Niyə Köhnə Yeni il qeyd edilir? 13 yanvarla bağlı MARAQLI FAKTLAR
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün Köhnə Yeni il qeyd olunur.
Lent.az bu gün haqqında araşdırmanı təqdim edir.
Köhnə Yeni il nədir?
Köhnə Yeni il bir çox insan üçün Yeni il əhval-ruhiyyəsinin sanki “son akkordu” hesab olunur. Çünki dünyanın bir çox ölkəsində 31 dekabrda böyük təmtəraqla qeyd olunan Yeni ilin bayram ab-havası yanvarın ortalarınadək davam edir. Hətta bəzi ailələr evdə qurduqları yolkanı da məhz Köhnə Yeni il başa çatdıqdan sonra sökürlər. Bu səbəbdən yanvarın 13-dən 14-nə keçən gecə həm sakitliyi, həm də özünəməxsus nostaljisi ilə xüsusi bir günə çevrilib.
Köhnə Yeni ili qeyd etmək ənənəsi çox qədim dövrlərə gedib çıxır və əsasən, Yulian təqvimi ilə bağlıdır. Tarixi mənbələrdə bu bayramın köklərinin məhz həmin təqvimdən gəldiyi qeyd olunur. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqviminə görə Yeni il yanvarın 14-də başlayırdı. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gün bayram kimi qəbul edilir və geniş şəkildə qeyd olunurdu. Zaman keçdikcə təqvim sistemlərində fərqlər yaranıb və nəticədə Köhnə Yeni il adlanan bu tarix Qriqorian təqvimi ilə yanvarın 14-nə düşməyə başlayıb.
Köhnə Yeni il necə qeyd olunmağa başlayıb?
Bu tarixin formalaşmasında I Pyotrun qərarı da mühüm rol oynayıb. 1700-cü ildə Birinci Pyotr həmin təqvimi ləğv edərək Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verib. Qərarda xüsusi olaraq vurğulanıb ki, ölkədə Yeni ilin müxtəlif tarixlərdə qeyd olunması xalqın çaşdırılmasına xidmət edir. Buna görə də, hamılıqla birlikdə bayram yanvarın 1-də qeyd olunmalıdır. I Pyotr bu dəyişiklikləri xoş başlanğıc kimi təqdim edib, xalqı təbrik edib və hamıya işlərində uğurlar, ailədə xoşbəxtlik arzulayıb. Hətta o, insanlara bayramı necə keçirməyi də tövsiyə edib: “Yeni ilin gəlişi münasibətilə şam ağaclarını bəzəyin, uşaqların əylənməsi üçün onları xizək sürməyə aparın. Böyüklər isə sərxoş məclislərində və dava-dalaşlarda iştirak etməsin – bunun üçün digər günlər də yetərlidir”.
Köhnə Yeni ilin yanvarın 13-ü ilə əlaqələndirilməsi isə daha sonrakı dövrlərdə baş verib. Sovet İttifaqı qurulduqdan sonra bu bayram ənənələrin saxlanması məqsədilə qeyd olunmağa başlayıb. Daha dəqiq desək, mənbələrdə 1935-ci ildə təkrar qeyd olunmağa başlandığı vurğulanır. Bu fakt bir tərəfdən insanların köhnə adətlərə bağlılığını göstərirsə, digər tərəfdən provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə əlaqələndirilir. Məhz bu səbəbdən Köhnə Yeni il bir çoxları üçün qeyri-rəsmi olsa da, mənəvi və ənənəvi baxımdan öz yerini qoruyub saxlayıb.
Bu bayramın “pravoslav” adlandırılması da təsadüfi deyil. Danışıq dilində Köhnə Yeni ilin bəzən “pravoslav Yeni ili” kimi səslənməsi onun müəyyən dövrlərdə pravoslav kilsəsinin bəzi yurisdiksiyalarında istifadə edilən Yulian təqvimi ilə üst-üstə düşməsi ilə izah olunur. Bununla yanaşı, qeyd olunur ki, Pravoslav Kilsəsinin liturgik ili, əslində, sentyabr ayında başlayır. Yəni Köhnə Yeni il daha çox xalq arasında yaşadılan və təqvim fərqindən doğan qeyri-rəsmi bir ənənə kimi qəbul edilir.
Maraqlıdır ki, bu bayram yalnız Rusiyada deyil, postsovet məkanında və bir sıra digər ölkələrdə də qeyd olunur. Mənbələrdə göstərilir ki, Köhnə Yeni il Rusiya ilə yanaşı Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Monteneqro, Çernoqoriya və İsveçrədə keçirilir. Serbiya və Çernoqoriyada yeni ili yanvarın 13-ü qarşılamasının səbəbi Rusiyada olduğu kimi kilsə günlərinin Yuli təqvimi ilə qeyd edilməsidir. Serbiyada bu bayram “Serbiyanın Yeni ili” adlandırılır. Eyni zamanda Makedoniyada və İsveçrənin bir sıra almandilli bölgələrində də bu təqvimin izləri qorunub saxlanılıb.
Köhnə Yeni il ənənəsinə müxtəlif ölkələrdə fərqli adlar və fərqli yanaşmalarla rast gəlinir. Fələstin, İordaniya, Azərbaycan, Belarusiya, Özbəkistan, Bosniya və Herseqovina (əsasən Serb Respublikasında), Gürcüstan, Ermənistan, Qazaxıstan, Monteneqro, Moldova, Ukrayna (Malanka), Uels, İsveçrə (Silvester) və Türkiyənin Hatay bölgəsi kimi yerlərdə də bu ənənənin mövcudluğu qeyd olunur. Şotlandiyada isə Köhnə Yeni il ənənəvi olaraq yanvarın 12-də keçirilir və bu gün də bəzi bölgələrdə xüsusi adlarla xatırlanır. Həmçinin Morayşirdəki Burqhed şəhərində Köhnə Yeni il gecəsi “Burning o 'the Clavie” adlı mərasimlə qeyd olunur.
Dünyanın bəzi yerlərində Köhnə Yeni ilin daha fərqli izahları da var. Məsələn, Yaponiyada “rissyun” adlanan köhnə Yeni il baharın gəlişi kimi qəbul edilir. Hindistanda isə Günəşin cənuba doğru səyahətini bitirib şimala doğru hərəkət etməyə başladığı gün “Makar Sankranti” kimi qeyd olunur. Şimali Afrika bərbərləri də ənənəvi olaraq Yeni ili Yulian təqviminə çox yaxın olan “Berber təqvimi” ilə qarşılayırlar və bəzi bölgələrdə təqvim səhvlərinə görə bu bayram yanvarın 12-də qeyd olunur.
Azərbaycanda Köhnə Yeni ili kimlər qeyd edir?
Azərbaycanda Köhnə Yeni il daha çox ölkəmizdə yaşayan ruslar tərəfindən qeyd edilir. Bununla belə, bu tarix bir çox insan üçün Yeni ilin sakit və səmimi davamı kimi görünür. Bəzi ölkələrdə Köhnə Yeni ilə xüsusi münasibətin səbəblərindən biri də məhz yanvarın 13-ün 31 dekabrla müqayisədə daha sakit, qarışıqlıqdan uzaq keçməsidir. İnsanlar böyük səs-küy və tələsik bayram coşqusundan sonra bu günü daha rahat, daha yığcam şəkildə qeyd etməyi üstün tuturlar.
Köhnə Yeni il ənənələri arasında maraqlı detallardan biri də 13 yanvarda gecə saat 2-də südlü sıyıq bişirilməsi ilə bağlıdır. Qədim adətə görə, həmin vaxt evin yaşca böyük xanımı anbardan düyü gətirir, evin yaşlı kişisi isə bulaqdan su gətirir. Soba qızmamış heç kim ona əl vurmazdı. Daha sonra hamı masa arxasında əyləşir və qadın sıyığı bişirməyə başlayır.
Əgər sıyıq dadlı və qaydasında alınırdısa, bu, yeni ilin uğurlu və bərəkətli olacağına işarə sayılırdı. Qazanından daşmış və normasında alınmamış südlü sıyıq isə ailə üçün bərəkətsiz və uğursuz il kimi yozulurdu. Bu ənənə Köhnə Yeni ilin sadəcə təqvim fərqi deyil, həm də xalq inancları və ev ritualları ilə yaşayan bir bayram olduğunu göstərir.
Rusiyada keçirilən sorğular da bu günün insanlar üçün hələ də maraqlı olduğunu ortaya qoyub. Məlum olub ki, əhalinin 60 faizi Köhnə Yeni ili keçirməkdə maraqlıdır. Bu bayramı qeyd etmək istəyənlər arasında tələbələr, ev qadınları və 40 yaşdan kiçik şəxslər üstünlük təşkil edir. Bu da göstərir ki, Köhnə Yeni il təkcə yaşlı nəsillərin xatirəsi deyil, yeni nəsillər üçün də öz cazibəsini qoruyub saxlayan bir ənənədir.
Ümumilikdə Köhnə Yeni il Yulian təqviminə görə Yeni ilin başlanğıcı kimi qeyd olunan, qeyri-rəsmi, amma köklü ənənəyə çevrilmiş bir bayramdır. Bəzi insanlar üçün bu gün sadəcə əlavə bir bayram tarixidir, bəziləri üçün isə Yeni ilin ən səmimi, ən sakit və ən “ev abu-havalı” hissəsidir. Yanvarın 13-dən 14-nə keçən gecə bir tərəfdən qədim təqvimlərin izini yaşadır, digər tərəfdən isə bayramın təkcə təmtəraq deyil, ailə istiliyi, xatirələr və ənənələr olduğunu xatırladır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 13 Yanvar 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















