TDT nin hərbi blokunun yaradılması zərurətə çevrilir TƏHLİL
Icma.az, Ses qazeti saytına istinadən bildirir.
Dünya miqyasında türkdilli xalqların və dövlətlərin rolu və nüfuzu durmadan artır. Səbəbi də heç şübhəsiz ki, beynəlxalq güc mərkəzinə çevrilməsidir. Harada, hansı bölgədə təbii fəlakətlər, xüsusilə də zəlzələlər, yanğınlar, daşqınlar varsa orada Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin problemlərin həlli üçün gücü və fəal müdaxiləsi açıq şəkildə hiss olunur. İqtisadi, siyasi, hərbi güc balansı baxımından da Türk Dövlətləri Təşkilatı böyük üstünlüklərə malikdir. Bu baxımdan əksər siyasi şərhçilərin, eləcə də türkdilli xalqlarının çağırışlarına və istəklərinə əsasən Türk Dövlətləri Təşkilatının hərbi blokunun yaradılmasına zərurət var. Bu zərurəti şərtləndirən əsas amillərdən biri dünyada artan, zorakılıqların, bəzi dövlətlərin digər ölkələrə güc nümayiş etdirməsi, daxili qarşıdurmalar və digər səbəblərdirsə, digər amil isə hər an özlərini böyük güc hesab edən qüvvələrin Türk Dövlətləri Təşkilatının hansısa birinin ərazisinə hərbi müdaxilə etməsi təhlükəsidir. Belə məqamda Türk Dövlətləri Təşkilatının yaranacaq hərbi bloku sərt və təsirli tədbirlər görə bilər. Digər tərəfdən isə Türk Dövlətləri Təşkilatının hərbi bloku NATO və KTMT-dən fərqli olaraq ədalətli mövqe sərgiləyərək dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına özünün prinsipial töhfələrini verər. Təbii ki, bu da Türk Dövlətləri Təşkilatının hərbi blokuna inam və etimadı artırar, nüfuzunun daha da artmasına imkanlar yaradar. Hərbi blokun yaranması türk dövlətlərinin, xalqlarının rifahının və təhlükəsizliyinin təmin olunmasına da misilsiz zənginlik qatar.
Əminliklə qeyd etmək olar ki, Türk Dövlətləri Təşkilatları arasında hərbi blokun yaradılmasına hər hansı əngəl yoxdur. Sadəcə hələ ki, üzv dövlətlər gözləmə mövqeyindədir. Azərbaycan tərəfi isə məsələ ilə bağlı açıq mövqe ifadə edir. Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən Zirvə görüşündə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov dövlətlərimiz arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın artırılmasının zəruriliyi ilə bağlı mövqe ortaya qoydu və fikirlər səsləndirdi. Bu isə bir daha onu təsdiq edir ki, Azərbaycan türk dünyasının təhlükəsizliyinin təmin edilməsində ciddi şəkildə maraqlıdır və bunun üçün hər cür dəstəyi göstərməyə hazırdır.
Hərbi blokun yaradılmasına maneə ola biləcək səbəblər varmı?
Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Türk Dövlətləri Təşkilatına üzvləridir. Özbəkistan 14 sentyabr 2019-cu ildə quruma üzv olub. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir və yaxın zamanda Türk Şurasına tam hüquqlu üzv olacağı gözlənilir. Beynəlxalq status daşıyan Türk Dövlətləri Təşkilatı hərbi, siyasi blok deyil. Bunun üçün hələ ki, prinsipial addımların atılması da gözlənilmir. Niyə, səbəbi nədir, Türk Dövlətləri Təşkilatının hərbi blokunun yaradılmasına nə mane olur? Bu kimi suallara təbii ki, üzv dövlətlər cavab verə bilər. Yalnız Azərbaycan məsələ ilə bağlı istəklərini ifadə edir.
Ehtimal olunur ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan hərbi blok hesab olunan da KTMT-nin üzvləridir. Sözügedən dövlətlərin KTMT-də ola-ola Türk Dövlətləri Təşkilatının yaradılması arzuedilən hərbi blokunda olmaları mümkünsüz görünür. Qazaxıstan, Qırğızıstan və Özbəkistan KTMT-dən çıxmaqla Türk Şurasının hərbi blokunda yer ala bilərlər. Təbii ki, belə bir hal baş versə, bu Rusiya kimi terror yuvası hesab oluna vəhşi dövlətin maraqlarına toxunmuş olar. Dərhal hansısa təxribatlar törətməklə sözügedən dövlətlərin daxilində ciddi problemlər yarada bilər. Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl Yaponiyanın baş naziri Siqeru İsiba Asiyada yeni hərbi blokun yaradılmasının vacibliyini bildirib. Qeyd edib ki, yaradılacaq yeni hərbi blok NATO-ya bənzəri ola bilər. Lakin bir sıra ölkələr, xüsusilə də Hindistan və Rusiya mənfi münasibət bildiriblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Asiyada hərbi blokların yaradılması ilə bağlı istənilən ideya özündə qarşıdurma riski daşıyır və bu, qaynar fazaya çevrilə bilər. Əslində, Rusiyanın narahatçılığı başa düşələndir. Yaponiya hələdə hazırda rusiyanın ərasi olan 4 adaya qarşı iddialar irəli sürü və Yaponiya baş naziri Siqeru İsiba 4 adanın geri qaytarılması ilə bağlı Rusiya ilə danışıqlar apardıqlarını bəyan edib. Belə iddialar Rusiyada ciddi narahatçılıqlar yaradır. Rəsmi Moskva hesab edir ki, Asiya bölgəsində yeni hərbi blok yaranarsa, bu onlar üçün ciddi problemlərə yol aça bilər. Ən azı Yaponiya arxasındakı güclərə arxalanaraq 4 adanın qaytarılması ilə bağlı Rusiya ilə təhdid dilində danışa, hətta bir məqamda hərbi gücdən istifadə edə bilər. Bu isə Rusiya üçün arzuolunmaz nəticəlrə gətirib çıxara bilər. Ona görə də, Rusiya sərhədləri yaxınlığında Türk Dövlətləri Təşkilatının hərbi blokun yardılmaması üçün hər cür vasitə və üsullardan istifadə edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, artıq dünyamız dəyişib, Türkiyə və Azərbaycan kimi yeni güc mərkəzləri, aparıcı dövlətlər yaranıb. İndi ötən əsrin 90-cı illəri də deyil, bu gün güclü və qüdrətli türk dövlətləri mövcuddur.
Dünyada hərbi güc balansı dəyişib
Bu gün dünyamızda baş verən siyasi, hərbi proseslər onu təsdiq edir ki, artıq beynəlxalq aləmdə güc balansı dəyişib. Misal üçün Rusiyanı, Hindistanı və İsraili misal olaraq göstərmək olar. Bu dövlətlər son illərə qədər böyük hərbi, siyasi güc mərkəzləri hesab olunurdular. Bu gün isə zəif dövlətlər sırasında yer alıblar. İsrail 2023-cü ilin oktyabrın 7-dən bu günə qədər adi silahlarla silahlanmış HƏMAS-a güc gələ bilmir. Əksinə, zərbələr görür və böyük itkilərə məruz qalır. İsrail açıq döyüş meydanında sadə fələstinli döyüşçülərə güc gələ bilmədiyindən qisasını fələstinli uşaqları, qocaları, qadınları öldürməklə almağa çalışır. Artıq İsrailin ABŞ-dan aldığı dağıdıcı gücə malik silahlar, raketlər, dronlar, hərbi təyarələrlə 68 min mülki fələstinlini qətlə yetiriblər. Bir sıra ölkələrin, o cümlədən də BMT-nin İnsan Hüquqlarının Müdafiə Komitəsi ardıcıl 3 –dəfə İsrailin Qəzzada genosid törətməsi barədə qətnamə qəbul edib. Beynəlxalq hərbi tribunal İsrail Baş naziri Netenyahunun və onun komandasının həbs edilərək, ədalət məhkəməsinə verilməsi barədə qərar çıxarıb. İsrail isə dayanmaq bilmir. Hər gün Qəzzadakı xəstəxanları, qaçqın düşərgələrini hədəfə almaqla HAMAS-a zərər verməyə ümid edir. Ancaq uduzacağı şübhəsizdir. Çünki çox zəif və gücsüzdür. Hindistanda iddialarının əksi olaraq məğlubiyyətə məhkumdur. Bu yaxınlarda Pakistanla savaşda rüsvayçı məğlubiyyətlə üzləşdi. Nəticədə ağ bayraq qaldırmağa məcbur oldu. Eyni acınacaqlı məğlubiyyəti Rusiyada yaşamaqdadır. Artıq 4 ilə yaxındır ki, özündən qat-qat zəif hesab etdiyi Ukraynaya güc nümayiş etdirə və məkrli planlarını reallaşdıra bilmir. Zəifliyini ört-basdır etmək üçün Rusiya Ukraynanın dinc sakinlərini hədəfə alır, öldürür və yaralayır, şəhəri, kəndləri xarabazarlıqlara çevirir. Ukrayna isə böyük hərbi uğurlar əldə etməkdədir. İlkin dövrdə işğal edilən ərazilərinin böyük hissəsini azad etməyə nail olan Ukrayna Rusiyanın ərazilərinə də ciddi zərbələr endirməkdədir. Bunun nəticəsi olaraq Rusiya əhalisi kütləvi şəkildə ölkədən qaçırlar. Hesablamaya görə, müharibə başlayandan 6 milyon 850 min insan Rusiyanı tərk edib. Ölkədə aclıq və səfalət hökm sürür. Ukrayna silahlı qüvvələrinin Rusiyaya məxsus 14 neft emalı zavodundan 8-ni tam şəkildə sıradan çıxartması 4-nü isə qismən zədələməsi Rusiyada benzin çatışmazlığına gətirib çıxarıb. Vəziyyət belə davam edərsə, yaxın vaxtlarda Rusiyada ərzaq məhsullarının talonla verilməsinə başlanılacaq. Artıq bununla bağlı Rusiya Dövlət Dumasında təkliflər də səslənir.
Müsbət və qürurverici hal ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələri istənilən hədəfinə və məqsədinə çatmağı bacarır. Türkiyə on illər davam edən Suriya böhranını cəmi 5 günə həll etməyi bacardı. Azərbaycan 30 illik erməni işğalına son qoymaqla ərazi bütövlüyünü və suverenliyini təmin etdi. 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan düşmənin məhv edilməsində möhtəşəm şəkildə qurub yaratdığı hərbi zavodlarda istehsal olunan hərbi texnikadan və silah–sursatdan istifadə etdi. Hərbi ekspertlərində gəldiyi qənaətə görə Azərbaycan istehsalı olan silah-sursat daha dəqiq və böyük dağıdıcı gücə malik silahlar olub. Bunun nəticəsi olaraq Azərbaycan qısa müddətdə Ermənistan ordusunu və onların yerlərdəki xarici terrorçu dəstələri tamamilə məhv etdi.
Qəbələdə 7 oktyabr 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı zamanı bu məsələyə toxunarkən bildirdi ki, 2020-ci il 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu: “Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir. İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı”.
Birlik və bir-birinə inam, etimad Türk Dövlətləri Təşkilatının hərbi gücünü artırır
Tam qətiyyətlə demək olar ki, Azərbaycanın müdafiə sənayesi əhəmiyyətli dərəcədə inkişaf edib. Fire Power nəşriyyatının məlumatına görə, Azərbaycan hərbi gücünə və silah istehsalına görə 145 ölkə arasında 59-cu, ABŞ-nin U.S. News & World Report nəşrinin təqdim etdiyi statistikaya əsasən isə dünya sıralamasında 29-cu yerdədir. Bu, Azərbaycan üçün əhəmiyyətli bir göstəricidir. Bu göstəricilər yalnız xarici hərbi əməkdaşlıqların deyil, həm də istehsal edilən yerli silahların nəticəsidir. Belə ki, ölkəmizdə “TR-107”, “TRB-107”, “Şimşək” iri kalibrli snayper pulemyotu, “Gürzə” hərbi maşını, “İstiqlal-14,5” anti-materiya tüfəngi və 2024-cü ildə “ADEX-2024” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən “Turan-1” silahları istehsal edilir. Şərti adı “Turan 1” olan silah ilk dəfə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilib. Silah yerli mühəndislər tərəfindən hazırlanıb və 2024-cü ildə istehsal olunub. Çəkisi 3 kiloqram 600 qram olan silahın vuruş məsafəsi 1000 metr, daraq tutumu 30 gülləlikdir. Müasir sistem orijinal standartlara uyğun olaraq hazırlanıb və sərgidə ilk dəfə nümayiş olunur. Silah sınaq testlərindən keçib, lakin hələ istifadə olunmayıb.
Dost, qardaş ölkə olan Türkiyə silah istehsalına və dünyada güc göstəricisinə görə, aparıcı dövlətlərdəndir. Hərbi baxımdan Türkiyə dünyanın 8-ci ən güclü ölkəsidir. NATO-da ABŞ-dan sonra ən güclü orduya malik olan ölkə də Türkiyədir. Türkiyənin Baykar, TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii), Vestel və STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret), müxtəlif tipli dronlar (PUA) istehsal edir. Baykar tərəfindən istehsal edilən Bayraktar TB2 pilotsuz təyyarəsi raket daşıya bilən ən kiçik pilotsuz döyüş təyyarələrindən biri kimi tanınır və hava nəzarəti, kəşfiyyat və hədəfə zərbə endirmək üçün istifadə olunur. Baykar tərəfindən dünyanın 20-yə yaxın ölkəsinə 2, 5 milyard dollar dəyərində Bayraktar TB2 satılıb. Alıcıların sayının artması onu deməyə əsas veri ki, Türkiyənin istehsal etdiyi silahlar daha keyfiyyətli və dədiqdir. Hazırda Türkiyə dünyanın 185 ölkəsinə ümumilikdə 230 çeşiddə hərbi texnika, silah-sursat satır. Bu baxımdan Türkiyə dünyada 11-ci yerdə qərar tutub. Qardaş ölkənin 3.500 hərbi şirkətinin 1.600-ü xarici ölkələrə mal göndərir. Hazırda Türkiyədə hərbi təyinatlı 1.100 layihə üzərində iş gedir. ASELSAN, HAVELSAN, ROKETSAN və Türk Aerokosmik Sənayesi bu işin öncülləri sırasındadır. 2010-cu ildə dünyanın 100 ən böyük silah istehsal edən şirkəti arasında yalnız 1 Türkiyə şirkəti vardı. İndi isə onların sayı 8-dir.
Bir sözlə, Türk dünyası yeni uğurları və nailiyyətləri ilə dünya miqyasında böyük nüfuz sahibi olmaqla yanaşı növbəti tarixini yazır. Bu tarixin yeni bir səhifəsi isə hərbi blokun yaradılması olacaq. Ümid edir, həm də əminik ki, çox yaxın zamanlarda Türk Dövlətləri Təşkilatına üzv olan dövlət siyasi iradə ortaya qoymaqla təşkilatın hərbi blokunun yaradılmasına qərar verəcəklər.
İLHAM ƏLİYEV


