“Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi uğurla yekunlaşıb FOTO
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən icra olunan “Hibrid təhdidlərə qarşı mübarizədə transmilli internet korporasiyaları ilə iş” layihəsi uğurla başa çatıb.
Bizim.Media xəbər verir ki, layihədə transmilli internet korporasiyalarının (TİK) hibrid təhdidlər kontekstində rolu araşdırılıb, Google, Meta, Microsoft, Amazon, Cloudflare, TikTok və digər qlobal internet korporasiyalarının informasiya təhlükəsizliyi, məxfilik və tələblərə uyğunluq sahələrində tətbiq etdiyi beynəlxalq standartlar təhlil olunub. Araşdırmada, həmçinin bu təcrübələrin milli şəraitə tətbiqi imkanları, Azərbaycan üçün hibrid təhdidlərə qarşı mübarizə kontekstində strateji nəticələr qiymətləndirilib.
Layihə çərçivəsində Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Qərbi Kaspi Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyasında ardıcıl maarifləndirici seminarlar keçirilib. Tədbirlərdə universitetlərin professor, müəllim heyəti və tələbələri fəal iştirak ediblər.
Tədbirlərin məqsədi gənclər arasında kibertəhlükəsizlik savadlılığını artırmaq, hibrid təhdidlərə qarşı mübarizədə dövlət, özəl və akademik sektorlararası əməkdaşlığı möhkəmləndirmək, eləcə də transmilli internet platformaları ilə qarşılıqlı iş mexanizmlərini təkmilləşdirmək olub.
Seminarlar zamanı informasiya məkanında hibrid təhdidlərin yaratdığı risklər, onların qarşısının alınmasında hüquqi və praktiki yanaşmalar, transmilli internet korporasiyaları ilə əməkdaşlıq, təhlükəsizlik standartları, texniki tələblər və kibergigiyena qaydaları geniş şəkildə izah edilib.
Layihə rəhbəri Təbriz Cəfərov tərəfindən mövzu üzrə hüquqi-praktik nüanslar təqdim edilib.
29 noyabr tarixində layihənin yekun tədbiri keçirilib. Tədbirdə AKTA üzvləri və ekspertləri, dövlət
qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. AKTA-nın icraçı direktoru Rauf Cabarov qonaqları salamlayaraq, hibrid təhdidlərin müasir dövrdə dövlətlərin və təşkilatların təhlükəsizliyinə ən ciddi risklərdən biri kimi çıxış etdiyini qeyd edib. O bildirib ki, bu təhdidlər informasiya manipulyasiyası, kiberhücumlar, sosial mühəndislik və iqtisadi təsir vasitələri kimi çoxşaxəli üsullarla həyata keçirilir. Onların əsas təhlükəsi rəqəmsal və fiziki mühitdə eyni vaxtda təsir göstərərək cəmiyyətdə çaşqınlıq və idarəetmədə çətinlik yaratmaqdır.
Bu səbəbdən dövlət qurumları, biznes sektoru və transmilli internet platformaları arasında koordinasiyalı əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Hibrid təhdidlərə qarşı dayanıqlığın artırılması üçün maarifləndirmə, innovativ texnologiyaların tətbiqi və davamlı monitorinq vacibdir.
Layihə rəhbəri Təbriz Cəfərov tərəfindən layihə üzrə iki araşdırmanın (“Transmilli internet korporasiyalarının məlumat təhlükəsizliyi və tətbiqi standartları” və “Dövlətlərin hibrid təhdidlərə qarşı transmilli internet korporasiyaları ilə iş təcrübəsi”) nəticələri təqdim edilib. Bu tədqiqatlar qlobal internet platformalarının təhlükəsizlik yanaşmalarını və müxtəlif ölkələrin hibrid təhdidlər fonunda həyata keçirdiyi əməkdaşlıq modellərini sistemli şəkildə təhlil edir. Araşdırmada TİK-lərin istifadəçi statistikası, fəaliyyət göstərdikləri ölkələr, xidmət sahələri haqqında məlumatlar, maliyyə göstəriciləri, inkişaf templəri müqayisə edilib, güclü və zəif tərəfləri qiymətləndirilib. Eyni zamanda onların istifadəçilərlə qarşılıqlı əlaqəsini, həmçinin etik və hüquqi uyğunluğu tənzimləyən İcma Standartlarının (Community Standards) əsas aspektləri müqayisə edilib. Nəticədə ölkəmizin hibrid təhdidlərə qarşı dayanıqlığının gücləndirilməsi üçün yanaşma təklif olunub. TİK ilə əməkdaşlıq kontekstində standartlaşdırma baxımından ölkə üçün tövsiyələr hazırlanıb.
Daha sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsi Elvin Balacanov tədbirdə çıxış edərək vurğulayıb ki, dövlət səviyyəsində qəbul olunan strategiya və normativ sənədlər vasitəsilə informasiya təhlükəsizliyi tələbləri daha da sərtləşdirilir. Eyni zamanda, kiberhücumların erkən aşkarlanması üçün qabaqcıl texnologiyaların tətbiqi və beynəlxalq tərəfdaşlarla informasiya mübadiləsi həyata keçirilir. DTX həm dövlət qurumlarında, həm də özəl sektorda təhlükəsizlik standartlarının yüksəldilməsi məqsədilə mütəmadi maarifləndirmə və təlim proqramları təşkil edir. Bu tədbirlər ölkənin hibrid təhdidlərə qarşı dayanıqlığını artırmağa yönəlib.
Görüşdə iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəis müavini Ayaz Abışov qeyd edib ki, hibrid təhdidlər mövzusu üzrə universitetlər və orta məktəblər üçün müasir, praktik yönümlü dərs vəsaitlərinin hazırlanması prioritet istiqamətlərdəndir. Bu vəsaitlər şagird və tələbələrə informasiya manipulyasiyası, kiberhücumlar və sosial mühəndislik kimi riskləri vaxtında tanımağı öyrətməyi hədəfləyir. Təhsil müəssisələrində bu materialların tətbiqi gənclərin rəqəmsal savadlılığını artıraraq, onları hibrid təhdidlərə qarşı daha dayanıqlı edir. Bu istiqamətdə ETN-in universitetlərlə və ekspert qurumlarla əməkdaşlıq etdiyi də xüsusi qeyd oluna bilər.
Görüş zamanı layihənin nəticələri, seminarların təsirləri, gənclərin prosesə cəlb olunması və ümumi olaraq kibertəhlükəsizlik ekosisteminə verilən töhfələr müzakirə olunub. Eyni zamanda layihənin gələcək inkişaf imkanları və yeni əməkdaşlıq perspektivləri qiymətləndirilib.
Layihə çərçivəsində yüzlərlə gənc hibrid təhdidlər, informasiya təhlükəsizliyi, kibergigiyena, transmilli internet korporasiyalarının təhlükəsizlik standartları və tələbləri üzrə əhatəli biliklər əldə edib.
Layihə çərçivəsində aparılan araşdırmalar üzrə hazırlanmış hesabat sənədləri ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: //bit.ly/3XJJVSr





Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 09 Dekabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















