Icma.az
close
up
RU
Sovet İmperiyası daxilində dövlət içində dövlət quran adam

Sovet İmperiyası daxilində dövlət içində dövlət quran adam

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Brejnev durğunluğunun qızğın çağında, günəşli Fərqanə vadisində sovet qanunlarının belə tam işləmədiyi bir ərazi vardı. Bura dövlət daxilində dövlət idi. Həmin əraziyə onun sahibinin şəxsi icazəsi olmadan nə rayon prokuroru, nə milis rəisi, nə də Daşkənddən gələn yüksək vəzifəli nümayəndələr daxil olmağa cürət edirdi.

Bu qeyri-rəsmi imperiyanın sahibi Papa aqrar-sənaye birliyinin baş direktoru, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı və Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Şərəf Rəşidovun ən yaxın dostlarından biri olan Əhmədcan Adılov idi. Bütün respublikada onu arxasınca sadəcə “Aka” və ya “Özbək xanı” adlandırırdılar. Bu ləqəb heç də təsadüfi deyildi: onun tabeliyində 30 mindən çox insan çalışır, təsərrüfatından yüz milyonlarla rubl dövr edirdi. Qurumsaray kəndində yerləşən iqamətgahının hündür, möhkəm divarları arxasında isə şəxsi atlı mühafizə dəstəsi, qadınlar üçün qapalı məkanlar və itaətsizlik göstərənlərin saxlanıldığı yeraltı zindanlar vardı.

Adılov öz imperiyasının təməlini hələ 1960-cı illərdə qoymağa başlamışdı. Həmin vaxt o, Papa rayonunda geridə qalmış Lenin adına kolxoza rəhbərlik etməyə başlamış, bir neçə il ərzində quraq dağətəyi əraziləri kanallar, bağlar və rekord pambıq məhsulu ilə tanınan bir vahəyə çevirmişdi.

Moskvada və Daşkənddə onu tərifləməkdən yorulmurdular. Adılov yüksək vəzifəli qonaqları elə qarşılamağı bacarırdı ki, onlar bölgədən yetişmiş qovunlar, antik xalçalar, qızıl-zinət əşyaları və nağd pulla dolu konvertlərlə ayrılırdılar. Bu səxavət qarşılığında “hər şeyə qadir sədrə” çox şey bağışlanırdı.

O, tabeliyindəki insanlara dövlətin müəyyən etdiyi qaydalarla deyil, öz istəyi və mülahizəsi əsasında maaş verir, silahlı mühafizəçilər saxlayır, təqsirkarları isə sanki orta əsr əmirliyinin qanunları ilə cəzalandırırdı.

Onun özbaşınalığının miqyası dəhşətli idi. Qonaqları daşıyan yaşlı seyislərdən biri ağasının davranışlarından Daşkəndə şikayət etməyə cəsarət göstərəndə Adılovun adamları onu tutaraq ata bağlamış, daşlı yolda sürüyərək ömürlük şikəst etmişdilər.

Başqa bir fəhlə isə təsərrüfatda qıtlıq olan gübrədən bir neçə kisənin itdiyinə görə cəzalandırılmışdı. Onu Qurumsarayda tikilməkdə olan binanın altında yerləşən, pəncərəsi və işığı olmayan, rütubətli beton zirzəmiyə salmışdılar. Fəhlə orada yarım il saxlanılmış, gündə yalnız bir dəfə yemək almış, mütəmadi döyülmüş və gecələr qandallanaraq iqamətgahın tikinti işlərinə aparılmışdı.

Belə şəraitdə yerli milis əməkdaşları və hakimiyyət nümayəndələri də “Aka”nın iqamətgahının darvazasına yaxınlaşmağa cürət etmirdilər. Adılov üçün qanun deyil, şəxsi iradəsi əsas idi.

İmperiyanın süqutu

Fəlakət 1984-cü ilin avqustunda, onun əsas himayədarı Şəraf Rəşidovun ölümündən qısa müddət sonra başladı.

Özbəkistana SSRİ Baş Prokurorluğunun istintaq qrupu gəldi. Telman Qdlyan və Nikolay İvanovun rəhbərlik etdiyi bu qrup sonradan məşhurlaşan “pambıq işi” çərçivəsində respublikada genişmiqyaslı korrupsiya, saxta hesabatlar, dövlət vəsaitlərinin mənimsənilməsi və yüksək vəzifəli şəxslərə verilən rüşvət faktlarını araşdırırdı. 1984-cü il avqustun 13-də xüsusi təyinatlı dəstə Adılovun iqamətgahına hücum etdi.

Axtarışlar zamanı döşəmələrin altındakı gizli yerlərdən, bağdan və qohumlarının evlərinin zirzəmilərindən sovet əskinasları ilə dolu kisələr, çar dövrünə aid qızıl sikkələr, qiymətli metal külçələri, brilyantlar və antik zinət əşyaları aşkarlandı. İstintaq materiallarında müsadirə edilən sərvətin həcmi 1980-ci illərin qiymətləri ilə on milyonlarla rubl olaraq göstərilirdi.

Lakin müstəntiqləri daha dəhşətli mənzərə gözləyirdi. İqamətgahın yeraltı otaqlarında məhkəmə qərarı olmadan uzun müddət saxlanılmış, fiziki cəhətdən tükənmiş insanlar tapıldı. Onların bəziləri illərlə bu qeyri-insani şəraitdə yaşamağa məcbur edilmişdi.

Sovet İttifaqı dağıldı, “Özbək xanı” isə sağ qaldı

Bu hekayənin ən təəccüblü tərəfi isə onun sonrakı mərhələsidir.

Adılovun işi üzrə istintaq görünməmiş dərəcədə uzandı. Təxminən yeddi il yarım davam edən araşdırma nəticəsində yüzdən çox cildlik material toplandı. Sənədlərdə dövlət əmlakının mənimsənilməsi, rüşvətxorluq, adam oğurluğu, qanunsuz həbs və işgəncə ilə bağlı çoxsaylı epizodlar yer alırdı. Lakin sovet ədalət sistemi ona qarşı yekun hökm çıxarmağa macal tapmadı.

1991-ci ildə Moskvada Qdlyan və İvanovun rəhbərlik etdiyi istintaq qrupu özü siyasi qalmaqalın mərkəzinə düşdü. Onlar şahidlərə təzyiq göstərməkdə və istintaq materiallarından siyasi məqsədlər üçün istifadə etməkdə ittiham olundular. Daşkənddə isə “pambıq işi” respublikanın milli kadrlarına qarşı Moskvanın təşkil etdiyi siyasi təqib kimi təqdim edilməyə başlandı.

Nəhayət, 1991-ci ilin payızında SSRİ Ali Məhkəməsində Adılovun işi üzrə dinləmələr başlayanda Sovet İttifaqı artıq dağılmaq üzrə idi. Ölkənin süqutu ilə ittifaq məhkəmə sistemi də fəaliyyətini dayandırdı. Yeni müstəqil Özbəkistan isə Adılovun öz ölkəsinə qaytarılmasına nail oldu. Beləliklə, onun işi üzrə sovet məhkəməsinin yekun hökmü çıxarılmadı.

Daşkənddə hakimiyyətə gələn prezident İslam Kərimov əvvəlcə nümayişkaranə şəkildə Adılovu azadlığa buraxdı. O, keçmiş “Özbək xanı”nı Moskva müstəntiqlərinin qurbanı kimi təqdim edirdi.

Ancaq özünü heç kimə tabe hesab etməyən Adılov yeni hakimiyyətlə də münasibətlərini korladı. 1990-cı illərdə yenidən məhkum edildi və həyatının ümumilikdə 14 ilə yaxınını həbsxanada keçirdi.

Bununla belə, Əhmədcan Adılov bir çoxlarının gözlədiyinin əksinə olaraq, həm Sovet İttifaqının süqutunu, həm də onun hakimiyyətini məhdudlaşdırmağa çalışan siyasi rəqiblərinin əksəriyyətini geridə qoydu. O, doğma Papa rayonunda yaşamağa davam etdi və 92 yaşında, 2017-ci ilin sentyabrında vəfat etdi.

Beləliklə, sovet dövründə özünü kiçik bir dövlətin hökmdarı kimi aparan, on minlərlə insanın taleyinə nəzarət edən və qanunlardan üstün olduğunu düşünən adam tarixin səhnəsindən çıxdı. Onun həyatı isə sovet sistemində yerli hakimiyyətin, korrupsiyanın və siyasi himayədarlığın hansı həddə çata bildiyini göstərən ən qəribə nümunələrdən biri kimi yadda qaldı.

Ağagül Mürsəlov,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Noyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri