Icma.az
close
up
RU
Səidə Sübhi: Bəzi insanlar incəsənətə həyat musiqisi, digərləri ömrün mənası kimi baxır AZƏRTAC

Səidə Sübhi: Bəzi insanlar incəsənətə həyat musiqisi, digərləri ömrün mənası kimi baxır AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 yanvar, Anara Axundova, AZƏRTAC

Onun poeziyası formaca özü kimi kövrəkdir, lakin daxilən inanılmaz dərəcədə güclüdür. İncə və dərin. Misralar sanki uçur, amma onları oxuduqca məzmun dərinliyinə varırsan, sözlərin ağırlığını, mənasını hiss edirsən. Əgər onun öz şeirlərini söylədiyini eşitmək nəsib olubsa, özünüzü şanslı sayın, çünki Səidə həm də bənzərsiz, maraqlı, başqalarından fərqli olan gözəl qiraətçi və sənətkardır.

Həmsöhbətimiz müasir Azərbaycan şairəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Somnambula” poeziya toplusunun müəllifi, bir çox respublika və beynəlxalq poeziya müsabiqələrinin və festivallarının iştirakçısı və laureatı Səidə Sübhidir.

- Səidə, keçmişin və ya dövrümüzün hansı şairini ziyarət etmək istərdiniz? Ondan nəyi soruşacaqdınız?

- Boris Leonidoviç Pasternakın yanına gedərdim. Əvvəla, o, mənə çox yaxındır - istedadına, zəhmətinə heyran olduğum şairdir. Müəyyən mənada onu öz müəllimim hesab edirəm. Sonra da onunla şeir və həyat haqqında səmimi söhbət etmək istərdim və sual verərdim: dünyada onun üçün ən qiymətli olan nədir?

- Sizi tanınmış Azərbaycan şairi kimi təqdim edirlər və bəzən hətta canlı klassik adlandırırlar. Tanınmış və populyar olduğunuzu anlayanda nə hiss etdiniz?

- Mədəni tədbirlərdə tanımadığım adamlar mənə yaxınlaşıb şeirlərimlə bağlı təəssüratlarını bölüşəndə, münsiflər heyətinə dəvət alanda və ya yeni başlayan şairlər üçün ustad dərsi keçirəndə, müsahibə alanda, sosial şəbəkədə oxuculardan təsirli rəy alanda, media səhifələrində həssas və işimə biganə olmayan yazılar görəndə öz yerimdə olduğumu hiss edirəm və anlayıram. Bu, məni çox ruhlandırır. Mənə bu ilhamı verən hər kəsə minnətdaram.

- Poeziya axşamlarının birində dediniz ki, uşaqlıqda rəssam olmaq arzusunda idiniz. Amma siz beynəlxalq münasibətlər fakültəsinə daxil oldunuz, sonra psixologiya ixtisasını seçdiniz və sonda şeirə bağlandınız. Sizcə, bu yolu seçməyiniz tale məsələsidir?

- Uşaqlıqdan rəsm çəkirəm. Şübhəsiz ki, rəssamlığın yaradıcı təfəkkürün və təxəyyülün inkişafına böyük təsiri var. Bu keyfiyyətlər təkcə təsviri sənətdə deyil, ədəbi yaradıcılıqda da tətbiq olunur. Beynəlxalq münasibətlər fakültəsi humanitar elmlərin geniş spektri ilə zəngindir və mən diplomatiya tarixi, siyasətşünaslıq, fəlsəfə, psixologiya, sosiologiya, xarici dillər və digər fənləri böyük maraqla öyrəndim. Psixologiyaya marağım hələ orta məktəbdə oyanmışdı. Tələbə olduğum müddətdə müxtəlif psixoloji kurslarda, təlimlərdə eyni vaxtda iştirak etmişəm. Daha sonra Kiyevdə magistr proqramına daxil oldum və praktiki psixologiya üzrə ikinci dərəcə aldım. Psixologiyanı öyrənmək mənə daxili dünyamı daha dərindən dərk etməyə, insanları daha yaxşı hiss etməyə və başa düşməyə imkan verən anlayış duyğusunu inkişaf etdirməyə kömək etdi. İndi keçdiyim həyat mərhələlərini təhlil edərkən, baş verən hər şeyin qanunauyğunluğunu dərk edirəm. Hər şey məhz lazım olduğu kimidir.

- Bu günlərdə poeziya nə dərəcədə qiymətləndirilir, insanların şeirə marağı necədir?

- Sənətə ehtiyac çox fərdidir. O, bəziləri üçün həyat musiqisidir, bəziləri üçün həyatın özüdür, bəziləri üçün isə ona heç bir ehtiyac yoxdur və ya vacib deyil.

- Sizcə, klassik və müasir Azərbaycan poeziyasını unikal edən nədir? Onun xarakterik xüsusiyyəti nədədir və nə ilə bağlıdır?

- Klassik Azərbaycan poeziyasının əlamətdar xüsusiyyətlərindən biri mütəfəkkir şairlərin ideoloji mövqeyində duran humanizmdir. Xaqani, Nizami, Hafiz, Nəsimi, Füzuli, Vazeh, Natəvan və başqa şairlərin yaradıcılığında insan şəxsiyyəti xüsusi yer tutur. Lakin Azərbaycan klassik poeziyası özünəməxsus Şərq koloritinə malikdirsə, müasir Azərbaycan poeziyası həm Şərq, həm də Qərb mədəniyyətinin xüsusiyyətlərini harmonik şəkildə özündə cəmləşdirir. Həm də bu, onu özünəməxsus şəkildə unikal edir.

- Bəs sizin poeziyanız necədir? Səidə Sübhi necə şairdir? Özünüzü və işinizi təsvir edin.

- Mənim üçün çətin olan bu suallara belə cavab verərdim: Bel çantamda Homer və Harri Potter, qulaqlarımda simsiz qulaqlıq, əlimdə smartfon, dilimdə kəlmələr. İliyimdə və qanımda isə ədəbiyyat.

- Tez-tez ədəbi gecələrdə çıxışlarınız olur, beynəlxalq müsabiqələrdə iştirak edirsiniz. Birinci və ikinci halda hansı hissləri yaşayırsınız, onlar bir-birindən fərqlidirmi?

- İstər ölkəmdə çıxış etdiyim ədəbi gecələrdə, istərsə də ölkəmi təmsil etdiyim beynəlxalq səhnədə olsun - hər iki halda hisslərim eynidir. Sadəcə sevdiyim işlə məşğulam.

- Müasir şair üçün çıxış etmək, müsabiqələrə qatılmaq, sosial şəbəkələrdə akaunta malik olmaq, gözə çarpmaq nə dərəcədə vacibdir?

- İlk növbədə, ictimaiyyət qarşısında çıxış etmək, ədəbi müsabiqə və festivallarda iştirak etmək, sosial şəbəkələrdə akaunt saxlamaq və digər ictimai fəaliyyətlər müasir müəllifə oxucuları ilə təmasda olmaq imkanı verir. Bu isə həm müəllif, həm də oxucu üçün vacibdir.

- Bakıda çoxlu sayda ədəbi gecə keçirilir. Sizcə bu nə ilə bağlıdır? Ümumiyyətlə, demək olarmı ki, Bakı poetik şəhərdir, burada hansısa poetik ab-hava, enerji var?

- Azərbaycan qədim zamanlardan ədəbi məclisləri ilə məşhurdur. Ölkəmizin poetik şəhərlərini isə Bakı, Gəncə, Şuşa adlandırmaq olar... Poeziyanın yaşadıldığı hər bir şəhər poetikdir.

- Şair olmaq arzusunda olanlara və ya şeir yazmaq istəyən, amma tərəddüd edənlərə nə məsləhət görərdiniz?

- Şeirdə ilk addımlarımı necə atdığımı yaxşı xatırlayıram. Hara və niyə getdiyimi bilmirdim, intuisiya ilə addımlayırdım. Boş vaxtlarımda sevimli müəlliflərin şeirlərini oxuyur, onların tərcümeyi-hallarını öyrənir, şairlərin həyat və yaradıcılığından bəhs edən sənədli və bədii filmlərə baxırdım. Mənə misralar gəldi, yazdım. Əvvəlcə uzun müddət heç kimə oxumadım, sonra qərara gəldim ki, anama göstərim. Filoloq anam məni dəstəklədi və daha yaxşı yazmaq üçün nələrə diqqət etməli olduğumu təklif etdi. Sonra şeirlərimi internetdə dərc etməyə başladım. Daha sonra ədəbi müsabiqələrdə iştirak və ilk qələbələr... 2012-ci ilin əvvəlində Cənubi Qafqazın gənc rusdilli şairlərinin beynəlxalq müsabiqəsində iştirak etdim və laureat oldum. Bu hadisədən sonra başa düşdüm ki, qismətimə yazılmış yoldayam. İnanmaq istərdim ki, bu sətirləri oxuyan bəzi iddialı müəlliflər mənim təvazökar nümunəmdən ilhamlanacaq və həm də şüurlu şəkildə getməyi arzu edəcəkləri öz yollarını tapacaqlar. Onlara məsləhət görərdim ki, sağlam tənqidə cəsarətlə qulaq assınlar və onu nəzərə alsınlar ki, bu, sözsüz ki, yaradıcılıq yüksəlişinə gətirib çıxaracaq. Və yazmağa davam etmək...

- Səidə, söhbətimizə belə bir sualla başladıq: ziyarətə getdiyiniz şairdən nəyi soruşardınız? Bəs özünüzə hansı sualı verərdiniz və həmin sualın cavabı nədən ibarətdir?

- Özümə eyni sualı verərdim - dünyada mənim üçün ən vacib nədir? Cavabım: Sözün ən yüksək mənasında Sevgi! 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri