Icma.az
close
up
RU
Qardaşım qızına demək istədiklərim Qəzənfər Paşayev yazır

Qardaşım qızına demək istədiklərim Qəzənfər Paşayev yazır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Şöhrətin sevincini bol-bol yaşadın, yaşın kədərini yaşamaq isə sənə qismət olmadı. Gödək oldu ömrün sənin. Səni çox tez itirdik. Nəyinsə itməsi, yoxa çıxması adamı min bir xəyala salır, pərişan edir. Lakin insan itkisi həyatda ən ağır, əvəzolunmaz itkidir. Sənin itkin qəlbimizi göynətdi, sağalmaz yaraya döndü. Təsəllini onda tapırıq ki, sən Allahın sevimli bəndələrindən idin. Yaradan sənə müdriklik, analitik təfəkkür, kəskin ağıl, zəka, fitri istedad, natiqlik, rəhbərlik etmək bacarığı, tükənməz enerji bəxş etmişdi.

Sən yaradanın əta etdiklərindən qədərincə bəhrələnərək bir ömrə sığmayan böyük işlər görə bildin. Nəticədə təkcə nəslimizin, xalqımızın deyil, bütün türk dünyasının sevimli övladına çevrildin.

Sən Qərb aləminin şərqli qadınlar haqqında formalaşan imicini öz fəaliyyətinlə alt-üst etdin.

Sən cəhalətdən, xurafatdan, mövhumatdan uzaq inamlı, imanlı Azərbaycan qadını idin. Bəzi dövlət adamlarından, ictimai xadimlərdən fərqli olaraq Həcc ziyarətinə getdin. Bu baxımdan da bir çox qadınlara nümunə oldun. Az yaşadın, lakin qəlbi inamla, imanla döyünən mənalı və örnək ömür yaşadın.

Zəhmətdən çəkinmədin. İstirahət nədir bilmədin. Özün haqqında düşünmədin. Ömrünü xalqımıza, insanlara həsr etdin. Fenomenal ağlın, fitri istedadın sayəsində Tibb Universitetini, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdin, tanınmış jurnalist kimi yetişdin. Namizədlik və doktorluq dissertasiyaları yazdın, professor oldun. Yazıçı və şair kimi ad-san qazandın. İctimai xadim kimi təkcə vətənimizdə deyil, bütün türk dünyasında tanındın. 2005-ci ildən millət vəkili idin. Sonuncu seçkilərdən sonra Parlamentin Mədəniyyət Komitəsinin sədri seçildin. Bu, sənə göstərilən böyük etimad idi. Sən bu etimadı doğrulda bildin, çünki Ulu öndər Heydər Əliyevin məktəbini keçmişdin.

Bütün bunlara qırx səkkiz illik ömür payında nail olmuşdun. Çünki tükənməz enerji daşıyıcısı idin. Bu enerji xalqımıza, türk dünyasına məhəbbətdən qaynaqlanırdı. O qədər şöhrətləndin, xalqın sevimlisinə çevrildin ki, səni nəzər kəsdi.

Altmışa qədər kitabım çıxıb, Əməkdar elm xadimi fəxri ada layiq görülmüşəm. Bununla belə, son illərdə məclislərdə eşidirdim: "Qənirə Paşayevanın əmisidir". Sevinirdim, fəxr edirdim. Sən getməyinlə mənim bu sevincimi də apardın. Hərdən deyərdin: "Əmi, özünə fikir ver. Sən nəslimizin ağsaqqalısan, heç kim ağsaqqalsız olmasın".

Bu gün də kiçik qardaşım, sənin sevimli atan Ələsgər müəllimin sözləri yadımdan çıxmır. Ölümqabağı dedi: "Qardaş, Ləman qızına diqqəti artır, Qənirəyə qayğı göstər". Qardaşımın sözlərini vəsiyyət kimi qəbul etdim. Sən ilk dəfə Milli Məclisə millət vəkili seçiləcəkdin. Sənə qayğım nə ola bilərdi. Çox fikirləşdim. Tovuzun bütün adlı-sanlı, görkəmli alimləri akademik Bəhram Əsgərov, professorlar Müseyib Müseyibov, Dəmir Qəmbərov, Cəfər Quluzadə, Rauf Ağayevin iştirakı və akademik Vasim Məmmədəliyevin xeyir-duası ilə film çəkdirdim. Hamı sənin məziyyətlərindən, iş qabiliyyətindən, xeyirxahlığından, millət vəkili olmağa artıqlaması ilə layiq olduğundan söz açdı. Təbii ki, mən sənin mənəvi keyfiyyətlərindən danışdım. Film Tovuz televiziya kanalında axşamlar göstərildi və hadisəyə çevrildi.

Həyat keşməkeşli və bəzən amansızdır. İndi o böyük insanların hamısı sənin kimi haqq dünyasındadır. O vaxtdan sonra çox bulanıq sular axdı, duruldu. Sən cismani cəhətdən bizdən ayrılsan da, hər gün bizimləsən.

Əzizim, sən dünyanı dəyişəndən sonra, nə qədər ağır olsa da anan, bacın, qardaşların ağlasığmaz ləyaqət göstərdilər. Qəbrinin üstündə qeyri-adi abidə düzəldildi. Baş daşında sənin şeirin həkk edildi.

Xalça Muzeyində bir həftə davam edən "Qənirə Paşayevaya ithaf" adlı bədii sərgi baş tutdu. Təntənəli açılış mərasimində Parlamentdə sənin yerinə seçilən Polad Bülbüloğlu, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, akademik Nizami Cəfərov, Kəmalə və mən çıxış etdik. Bədii sərginin materiallarından ibarət 148 səhifəlik möhtəşəm rəngli kitab buraxıldı. Kitabı vərəqlədikcə fikir adamı xəyalən sənli günlərə aparır. Bu bədii əsərdə Fərhad Xəlilov, Arif Hüseynov, Fazil Mustafa, Etibar Babayev, Kəmalə və mənim yazılarımız çap olundu. Kəmalənin "Mənəvi ölümsüzlük" və mənim "Qənirə xanım həsəd aparılacaq, qürur duyulacaq bir ömür yaşadı" məqalələrimizdə sənin çoxşaxəli yaradıcılığına və şəxsiyyətinə hər yöndən işıq tutulur.

Mart ayının 1-6-sı arası (2025) sənə həsr olunmuş qadınlararası Beynəlxalq Şahmat Turniri keçirilir. Açılış yığıncağında görkəmli qələm sahibləri, ziyalılar iştirak edirdilər. Dostun Rəşad Məcid sənin haqqında candan gələn ürək sözlərini açıqladı. Rəşad Məcid indi Mətbuat Şurası kimi nüfuzlu bir qurumun sədridir.

Əziz anan Tehran müəllimə çıxış edərək təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirdi.

Tovuz Xeyriyyə Cəmiyyəti və "Tovuz qəzeti"nin xüsusi buraxılışı sənə həsr olunub. Mənə dünyanın hər tərəfindən sənə həsr olunmuş məqalələr, dərgilərdə yazılar gəlir. Balkanların "Türkcəm" dərgisinin (274-cü sayında, sentyabr 2023-cü il) arxa qapağı sənin portretin və "Ana" şeirin yer alır. İraq türkmanlarının İstanbulda çıxan "Qardaşlıq" dərgisində (oktyabr, dekabr, 2019-cu il, səh.8-9) "Vətən qoxusu və Qənirə Paşayeva" adlı mənalı məqalə çap olunub.

Kərkükdə çıxan "Türkmaneli" dərgisinin üz qabığında sənin çox gözəl portretin (sentyabr, 2023) verilib. Dərginin 1-ci səhifəsində İraq Türkman Cəbhəsinin "Qənirə Paşayeva haqqa qovuşdu" vida məqaləsi və İraq Parlamentinin İraq türkman millət vəkillərinin Azərbaycan səfirliyinə gələrək başsağlığı vermələri barədə yazı verilib. "Bursa Türk Ocağı"nın qəzeti (sentyabr, sayı 158, 2023-cü il) 1-ci səhifəsində sənin portretin və haqqında maraqlı yazı vermişdir.

Qənirə xanım, səni axıska türkləri sonsuzluğa qədər çox istəyirmiş. Onların "Türk Birliyi" dərgisinin 96 səhifədən ibarət sentyabr-dekabr 2023-cü il sayı bütövlükdə sənə həsr olunub. Üz qabığında ən gözəl, məna dolu portretin və altında "Bu dünyadan bir Qənirə Paşayeva keçdi" cümləsi verilib. İkinci səhifədə "Prezident Qənirə Paşayevanın şeirini oxudu" yazılıb və Ərdoğanla şəklin verilib. Sonrakı səhifədə "Mən ana olmadım" şeirin verilib. Sonra orqanlarını bağışlamağından və "Bu, mənim dünyaya son faydam olar" sözlərin yazılıb. Sonrakı səhifədə Azərbaycan Prezidenti İlham Əliyevin portreti və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla sənin haqqında dövlət rəhbərlərinin nekroloqu çap olunub.

96 səhifənin hər birində portretin və haqqında yazılar verilib. Məqalələrdən bəzisinin adını çəkməklə kifayətlənirəm: "Qənirə Paşayevaya vida", "Həkimlər Qənirənin diaqnoz kağızlarını yox, şeirlərini oxumalı idi", "Qənirə xanıma dedim ki, evlən, övladın olsun, dedi ki, bacı, Allah məni  ailə, ev üçün yaratmayıb", "Paşayeva özünü qurban demişdi o gün", "Qiymətli qardaşım, keşkə Vəqfdəki Xocalı anma günündə mənə "Xocalını alaq, Allah həmin gün mənim canımı alsın" - deyibsənmiş.

Özünü Xocalıya qurban deyibsənmiş. Xocalı alınandan çox keçmədi, dünyanı dəyişdin.

Qənirə xanım, haqqında qəzetlərdə çoxsaylı məqalələr çap olundu. Kərküklü qardaşın, ürək dostun Dr.Şəmsəddin Küzəçi "Kərkükün mənəvi qızı" adlı sənə layiq məqalə yazdı.

Sən dost seçərkən necə də müdrik olubsanmış. Şəmsəddin Küzəçi sən dünyanı dəyişəndə də, qırxında da, ilində də uzaq yoldan başsağlığı verməyə gəldi.

Məleykə Mirzəlinin "Unutmaq olmur" adlı içdən gələn məqaləsi də mənə dərin təsir etdi.

Səndən sonra çox kövrək olmuşam. Tehran müəllimə, Hüseyn və Aslan bizə gələndə, eləcə də sənə həsr  olunmuş yığıncaqlarda göz yaşımı saxlaya bilmirəm.

Tovuzlu şair Dilqəm Təmraz sənə çox təsirli, kiçik həcmli "Heykələ döndün" adlı poema həsr etmişdir.

Ruhun şad olsun! Poemadan sonuncu bəndi təqdim edirəm.

Vətənə xoş gələn bahar qızıydın,

Qəfil əcəl gəldi şam kimi söndün.

Qoşulub getsən də, sən mələklərə

Qızım, qəlbimizdə heykələ döndün.

Qənirə xanım, heç vaxt unudulmursan. Şəhla Aslan sənin haqqında kitab hazırlayıb (Ankara, 2024, 161 səh.). Kitabın üz qabığında "Bu kitap, Ganire Paşayevanın aziz ruhuna ithaf olunur" yazılıb.

Kitabda mənim "48 il qürurla yaşanan bir ömür" məqaləmlə bərabər, Ankara Universitetinin rektoru, Prof.Dr.Necdet Ünüvar, Türkiyənin Azərbaycandakı əski böyükelçisi Hulusi Kılıç, Türk ədəbiyyatı Vakfı Yönətim Kurulu Başqanı Serhat Kabaklı, Dr.Şəmsəddin Küzəçi, Arzuman Azaflı və bir çox başqa qənirəsevənlərin maraqlı yazıları çap olunmuşdur.

Zaman keçdikcə Türk Dünyasında necə böyük hörmət sahibi olduğunu indi daha dərindən dərk edirik. Türk aləmindən Azərbaycana rəsmi və qeyri-rəsmi nümayəndə heyətləri gələndə Fəxri xiyabanda səni ziyarət edirlər.

Əzizim, burada yazıma son verərkən əziz qardaşım, sənin sevimli atan Ələsgər müəllim göz önünə gəlir. Ədəbiyyat müəllimi idi. Poeziyamızı candan sevirdi. Sənə ədəbiyyatı o aşılamışdı.

Dünyasını dəyişəndə öz arzusuna əsasən başdaşına Səməd Vurğunun dahi  Üzeyir bəyi son mənzilə yola salanda oxuduğu misralar həkk olundu. O şeiri sən də çox sevirdin, mən də çox sevirdim. Ona görə də yazımı şairin həmin misraları ilə tamamlayıram:

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,

El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Əziz Qənirə xanım, sən xalqımızı, eli-obanı, mədəniyyətimizi, bütün Türk Dünyasını candan sevdin, sevilərək haqqa qovuşdun.

Yaddaşlarda şirin xatirətək qaldın.

Ad günün mübarək, qardaş qızı!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dadaşovun qolu komandasını finala yüksəltdi

22 Aprel 2025 00:07see159

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 Aprel 2025 00:04see153

Bu həftə Tesla və Alphabet gəlir açıqlayacaq Davam, yoxsa...?

22 Aprel 2025 00:00see143

Ədil Məhərrəmov QƏTLƏ YETİRİLDİ

22 Aprel 2025 13:47see142

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see142

“Mənə təslim olsalar, onlara mahnı yazaram”

22 Aprel 2025 00:06see141

İslam Kərimovun nəvəsi realiti şouya qatılır

21 Aprel 2025 23:58see138

Broyler toyuğu yeyən kişilərə BƏD XƏBƏR

22 Aprel 2025 13:24see134

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see132

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see129

Dünya Kitab və Müəlliflik Hüququ Günü

22 Aprel 2025 13:50see127

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see125

Ağ Ev yeni müdafiə naziri axtarır?

22 Aprel 2025 00:09see124

Şərurlu İsfəndiyarla bağlı daha bir QALMAQAL: Məhkəmə işi

22 Aprel 2025 13:34see119

İlham Əliyev xanımı ilə birlikdə Çinə getdi

22 Aprel 2025 16:00see118

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see117

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see116

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see114

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNİB

22 Aprel 2025 14:41see111

Bu qurumların “başı dərddə” DTX ya ŞİKAYƏT EDİLDİ KONKRET

22 Aprel 2025 10:14see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri