Icma.az
close
up
RU
Fatehlərin qürur tablosu Kahramanmaraşdakı

Fatehlərin qürur tablosu Kahramanmaraşdakı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan” məhəlləsi çağdaş Türk qardaşlığı əfsanəsidir

Hər gələn gün Türkiyə–Azərbaycan qardaşlığından yeni və xoş soraqlar gətirir. Dünyada tayı-bərabəri olmayan iki xalq arasında ən ali münasibətlərin əyani sübutlarının sayı yüzü, mini çoxdan keçib. Bu tarixi günləri müjdələyənlərin kimliyinə diqqət yetirsək, görərik ki, təəccüblü heç nə baş vermir. Onlar bugünün reallığını 30 il bundan əvvəl görürdülər. Ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin sonlarında dediyi “Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Heç bir qüvvə, kimsə, heç bir ölkə Türkiyə–Azərbaycan dostluğuna mane ola bilməz. Bizim dostluğumuz sarsılmazdır, əbədidir və əbədi olaraq qalacaqdır” sözlərinin öz təsdiqini əyani tabloda tapmasına şahidlik etməyin özü tarixi şans, tale qismətidir.

2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş verən güclü zəlzələ nəticəsində on minlərlə insanın həlak olması və xəsarət alması Azərbaycan xalqını dərindən sarsıtdı. Təbii fəlakətin ilk dəqiqələrində Prezident İlham Əliyev türkiyəli həmkarı və dostu Rəcəb Tayyib Ərdoğana zəng edərək ölkəmizin qardaş dərdinə şərik çıxdığını, dövlətimizin və xalqımızın belə acı gündə onun yanında olduğunu bildirdi.

“Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə”. Fevralın 8-də Türkiyənin Bakıdakı səfirliyini ziyarət edərək zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verən Prezident İlham Əliyevin xatirə kitabına yazdığı bu sözlər qardaş elin çətin günündə hər bir azərbaycanlının hisslərini ifadə edirdi. O çətin günlərdə Azərbaycan xalqı doğma qardaşlarına dəstək olmaq üçün yardımtoplama mərkəzlərinə gecə-gündüz demədən üz tutdu, yardımların göndərilməsi fasiləsiz davam etdirildi.

***

Sevinc paylaşılanda böyüyür, dərd bölüşüləndə azalır – deyib müdriklərimiz. Biz bir-birimizin sevincinə sevinməyi, dərdinə şərik olmağı bacaran xalqıq. Xalq sözünü ona görə tək halda yazdıq ki, Anadolu türkcəsində bir ananın dünyaya gətirdiyi və o çağlar işlədilən qarındaş ifadəsindən yaranmış indinin qardaş kəlməsi eyni qanın, eyni soyun daşıyıcısı olduğumuza dəlalət edir. Bəli, qardaşlar sevinclərini də, kədərlərini də iç-içə, göz-gözə yaşayarlar. “Çətin günün ömrü az olar”. Bu kəlam da babalarımızdan bizə miras qalıb. Qardaş dəstəyini çiynində hiss edən Türkiyə bu yükün altından Azərbaycanla birgə çıxdı, acısını unutmadan qəddini dikəltdi, yaralarını tez sarıdı.

Kahramanmaraş vilayətində açılışı edilən “Azərbaycan” yaşayış məhəlləsi məhz çiyin-çiyinə verərək çətinliyin öhdəsindən birlikdə gəlməyi bacaran qardaşlığın əyani isbatı, tarixi təzahürüdür. Bunu məhəllənin açılış mərasimindəki çıxışlarında Türkiyə və Azərbaycan liderləri birmənalı şəkildə vurğuladılar.

“Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur” – deyən Türkiyə lideri o çətin dövrdə köməyə ilk gələnlərdən biri Can Azərbaycan olduğunu qürurla bildirdi: “Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var”.

“Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə–Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya çapında önəmli faktordur”. Bu fikirləri Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında səsləndirib. “Dörd il bundan əvvəl hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırdı. Şuşa Bəyannaməsi bizim münasibətlərimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı. Biz dostuq, qardaşıq, müttəfiqik, həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə Türkiyə və Azərbaycan iki qardaş ölkə bir birinin yanında inamla və uğurla irəliləyir” – dövlətimizin başçısı qeyd edib.

Türk dünyasının iki böyük liderinin əl-ələ verib çiyin-çiyinə dayandığı möhtəşəm mənzərəni fatehlərin qürur tablosu kimi xarakterizə edə bilərik.

ARAYIŞ: Ümumi sahəsi 32 hektar olan, məktəb və uşaq bağçası, Heydər Əliyev adına ibtidai məktəb və mədəniyyət mərkəzinin salındığı məhəllədə 71 yaşayış binası inşa olunub. Eyni zamanda, burada məskunlaşacaq sakinlərin işlə təmin olunması məqsədilə 799 ticarət obyekti istifadəyə verilib. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan hökuməti tərəfindən icra olunub.

***

Tarix şahidlik edir ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri XX əsrin əvvəllərindən etibarən yüksələn xətlə inkişaf etməyə başlayıb. İki ölkənin və xalqın ortaq tarixi, mədəniyyət və dil bağları münasibətləri daha da möhkəmləndirib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Osmanlı İmperiyasının varisi olan Türkiyə müstəqil dövlətimizi ilk dəstəkləyənlərdən, diplomatik əlaqələr yaradanlardan olub. Doğrudur, SSRİ dövründə iki ölkə arasında əlaqələr əsasən qeyri-rəsmi xarakter daşıyırdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə münasibətlər yaxın və intensiv təmaslarla əvəz olunmağa başladı. Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadi sahədə dərin əməkdaşlıq quruldu, Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək verdi. Qardaş Türkiyə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini, xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş etdirdi. Məhz həmin dövrdən etibarən iki ölkə arasında münasibətlər tərəfdaşlıqdan qardaşlıq səviyyəsinə ucalmağa başladı. Bu doğma təmaslar iki qardaşın ətrafında digər türkdilli ölkələrin də cəmləşməsinə təkan vermiş oldu. Bu gün Türk dünyası özündə 7 dövləti və bir neçə ərazini birləşdirir. Bu dövlətlər dil, mədəniyyət və tarix baxımından bir-biri ilə sıx əlaqəlidir. Türkiyə və Azərbaycan Türk dünyasında liderlik edən əsas ölkələrdir. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (sonradan Türk Dövlətləri Təşkilatına çevrilib) türk dövlətləri arasında əməkdaşlığın inkişafına və birliyin möhkəmlənməsinə xidmət edir.

Vahid Türk coğrafiyasına – Turana gedən yolda əzm və fədakarlıq nümunələri göstərən Bakı Ankara ilə birlikdə bu gün TDT-nin lokomotivinə çevrilib. Bu məqamda Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində dediyi sözləri yada düşür: “Bizim üçün əsas beynəlxalq əməkdaşlıq prioriteti Türk Dövlətləri Təşkilatıdır, çünki bu təşkilat Azərbaycanın mədəni və tarixi baxımdan aid olduğu ailəni – Türk dünyasını təmsil edir. Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq. İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

***

Bu gün Türk ailəsinin ağsaqqalı saydığımız Türkiyənin hər tərəfində xüsusi ab-hava var. Axı, Kahramanmaraşda salınan “Azərbaycan” məhəlləsi, sadəcə, yaşayış məkanı deyil, eyni zamanda, Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz dostluğunun və ağır gündə bir-birinə dayaq olmanın əyani sübutudur. Bu layihə bir daha göstərdi ki, Azərbaycan və Türkiyə təkcə dost və müttəfiq deyil, həm də eyni ruhu, eyni taleyi bölüşən “Bir millət, iki dövlət” anlayışına sahib çıxan ölkələrdir. Böyük öndərlər – Mustafa Kamal Atatürkün “Azərbacanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezisləri bu gün qardaşlığa bələdçilik edir. Bəli, Azərbaycan–Türkiyə qardaşlığı dünyaya nümunədir.

Yazımızı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanla bağlı paylaşımı ilə bitiririk: “Biz eyni bayrağın kölgəsində dua edən, eyni istiqlal üçün can verən bir millətin iki dövləti, tək ürək daşıyan övladlarıyıq. Ayrılarmı könül candan, Türkiyə Azərbaycandan?”.

Bəli, biz daha “Ayrılıq” mahnısına kövrəlmirik. Bu gün biz hilallı-ulduzlu qoşa bayraqlarımızdan cuşa gələn, çırpınan Qara dənizə baxıb, kahramanmaraşlıların İlham Əliyevə ünvanladıqları “Qarabağın fatehi!” nidasını eşidib qürurla sayğı duruşu alan millətik!

P.S. Kahramanmaraş vilayətinin rəsmilərinə şəhərdəki “Xocalı Milli Bağ Parkı”nda “Dəmir yumruq” abidəsinin qoyulması ilə bağlı təklif təqdim olunub. Özündə Xalq–Ordu–Lider vəhdətini ehtiva edən “yumruğ”un Azərbaycanın Kahramanmaraşdakı cəsarət və qətiyyət möhürü kimi daim anılacağı şübhəsizdir.

İmran BƏDİRXANLI
XQ

Azərbaycanın Kahramanmaraşda inşa etdiyi binalardan birindəki bu gözəl çarpayıda 2 il 3 ay 2 həftəlik Elvin mışıl-mışıl uyuyacaq. Bunu misal olaraq deyirik. Müdhiş zəlzələnin baş verdiyi gün bir oğlan uşağı dünyaya gəldi. Adını körpəni və anasını real ölümdən xilas edən azərbaycanlı həkimin şərəfinə Elvin qoydular. Elvin İsazadə sonralar həmin hadisəni belə xatırlayacaq: “Dörd günlük yuxusuzluq, yorğunluq və stresdən sonra keçirdiyim hissləri izah edə bilmirəm. Zəlzələ bölgəsində dünyaya gələn körpəyə ata-anası mənim adımı verdi. Allah körpə balamıza gözəl həyat nəsib eləsin”. Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində böyüyəcək bütün Elvinlər qardaşlığın rəmzinə, qürur mənbəyinə çevriləcək. Dünya nə belə qardaşlıq tanıyır, nə də qürur bilir...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri