Icma.az
close
up
RU
Məşuqi Əzəl hüzuruna Seyid Əzim yolu ilə Sevinc Mürvətqızı yazır

Məşuqi Əzəl hüzuruna Seyid Əzim yolu ilə Sevinc Mürvətqızı yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sevinc MÜRVƏTQIZI

...Keçmişlərdə mistik ilahi-irfani "səfər"ə, ilahi cəzb yolçuluğuna çıxaran zikrlərin vird edildiyi xanəgahlarda, zaviyələrdə hərdən bir eşq qəzəlləri də oxunarmış. Sufi dərvişlər anlayırdılar ki, ilahi məcnunluğa aparan yol əvvəlcə bir bəşər "pəriçöhrə"sinin zülfündən başlayır...

...Hal-qəziyyə budur ki, dünyanın bu dar vaxtında eşqdən qəzəl oxuyub sizi hansısa məqamlara aparmaq mənim nə həddimə, sizin nə vecinizə? Fəqət, bu dəfə iş başqadır, sizli-bizli hamımızı bu misilsiz səfərə Seyid Əzim Şirvani "Aparır"... Həm də elə aparır ki, beytlərin arasında "süzülən" ruhumuz bəzən gerçək sevginin harada bitib ilahi cəzbin harada başlamasından duyuq da düşmür... Hər beytdə eşqin rəngli tonlarının izaholunmaz sərməstlik halı adamı sarır. Klassik bədii ənənələrin son dərəcə mükəmməl ifadə tərzi, əruzun daxili melodiyası və metaforik mənalarla sevginin sərhədsizliyində ədəbi zövqümüz bəs deyincə bayram edir... Klassik Şərq poeziyasının sufi-fəlsəfi, lirik- romantik çalarlarının sehrinə daldıqca elə ilk addımda şeytana belə meydan oxuyan pəriçöhrə çıxır qarşımıza:

Xəlqin imanını gər məkrilə şeytan aparır,

O pəriçöhrə nədəndir ki, bəs iman aparır?

Elə "bismillah" deyib başlar-başlamaz əldən gedən imanın dərdinə düşürük... El-aləmin imanına şeytan qənim kəsiləndə, bizim Seyid imanını bir mələk üzlüyə əmanət edir... Böyük fərq var arada, şeytanın işi imanı oğurlamaqdır, gözələ isə özün könüllü təslim olursan. İmanın da daxil, nəyin var cani-könüldən bəxş edirsən... Birinin işi məkrdir, digərininki cazibə. Şeytan min dona girib aldadır, amma pəriçöhrəyə bilərək-istəyərək özün aldanırsan... Və məhz bu məqamda dünyəvi sevginin daha üst qatına - ilahi eşqə işarə edilir. Burda əsas məqam eşq və iman arasındakı incə sərhədi ayırd edə bilməkdir. Bir tərəfdə nəfsin oyunu, digər tərəfdə ruhun (sər)məstliyi var. Bir tərəfdə məkr, digər tərəfdə könüllü təslimiyyət var... Bu təslimiyyətin ilahi sərxoşluğa sürükləyən zövqündəndir ki, bilirsən, əslində dərmanın da dərdi verəndədir:

Ey kaman qaşlı, məni yarələdi qəmzən oxu,

Zülfünü bas yarama, qoyma, məni qan aparır.

Nə sirdir ki, yarın kirpiklərinin açdığı yaraya da yenə ancaq onun telləri şəfa, məlhəmdir ...İpək kirpiklər yaralayır, ondan da ipək saçlar sağalda bilər. İlk (tibbi/dünyəvi) baxışda, yaralının yarasına yumşaq nəsnənin basılıb saxlanması onu ölümdən qurtarar. Ruhani-sufi nöqteyi-nəzərdən isə, aşiqi burada "qan aparması" metaforik şəkildə mənəvi çırpınışları, eşq dərdi ilə əriyib yox olmasını da ifadə edə bilər. Sufizmdə insan nəfsini öldürdükcə ruhu kamilləşir, "heçlik" mərhələsinə çatır. "Qan aparmaq" bəlkə də məhz bu ruhi yox olmağın, özündən keçmənin rəmzidir. Özündən imtina etdikcə mənəvi -ruhi iztirabların son mərhələsində dözə bilməyəndə insan yenə "dərdi də verən sənsən, dərmanı da" ümidi ilə İlahi Sevgiliyə yönəlir, təsəllini, rahatlığı, hüzuru, aramlığı Ondan istəyir. Hər şey Allahdan deyilmi? Yıxdığını Ondan başqa kim qaldıra bilər? Ənənəvi qəzəl janrının gözəllik motivləri ilə zəngin olan bu beyt klassik poetik məcazların ustalıqla işlədilməsinin misilsiz nümunəsidir. Mahnı kimidir, bir dəfə ağlına düşdümü, sevgi zikrinə dönür dilində...

Dil çəkər canı səri-kuyinə zibh etmək üçün,

Sanki hüccac Mina dağına qurban aparır.

Digər beytlərdə olduğu kimi, burada da dünyəvi və ilahi eşq mükəmməl şəkildə iç-içədir, kənardan baxanın hansına "gücü çatarsa", onu qaldırsın. Dünyəvi sevgi aspektindən aşiq öz canını sevgilinin yolunda fəda edir. Sufi eşqin pəncərəsindən isə insan öz nəfsini, təkəbbürünü Allah yolunda qurban verir. Allahını sevən can qurban olmağa dünəndən hazırdır... İbrahim peyğəmbər oğlu İsmayılı Mina dağında qurban kəsməyə hazır olduğu kimi, aşiq də sevgiliyə fəda olmağa müntəzirdir. Bu, həm də Allaha təslimiyyətin və fədakarlığın rəmzidir. Sufi fəlsəfəsində "qurban" nəfsi öldürmək və Haqqa qovuşmaq deməkdir. Burada aşiqin sevgilinin yolunda özünü qurban etməsi, sufi baxışında nəfsin yox edilməsi və Allahda yox olmaqla (fənafillah) eyniləşdirilə bilər. "Hücac" - zəvvar isə haqqa can atan sufi yolçusunu təmsil edir. Yəni aşiq, eşq yolçusudur və onun Mina dağına qurban aparması ilahi aşiqin öz nəfsini Haqqa təqdim və təslim etməsi anlamını daşıyır. Sevgiliyə bu miqyasda fəda olmağı da, belə bədii əzəmətdə klassik dillə "sənə qurban olum" deməyi də ancaq Seyid Əzim bacarardı...

Qəzəlin süjet ardıcıllığında əvvəlcə sevgiliyə iman təhvil-təslim edilir, aşiq yaralanır, mənəvi-ruhi təbəddülatlar, iztirablar içində çırpınır, onu "qan aparır", sonra könüllü olaraq canını qurban verir. Bütün bunların məntiqi ardıcıllığı kimi "zahid"in heyrəti gəlir:

Zahid ol zülfdə rüxsarını gördükdə dedi,

Bu o hindübeçədir, məktəbə Quran aparır.

Mistik sufi irfanına görə "zahiri ibadət" və "batini eşq" arasında gizli mübarizədə zahid birinciyə aldanaraq gerçək eşqi əslində anlamaz, bilməz... Biz bir barmağı kəsiləndə "dönüb həqdən qaçan"o "zahid"i Nəsiminin "Ağrımaz"ından yaxşı tanıyırıq, "zahid" nə bilir Sevgili Haqqa qurban getməyi?! Müəllif "hindübeçə" və "Quran" paradoksu ilə ilahi gözəlliklə dini dəyərlərin zahidin dar düşüncəsində bir araya sığmamasını göstərmək istəyib, bəlkə də, kim bilir?.. Yəni əsl iman bəlkə də sadəcə Qurana bağlanmaq deyil, həm də ilahi gözəlliyi dərk etməkdir. Zahidin riyakar reaksiyası məcazi olaraq din və eşq arasındakı absurd çəkişməni göstərir... Bu beytə "verilən hakimiyyət"də ustalıqla ironiya, təzad və metaforalar taxta oturub...

Və ardınca məntiqi olaraq müəllifin bütün göstərmə "zahid"lərə meydan oxuduğunu görürük, kəfənini boğazına dolayıb eşq meydanına çıxa bilənin Məşuqi-Əzəldən - ilahi sevgiylə bağlandığı Allahdan başqa kimsədən qorxusu olmur. Qəzəlin süjet ardıcıllığında isə qiyamət qopub, ölümdən sonrakı "həşr edilmə" başlayıb, əsl gerçək indi bilinir, görək məşhərdə Məşuqi-Əzəlin qarşısında cavab verməyə kimin üzü var? Sevginin əsl sınaq meydanı buradır...

Geyməyə kimsə ki, meydani-məhəbbətdə kəfən,

Onu Məşuqi-Əzəl məhşərə üryan aparır.

Bütün bu "üryan"lığın əslində qəzəldə də, beytdə də qatbaqat "geyimi" var. Bu beyt qəzəlin mənəvi - irfani piki olmaqla yanaşı, həm də möhtəşəm bədii sənətkarlıq nümunəsidir. "Kəfən geymək" və "üryan aparılmaq" ironik ziddiyyəti - eşq meydanına cürətlə atıla bilməyənlərin (kəfən geyməyənlərin) məhşərə-ilahi məhkəməyə heç nəsiz (üryan) aparılması əvəzsiz bədii təzaddır. Paradoksal strukturu, dərin məna çalarları və irfani poetik ifadəsi ilə beytin içində ilahi eşq, ölüm, axirət, məhşərdən keçib Allaha qovuşmaq və ruhi fədakarlıq kimi mövzular misli-bərabəri olmayan simvolla işlənib. Yəni eşq üçün özündən keçməsən, varlığından imtina etməsən, heç nəsiz - boş əllə, önünə əyilmiş üzlə, rüsvayçı çılpaqlığınla - gizlədə bilmədiyin bütün bəşəri görüntünlə ilahi mühakimə gününə aparılanlardan olarsan... Alternativ anlam versiyasından nəzər yetirsək, digər bir məna da belə ola bilər: bir insan məhəbbət meydanında, yəni ilahi eşq yolunda özünü tamamilə fəda etməli, kəfənini geyərək nəfsini öldürməli və ilahi eşqə doğru irəliləyərək öz mənliyini büsbütün məhv etməlidir. Bu yolda insan dünyəvi bağlardan azad olaraq mənən saflaşar, hər şeydən təmizlənərək, arınaraq, üstündən bütün günah, qəbahət qiyafələrini, dünyəvi yükləri ataraq Sevgilinin hüzuruna çıxar... Yalnız bundan sonra fanilikdən sıyrılaraq bütün mənalarda Məşuqi-Əzələ qovuşmaq və bəqa olanda ərimək mümkündür... Bundan sonra dinin nədir, məzhəbin hansıdır, getdiyin yer meyxanədirmi, yoxsa qibləsinə üz çevirdiyin Kəbədirmi, heç narahat etmir həmin məqamda qərar tutanı. Bilir ki, belə suallar zahirdəki şəriətdəndir, ən yaxşı halda təriqətdəndir... Daha batini mərtəbədə mərifətdən həqiqətə gedən yolda səni harasa çəksələr də, qınasalar da, hətta özün özünü damğalasan da, daha heç nə dəyişən deyil. Bir olanla birsən bundan sonra, nə qorxudar ki səni?..

Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı,

Kafəri Kəbə ara hansı müsəlman aparır?!

Zahiri dindar, ürəyi qaranlıq olan başqasını necə hidayət edə bilər? Həqiqi iman, həqiqi eşq - zahiri qaydalara tabe olmaqdan çox, ruhun azadlıq və mövcudluq haqqıdır. Əgər bir könül artıq həqiqi eşqin yoluna düşübsə, heç nəyə ehtiyac duymur, çünki onun üçün artıq hər yer Kəbə, hər nəfəs zikrdir. Şair göstərir ki, zahiri ibadətlə ruhani aydınlanma, eşqlə durulub saflaşmaq arasında böyük fərq var. Peyğəmbər dövrünə aid hədisdə də deyilmirdimi: "Gecəni ibadətlə keçirən neçələri vardır ki, nəsibləri sadəcə yuxusuz qalmaq, oruc tutan elə kimsələr vardır ki, nəsibləri sadəcə ac və susuz qalmaqdır..."

Burada, sadəcə bu yazıda - dahi şairin bir qəzəli ilə çıxdığımız, zahiri heyranlıqdan başlanıb ilahi həqiqətə doğru yüksələn eşq yolunun sonuna gəldik. Bizim gördüyümüz də, dediyimiz də, mənalandırdığımız da o yolun xəyalı, misalı, surəti idi. Həqiqi eşqin özünün də, yolunun da əsli hələ ki, bizim heç bilmədiyimiz, müəllifinsə artıq varid olduğu yerdədir. Biz imanımızı hər vəchlə şeytanın məkrindən qorumağa çalışaraq gerçəyin surətinin ilk misrasında hələ də içimizlə-çölümüzlə hüzursuz qovğadayıq, Seyid Əzim Şirvani isə lap çoxdan yazdığı həqiqətlərin əzimanə əsli ilə bir əbədiyyətlik ucalıqda - Məşuqi-Əzəlin hüzurundadır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri