Özbəkistanda da yoxsulluq arxada qalır
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Hökumətin fəal sosial siyasəti məşğulluğu artırır, rifahı yüksəldir
Son illər Özbəkistanın iqtisadiyyatında pozitiv meyillər güclənib. Ölkədə büdcə gəlirləri artdıqca, əhalinin sosial problemlərinin həlli üçün yeni imkanlar açılır. İllər öncə ailələrinə çörəkpulu qazanmaq naminə ev-eşiklərini tərk edərək yaxın-uzaq yad ölkələrə üz tutmuş özbək əmək miqrantlarının bir qismi artıq geri dönür. Bu tendensiya aybaay, günbəgün sürətlənir.
Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması naziri Batır Zahidov bugünlərdə parlamentin plenar iclasında çıxışı zamanı bildirib ki, son 1 ildə ölkəyə qayıdan 661 min vətəndaşdan 557 min nəfər artıq işlə təmin olunub. Daha 70 min keçmiş miqranta isə onların istək və bacarıqları nəzərə alınmaqla tezliklə uyğun iş təklifləri ediləcək.
Nazir məlumat verib ki, bu ilin ilk 4 ayı ərzində ölkədə 275 min ailə yoxsulluq səviyyəsindən daha çox gəlir əldə edib. 2026-cı ilin birinci yarısında qeyri-formal əmək fəaliyyəti ilə məşğul olan 615 min şəxsin bu sahədə leqal statusu təmin edilib. Batır Zahidovun sözlərinə görə, son 1 ildə 294 min aztəminatlı ailəyə 376 min somluq (milli valyuta belə adlanır) xidmət göstərilib.
Bu, təxminən, 1 milyon 300 min sakinin həyat səviyyəsinin yaxşılaşdırılması deməkdir. Nazirin açıqlamasına görə, belə ailələrin üzvlərindən 105 min nəfər daimi işlə təmin olunub, 259 min nəfər isə kiçik sahibkarlıq fəaliyyətinə başlayıb, daha 12 min nəfər peşə təlimi kurslarını başa vurub.
Ehtiyacı olan ailələrin sahibkarlıq təşəbbüslərini dəstəkləmək məqsədilə 2 trilyon som kredit, eləcə də 265 milyard som subsidiya ayrılıb. Beləliklə, Özbəkistanın qonşu ölkələrlə sərhədlərində və anklav ərazilərdə yerləşən 563 məhəllədə yaşayan 84 min nəfərin gəlirlərinin artırılması sayəsində onların yoxsulluq siyahısından çıxarılması mümkün olub.
Başqa bir maraqlı fakt isə odur ki, qardaş ölkənin Məşğulluq və yoxsulluğun azaldılması ilə Rəqəmsal texnologiyalar nazirliklərinin birgə əməkdaşlığı sayəsində aztəminatlı ailələrdən olan 49 min uşağın müasir informasiya texnologiyalarını uğurla öyrənmələri üçün şərait yaradılıb. Bundan başqa, on minlərlə uşaq və yeniyetmələr ingilis dili, elektron ticarət, qrafik dizaynı üzrə ödənişsiz distant kurslarda təhsil alıblar.
Rəsmi məlumatlara əsasən, 1 iyul tarixinə olan vəziyyətə görə, Özbəkistanda məşğul əhalinin sayı 11,6 milyon nəfərə çatıb ki, bu da ilin əvvəlində qeydə alınan göstəricidən 657 min nəfər çoxdur. Ölkədə əmək ehtiyatlarının 76 faizi, yəni 16 milyon nəfər iqtisadi fəal əhali hesab olunur. İlin birinci yarısında problemin həllinə əsaslı yanaşma sayəsində 469 min nəfər daimi işlə təmin olunub, bütövlükdə, 2,7 milyon nəfərin gəlirləri artıb.
Hesabat dövründə məhəllələrdə (yerli ənənəvi idarəetmə orqanları) 103 min mikrolayihəyə start verilib və bu layihələr 246 min nəfərin əsas və əlavə gəlir mənbəyinə çevrilib. Aşağı gəlirli ailələr kateqoriyasına daxil olan 30 min insanın 22 min nəfəri sözügedən layihələrdə kiçik sahibkar və ya muzdlu işçi qismində iştirak edib. İlin sonuna qədər bu istiqamətdə daha 60 min mikrolayihənin həyata keçirilməsi nəzərdə tutulur.
Bəli, reallıq budur ki, Özbəkistanda özəl sahibkarlığın inkişafı üçün “yaşıl işıq” yandırılıb. Gəlin, aşağıdakı fakta da diqqət yetirək. Bu ilin birinci yarısında kiçik və orta sahibkarlıq subyektlərinə 76 trilyon som həcmində kredit ayrılıb ki, bunun da 19 trilyon somu sahibkarlığa dəstək proqramları çərçivəsində təqdim olunub.
İnfrastrukturun yaxşılaşdırılması da prioritet vəzifələrə daxildir. Bu il 1245 məhəllədə və 70 rayonda infrastrukturun yaxşılaşdırılması məqsədilə dövlət büdcəsindən 9 trilyon som vəsait ayrılıb. Bu vəsaitlər 3 min 200 obyektdə tikinti işlərinin aparılması üçün istifadə olunur. Bundan əlavə, 2 min 653 fərdi təsərrüfatda günəş panelləri quraşdırılıb, daha 1727 ev isə “yaşıl standartlar”a uyğun olaraq enerji ilə təmin edilib.
Batır Zahidov məhəllə hakimləri (başçılar) köməkçilərinin fəaliyyətinə də toxunub. Qeyd edib ki, bu ilin fevralından may ayınadək nazirlik və digər müvafiq qurumların yüksək vəzifəli şəxsləri işçi qrupların tərkibində bölgələrə səfər edərək hakim köməkçiləri üçün təlimlər təşkil ediblər.
Ümumilikdə, 8 min 785 hakim köməkçisi həmin təlimlərdə iştirak edib. Bundan başqa, daha 209 perspektivli gənc kadr və mütəxəssis peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə Yaponiya, Türkiyə, Çin və Rusiya və s. ölkələrə göndərilib. Qeyd etmək lazımdır ki, hazırda yerli idarəetmə kadrlarının hazırlanmasında kəmiyyətdən daha çox işin keyfiyyətinə əsaslanan yeni qiymətləndirmə sistemi tətbiq edilir.
Rəsmilər 2026-cı ilin sonunadək daha 583 min nəfərin daimi məşğulluğunu təmin etməyi, 2 milyon sakinin gəlirlərini artırmağı və qeyri-formal əmək fəaliyyəti ilə məşğul olan 661 min nəfəri isə leqal iqtisadiyyata cəlb etməyi planlaşdırırlar. Həmçinin ölkədə müəyyən obyektiv səbəblər üzündən əlverişsiz hesab olunan sosial-iqtisadi şəraitdə fəaliyyət göstərən 37 rayon və 915 məhəllədə yoxsulluq səviyyəsini azı iki dəfə azaltmaq hədəfi müəyyən edilib.
Batır Zahidov parlamentdə çıxışının sonunda bildirib ki, bu ilin birinci yarısında ölkədə yoxsulluq və işsizlik səviyyəsi 4,5 faizə enib. Təxminən 1,4 milyon Özbəkistan vətəndaşı 40-a yaxın ölkədə çalışır və onların 60 faizi Rusiyadadır. Eyni zamanda, əmək miqrasiyası coğrafiyasında MDB ölkələrinin payı azaldığı halda, Avropa və Şərqi Asiya istiqamətlərinin payı artıb. Hökumət özbək miqrantların ölkəyə geri dönmələri üçün bundan sonra da əlindən gələni etmək əzmindədir.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun professoru, siyasi şərhçi
Qədim tarixə malik olan müstəqil Özbəkistan Respublikası Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı üzvlərindəndir. Əlamətdar haldır ki, son 10 il Prezident Şavkat Mirziyoyevin liderliyi ilə Özbəkistan üçün iqtisadi və sosial keçid dövrü kimi xarakterizə olunur.
Ölkə daha qapalı və dövlətin üstünlük təşkil etdiyi iqtisadi modeldən bazar iqtisadiyyatına, özəl sektorun və xarici investisiyaların daha böyük rol oynadığı sistemə doğru irəliləyib. İqtisadi artım yüksək olaraq qalıb, yoxsulluq əhəmiyyətli dərəcədə azalıb, sənaye və xidmət sektorları genişlənib, sosial və əmək hüquqları sahəsində dəyişikliklər aparılıb.
Dünya Bankının məlumatına görə, 2017–2025-ci illərdə Özbəkistanda ÜDM-in real artımı orta hesabla, təxminən, 6 faiz olub. 2025-ci ildə isə iqtisadi artım 7,7 faiz təşkil edib. Özbəkistan ənənəvi olaraq pambıq və kənd təsərrüfatı ilə tanınsa da, son illər ərzində iqtisadiyyatın şaxələndirilməsinə diqqət artırılıb. Sənaye, energetika, logistika, tikinti, xidmətlər və emal sektorlarına investisiyalar çoxalıb.
Son 10 ildə sosial siyasətin əsas istiqamətlərindən biri yoxsulluğun azaldılması olub. DB-nin məlumatına görə, milli yoxsulluq səviyyəsi son 5 ildə üç dəfə aşağı düşüb. Sosial müdafiə sisteminin genişləndirilməsi, aztəminatlı ailələrə yardım mexanizmlərinin təkmilləşdirilməsi, səhiyyə və təhsil sahələrinə investisiyaların artırılması da sosial inkişafın mühüm hissəsidir.
Özbəkistanın əhalisi sürətlə artır. 2016-cı ildə ölkə əhalisi, təxminən, 31,3 milyon nəfərdən 38 milyon nəfərə yüksəlib. Gənc və artan əhali ölkə üçün həm üstünlük, həm də müəyyən problemlər meydana çıxarır. Bir tərəfdən, böyük əmək resursları iqtisadi inkişaf üçün potensial yaradır, digər tərəfdən isə, kifayət qədər yeni və məhsuldar iş yerlərinin yaradılması mühüm məsələ olaraq qalır.
Özbəkistan hökuməti bu və digər problemləri uğurla həll etmək üçün davamlı işlər görür və uğurlu nəticələr əldə edir. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Özbəkistan Qarabağda işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində də fəal iştirak edir.
M.ABDULLAYEV
XQ
Baxış sayı:124
Bu xəbər 08 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















