı, aktiv idi və tez adaptasiya oldu.

- Bir çoxlarının fikrincə, bu gün teatra maraq azdır. Bəs siz bu barədə nə düşünürsünüz? Ümumiyyətlə, tamaşaçını teatra cəlb etmək üçün nə edirsiniz?

- Orta əsrlərdən başlayaraq heç bir dövrdə teatrda böyük kütlə olmayıb. Teatr sənətə çevrildikcə onun tamaşaçı kütləsi də yığcamlaşıb. Düşünürəm ki, beş il əvvəl teatra maraq çox az idi. Çünki teatrlar tamaşaçı ilə kommunikasiya qurmağı bacarmırdı. Dövrlə ayaqlaşa bilmirdilər. Hələ indi-indi teatrların sosial şəbəkə hesabları var, kommunikasiya qurmağa çalışırlar. Bunun sayəsində bir axın yaranır. TikToku çoxumuz pisləyirik, amma teatra ayaq açanların çoxusu elə orada olan tamaşa səhnələrini izləyib bura gəlirlər. Artıq demək olar ki, başımızı qaldırıb şəhərdə olan elanlara baxmırıq, əhəmiyyət belə vermirik. Hamı telefondadır, bütün bizneslər sosial şəbəkədədir. Sədərəkdə tikinti məhsulu satan bir şəxs var. Elə möhtəşəm videolar çəkir. Təsəvvür edin, əlinə əlcək geyinir, əlcəyi yandırır və deyir əlimyandıda məhsul satıram. Beləcə, həmin şəxsin videosuna bir milyon baxış gəlir. Təbii ki, demirəm, teatrda TikTok videoları çəkək. Amma kütləni cəlb eləmək üçün onların dolaşdığı yollarla getməliyik. ƏSA Teatrı da yarandığı vaxtdan dövrlə ayaqlaşmağa çalışır, bir sıra yeniliklər edib. Bunu teatr sahəsində olan şəxslər də etiraf ediblər. Düşünürəm ki, ƏSA Teatrı dövlət teatrlarına da müəyyən qədər istiqamət verib.

- Son zamanlarda teatr və kino sahəsində yaşlı nəsillə gənc nəsil arasında fikir ayrılıqları, mübahisələr yaranır. Siz belə hallarda necə davranırsınız?

- İndiyə qədər mənim fəaliyyətimdə elə bir problem olmayıb, çünki mən aktyorları yaşına görə fərqləndirmirəm. Mənim üçün aktyor aktyordur. Ola bilər ki, rejissor kimi intellektual, təcrübəsi çox olan aktyordan tövsiyə alım, hər hansı fikir mübadiləsi olsun. Amma heç kim mənim işimə müdaxilə edə bilməz. Elədirsə, get, elə özün qur da tamaşanı. Rejissor şəraiti qurmaq üçün, diktə etmək üçün var. Tamaşada aktyor fikri demirik, rejissor fikri, aktyor ifası deyirik. İmkan verin, rejissor fikrini çatdıra bilsin.

- ƏSA Teatrı kimlər üçün əsa rolunu oynadı?

- Vallah, elə mənim üçün də bu teatr əsa rolunu oynayıb. Teatrın təxminən otuz nəfərlik heyəti olsa da, üç yüzdən çox insan buradan gəlib keçib. Tramplin kimi istifadə edənlər də olub, bu teatrdan sonra öz yeni fəaliyyət sahəsində daha da möhkəmlənənlər olub. ƏSA Teatrı deyəndə mən özümü nəzərdə tutmuram, ƏSA - bir qüvvədir, enerjidir, biz onun ətrafına toplaşmışıq. Sadəcə o işığı birinci mən görmüşəm, hamını da o işığın ətrafına toplamışam. Bu işıq çoxlarının həyatında mayak rolunu oynayıb.

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see479

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see388

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see345

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see294

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see260

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see250

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see218

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see206

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see203

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see195

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see187

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see183

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see178

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see178

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see176

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see175

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see173

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see164

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see159

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri