Azərbaycan kosmik ailənin fəal üzvüdür
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
3 il əvvəl oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi açılmışdı
Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçirilən 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunub. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev tədbirdə iştirak ediblər. Tədbirə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri qatılıblar. Bu mötəbər tədbir kosmik sahədə dünya miqyasında ən mühüm hadisələrdən biri olub.
Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Azərbaycan hazırda 110 ölkədən 460-dan çox üzvü olan federasiyanın 2003-cü ildən üzvüdür.
Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi (IAC) Azərbaycanın kosmik sənaye sahəsində qazandığı mövqenin beynəlxalq miqyasda nümayiş etdirilməsi baxımından mühüm hadisələrdən biri kimi yadda qaldı. Bakı Konqres Mərkəzində keçirilən tədbir “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” devizi altında təşkil edilmişdi. Konqresdə kosmik agentliklərin, dövlət qurumlarının, özəl şirkətlərin, investorların, alim və mütəxəssislərin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər.
Açılış mərasimində 3 min 200-dən çox qonaq iştirak etmiş, ümumilikdə isə konqresə 132 ölkədən 5 min 385 nümayəndə qatılmışdı. Bununla da Bakı Konqresi Beynəlxalq Astronavtika Federasiyasının tarixində ən müxtəlif coğrafiyanı əhatə edən tədbirlərdən birinə çevrilmişdi.
Konqresin Bakıda keçirilməsi həm də Azərbaycanın kosmik sənayesinin tarixində xüsusi bir varisliyi nümayiş etdirdi. Bu tarixin başlanğıcı 1973-cü ilə gedib çıxır. Həmin il 24-cü Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Bakıda keçirilmişdi. Bu, o zaman Sovet İttifaqı ərazisində təşkil olunan ilk və yeganə Beynəlxalq Astronavtika Konqresi idi. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın elmi-texniki potensialının beynəlxalq kosmik ictimaiyyətə təqdim olunması baxımından mühüm hadisə olmuşdu.
Aradan 50 il keçdikdən sonra kosmik ictimaiyyətin yenidən Bakıda bir araya gəlməsi həmin tarixi xəttin davamı kimi səciyyələndirilir. 2023-cü il Konqresinin açılışında Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri də bu məqama toxunaraq 1973-cü ildə keçirilmiş Konqresi xatırlatdı. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin astronavtlarla çəkdirdiyi, kosmosda nümayiş edildikdən sonra geri gətirilən fotoşəkil və digər atributlardan ibarət xatirə hədiyyəsini ölkə başçısına təqdim etdi.
Beləliklə, 1973-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Bakıda keçirilmiş ilk Konqreslə 2023-cü ildə Azərbaycanın müstəqil dövlət kimi ev sahibliyi etdiyi 74-cü Konqres arasında yarım əsrlik tarixi körpü yarandı. Bu körpü təkcə iki beynəlxalq tədbiri birləşdirmir, həm də Azərbaycanın kosmik sahədə keçdiyi inkişaf yolunu – ilkin təşəbbüslərdən müasir peyk texnologiyalarına və qlobal kosmik əməkdaşlığa qədər uzanan mərhələləri əks etdirir.
Bu beynəlxalq tədbirin keçirilməsi Azərbaycan üçün yalnız nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etmək anlamına gəlmirdi. Burada əsas məsələ ölkənin kosmik sənaye sahəsində əldə etdiyi imkanların beynəlxalq tərəfdaşlara təqdim olunması, yeni əməkdaşlıqların qurulması və qabaqcıl texnologiyaların müzakirəsinə geniş meydan yaradılması idi. Tədbirin təşkilatçılarından biri olan Azərkosmosun iştirakı ölkəmizin kosmik fəaliyyətinin beynəlxalq müstəvidə təqdimatını daha da gücləndirdi.
Konqres çərçivəsində 36 ölkədən 150 kosmik agentlik və şirkətin stendlərinin təqdim edildiyi 8 min kvadratmetrlik sərgi pavilyonu yaradılmışdı. Burada NASA, Türkiyə Kosmik Agentliyi, Səudiyyə Ərəbistanı Kosmik Agentliyi, Hindistanın kosmik qurumu və digər aparıcı təşkilatların nümayəndələri iştirak edirdilər. Bu sərgi yalnız texnologiyaların nümayiş olunduğu məkan deyil, həm də müxtəlif ölkələrin kosmik sənaye şirkətləri arasında əlaqələrin qurulması üçün mühüm platforma idi.
Bakı Konqresinin diqqətçəkən nəticələrindən biri elmi proqramın genişliyi idi. Tədbirdə 95 ölkədən 3600 elmi məqalə təqdim olunmuşdu. Azərbaycan 214 məqalə ilə iştirak etmiş və bu göstəriciyə görə ABŞ, İtaliya, Hindistan və Çindən sonra beşinci yerdə qərarlaşmışdı. Bu fakt ölkəmizdə kosmik elmlər, texnologiyalar və innovasiyalar istiqamətində elmi potensialın formalaşdığını göstərən mühüm göstəricilərdən biri idi.
Konqresin mühüm istiqamətlərindən biri də gənclərin kosmik sənayeyə cəlb olunması idi. Bakı tədbirində iştirakçıların təxminən yarısının 35 yaşadək gənclərdən ibarət olması diqqət çəkirdi. Bundan başqa, astronavtların tələbə və məktəblilərlə görüşləri, STEM istiqamətində tədbirlər, universitetlərdə müzakirələr və müxtəlif maarifləndirici proqramlar kosmik elmin yalnız mütəxəssislər üçün deyil, gənc nəslin gələcək peşə seçimi baxımından da əhəmiyyətini ön plana çıxardı.
Bu baxımdan Bakı Konqresinin daha bir mühüm tərəfi kosmik texnologiyaların cəmiyyətin müxtəlif sahələrinə təsirinin müzakirəsi idi. Müasir dövrdə peyk texnologiyaları yalnız kosmik tədqiqatlarla məhdudlaşmır. Rabitə, televiziya yayımı, kənd təsərrüfatı, naviqasiya, fövqəladə halların idarə olunması, ətraf mühitin monitorinqi və rəqəmsal xidmətlərdə peyk imkanlarından geniş istifadə olunur. Azərbaycanın Azerspace-1, Azerspace-2 telekommunikasiya peykləri və Azersky yerüstü müşahidə peyki ilə formalaşdırdığı kosmik infrastruktur da bu prosesin mühüm hissəsidir. Ölkə başçısının konqresin açılışında qeyd etdiyi kimi, ölkə qlobal kosmik sənayeyə qoşulduqdan sonra telekommunikasiya və Yer müşahidəsi sahələrində öz peyk imkanlarını inkişaf etdirib.
Digər mühüm nəticəsi Azərbaycanın beynəlxalq kosmik əməkdaşlıq imkanlarının genişlənməsi oldu. 132 ölkənin nümayəndələrinin iştirakı ölkəmizin kosmik sahədə müxtəlif dövlətlər və şirkətlərlə əlaqələr qurması üçün geniş imkan yaratdı. Tədbir çərçivəsində keçirilən texniki sessiyalar, işgüzar görüşlər, panel müzakirələri və sərgi təqdimatları yeni texnologiyaların öyrənilməsi və potensial tərəfdaşlıqların müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyırdı.
Konqres Azərbaycanın beynəlxalq imicinə də təsirsiz ötüşmədi. Dünyanın aparıcı kosmik qurumlarının, şirkətlərinin, alim və mütəxəssislərinin Bakıda toplaşması Azərbaycan paytaxtının böyük beynəlxalq tədbirləri qəbul etmək imkanlarını nümayiş etdirdi. Eyni zamanda, xarici qonaqların Bakı ilə yanaşı ölkənin tarixi və mədəni irsi ilə tanış olması Azərbaycanın turizm potensialının təqdimatı üçün də əlavə imkan yaratdı.
Beləliklə, 74-cü Beynəlxalq Astronavtika Konqresini Azərbaycanın kosmik sənaye tarixində müəyyən bir mərhələnin yekunu və yeni mərhələnin başlanğıcı kimi də qiymətləndirmək mümkündür. Ölkəmiz üçün əsas məsələ belə mötəbər tədbirin keçirilməsi ilə kifayətlənməmək, burada yaradılmış beynəlxalq əlaqələri uzunmüddətli əməkdaşlıqlara çevirməkdir. Kosmik sənayenin inkişafı böyük maliyyə resursları ilə yanaşı, elmi kadrların hazırlanmasını, innovasiya ekosisteminin genişləndirilməsini, universitet–elm–biznes əlaqələrinin gücləndirilməsini və beynəlxalq texnoloji əməkdaşlığın davamlı olmasını tələb edir.
Bakı Konqresi bu istiqamətdə mühüm təcrübə və əlaqələr bazası formalaşdırdı. Azərbaycan üçün bundan sonrakı mərhələdə həmin imkanların yeni layihələrə, birgə tədqiqatlara, texnoloji əməkdaşlıqlara və kommersiya təşəbbüslərinə çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Möhtəşəm mərasim sadəcə beşgünlük beynəlxalq tədbir olmadı. Bu, Azərbaycanın kosmik sənayedə əldə etdiyi nəticələrin təqdim edildiyi, ölkənin beynəlxalq kosmik əməkdaşlıq imkanlarının genişləndirildiyi və yeni nəsil mütəxəssislərin bu sahəyə marağının artırıldığı mühüm platformaya çevrildi.
Yarım əsrdən sonra kosmik ictimaiyyətin yenidən Bakıda toplanması isə Azərbaycanın kosmik tarixində xüsusi səhifə açdı və ölkənin gələcəkdə bu sahədə daha böyük layihələrə qoşulması üçün yeni perspektivlər yaratdı.
Mustafa KAMAL
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 02 Oktyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















