Icma.az
close
up
RU
Rafael Hüseynovla Axşam görüşləri Qulu Məhərrəmli yazır

Rafael Hüseynovla Axşam görüşləri Qulu Məhərrəmli yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qulu MƏHƏRRƏMLİ
Professor

Azərbaycan milli radiosu şərəfli ömrünün 100-cü ilinə çatdı və uzun illərdən bəri davam edən ardıcıl araşdırmalarımdan müxtəlif dövrləriylə bu tarix də, bu tarixi yaradanlar da mənə yaxşı məlumdur. Həqiqətən iftixar edilməyə layiq olan bu şanlı efir keçmişimiz hər şeydən əvvəl milli mətbuat salnaməmizdə ayrı-ayrı məşhur qəzet və jurnallarla bir cərgədə həmişəlik qalan qiymətli verilişlər deməkdir.

Azərbaycan radiosunun, bütövlükdə ölkənin efir məkanının əlamətdar hadisəsi kimi xüsusi diqqətə layiq olan "Axşam görüşləri" verilişinin bu baxımdan yeri və əhəmiyyəti çox yüksəkdir. Bu verilişi müstəsnalaşdıran digər vacib cəhətsə bundan ibarətdir ki, artıq 51-ci ildir ki, hər bazar günü 1 saat həcmində efirə çıxan həmin verilişin bütün bu müddət ərzində müəllifi və aparıcısı bir nəfər olub. Bu, yalnız Azərbaycan radio-televiziya məkanı üçün deyil, bütövlükdə dünya efiri üçün də nadir hadisədir.

Əlbəttə, bizdə də, xarici ölkələrin radio və televiziyalarında da uzunömürlü verilişlər olub və var. Ancaq adətən o uzunömürlü verilişləri müxtəlif müəlliflər, yaxud müəlliflər dəstəsi hazırlayır və vaxtaşırı onlar dəyişirlər. Lakin "Axşam görüşləri" Rafael Hüseynovun dəyişməz müəllifliyi və aparıcılığı ilə yarım əsrdir ki, səslənir və artıq ömrünün ikinci yarım əsrini də başladı.

Hər evdə radioqəbuledicilərin olduğu 1960, 1970, 1980-ci illərdə indi televiziyanın, internet şəbəkəsinin ömrümüzü dolduraraq radionu nisbətən arxa sıraya çəkdiyi çağlara nisbətən bu "sehrli səslər qutusunun" daimi dinləyiciləri lap çox idi. Ancaq mənə bu da məlumdur ki, bütün Azərbaycan boyu "Axşam görüşləri"nin köhnə və sabit, həm də sadiq dinləyiciləri bu gün də bəs deyincədir və elə mən özüm onlardan biriyəm. Həm də bəlkə də mən o azlardanam ki, 1975-1976-cı illərdən, elə indiki mahnı müqəddiməsi ilə başlansa da, o vaxtlar "Axşamınız xeyir". İstirahət konserti kimi təqdim edildiyi çağlardan bu verilişi dinləyirəm, ən axırıncı qulaq asdığım buraxılışı da 2026-cı il yanvarın 4-də bazar gününə təsadüf edib. 

Bu baxımdan, ən stajlı "Axşam görüşləri" dinləyicilərindən biri kimi, həm də mətbaut tədqiqatçısı olaraq mənim Azərbaycan və tam cəsarətlə deyərdim ki, dünya efirinin bu unikal hadisəsi haqda söz demək səlahiyyətim və eləcə də müəyyən qədər borcum var.

Rafael Hüseynov bu verilişi hazırlamağa başlayanda Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin tələbəsi idi, indi isə akademikdir və bir sıra yüksək vəzifələr tutur. Ancaq buna baxmayaraq, 50, 40, 30 il əvvəlki həvəs və enerji ilə, həm də vaxt ötdükcə artan yüksək peşəkarlıqla "Axşam görüşləri"ni davam etdirməkdədir. Bu qibtəediləsi uzunömürlülük və sədaqət həm dərin ehtiram duyğusu oyadır.

Rafael Hüseynovun o vaxtlar Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxumasını ona görə ayrıca vurğulayıram ki, həmin dövrdə mən özüm də tələbə idim və Universitetin jurnalistika fakültəsində dərs alırdım. O vaxtlar Universitet tək idi, digər ali məktəblərimniz "institut" adlanırdı və baş təhsil ocağımız indi qərar tutduğu yeni binaya köçərək fəaliyyət göstərirdi. Yalnız Şərqşünaslıq, jurnalistika və hüquq fakültələri hələ ovaxtkı Kommunist, indiki İstiqlaliyyət küçəsində qalmaqda idi. Gələcəyin jurnalistləri və şərqşünasları hər gün eyni dəhlizlərdən keçirdik, eyni auditoriyalarda mühazirələr dinləyirdik, təbii ki, əksərimiz həm bir-birimizi tanıyırdıq, qarşlıqlı olaraq bir-birimizin ilk uğurlarından xəbərdar idik.

Rafael Hüseynov artıq 1974-cü ildən dövri mətbuatda ardıcıl çıxış etməklə yanaşı, o çağlar yeganə olan Azərbaycan radiosunda verilişlər hazırlamağa və televiziyanın "Gənclik" redaksiyası xətti ilə də "Yaşıdlarımız", "Biz romantiklərik", "Yeddinci qitə", ardınca isə "Necəsən, gənc dost" verilişlərinə aparıcılıq etməyə başalmışdı. 1975-ci ildən isə o, "Axşamınız xeyir"i artıq hər həftə hazırlamağa başladı və tezliklə həmin proqramın adını da mahnı başlığına uyğun olaraq dəyişərək "Axşam görüşləri" etdi. Ancaq dəyişən yalnız ad yox, həm də məzmun, istiqamət, konsepsiya idi. "Axşam görüşləri" sadəcə istirahət konserti olmaq çərçivəsindən çıxaraq mədəniyyətimizi tədqiq və təbliğ edən sanballı bir verilişə çevrildi.

Rafael Hüseynovun elə həmin 1970-ci illərin ortalarından - tələbəlik dövründən etibarən hansı şövq və əhatəliliklə çalışmasının, "Axşam görüşləri"nin hər buraxılışını hansı ciddi axtarışların bəhrəsi olaraq ortaya çıxarmasına bir şahidliyimi də yada salmaq istəyirəm.

Jurnalistika fakültəsinin tələbələri olaraq təbii ki, biz də, həm radio-televiziya ilə əməkdaşlıq edir, həm də qəzetlərə məqalələr yazırdıq. Ancaq tez-tez indi də təbəssümlə xatırladığımız bir mənzərə ilə qarşılaşırdıq. Hansısa görkəmli mədəniyyət xadimi, müğənni, ifaçı ilə görüşüb müsahibə alanda, onlardan fotolar, sənədlər istəyəndə deyirdilər ki, sənəd nə gəzir, sizdən əvvəl Rafael gəlmişdi, hamısını yığıb apardı.

O vaxtdan onillər keçib, Rafael Hüseynov əksəri artıq çoxdan həyatda olmayan həmin köhnə müsahiblərini indi də unutmur, onlar haqqında yenə verilişlər hazırlayır, dəyərli yazılar qələmə alır və araşdırma məqalələrinin, verilişlərinin hər birində bir zaman topladığı o sənədlər, fotolar görünür. Demək, zamanında çox düzgün, uzaqgörən hərəkət edibmiş, bu sənədləri yığaraq mədəniyyət tariximiz üçün hifz edirmiş. Çünki buna da şahidəm ki, o qəbil şəxsi arxivlərin çoxu elə həmin arxiv sahiblərinin yetərincə diqqətli olmamaları üzündən arxada qalan illərdə itib-batıb - nə o sənətkarlar zamanında sənədlərini, əlyazmalarını dövlət arxivlərinə təqdim edib, nə də onların gedişindən sonra ailələri bu irsə lazımınca həssaslıqla yanaşıb.

Rafael Hüseynovsa bütün bu irsə milli sərvət kimi yanaşaraq onları qoruyub, yaşadıb, bütün başqa fəaliyyətləri öz yerində, elə "Axşam görüşləri"nin yarım əsrlik yolu boyunca hazırladığı 2500-dən artıq verilişlə misilsiz bir səs xəzinəsi yaradıb.

"Axşam görüşləri"ndəki 50 ili müddətində Rafael Hüseynovun efir mədəniyyətimizə gətirdiyi bir sıra mühüm yeniliklər və hər biri də öz vaxtına görə vacib irəliləyişlər olan məsələlər haqqında fikir bölüşməyin yeri var.

"Axşam görüşləri"nin sistemli şəkildə səslənməyə və tərdicən sabit dinləyici auditoriyası qazanmağa başladığı 1970-ci illərin ikinci yarısı da, 1980-ci illər də mətbuatımızda senzuranın tətbiq edildiyi dövr idi.  Həm də elə o illərdən mətbuatın içərisində olan şəxs kimi mənə də, həmin dövr kütləvi informasiya vasitələrinin işindən məlumatlı olanlara da yaxşı bəllidir ki, redaktor nəzarəti çap mətbuatına nisbətən radio-televiziyada həmişə daha sərt idi. Bəzən elə olurdu ki, qəzetdə-jurnalda hansısa fikri, hətta ifadəni işlədə bilsən və buna senzorlar qulp qoymasa da, radio və televiziyada eyni şeyləri tərəddüdsüz qayçılayırdılar. Ona görə də adətən radio və televiziya verilişləri müəllifləri də hər cür senzor və redaktorlardan əvvəl elə özləri də özlərinin mühafizəkar redaktorlarına dönürdülər. O dövrdə bir ənənə idi ki, radioda ya televiziyada çıxış edənlər mətni kağızdan oxuyardılar və həmin mətnlərin hamısı irəlicədən rəsmən təsdiqlənərdi. Odur ki, üzündən oxunan mətnlərdəki sünilik radioda da, televiziyada da dərhal hiss olunardı. Rafael Hüseynovun "Axşam görüşləri"nə və radio məkanına gətirdiyi və ardıcıl davam etdirdiyi ilk uğurlu işlərdən biri müsahibə mədəniyyəti oldu. O, studiyaya dəvət etdiyi, ya ağır reportyoru çiyninə alaraq ünvan-ünvan dolaşaraq mənzillərində görüşərək müsahibələrini yazdığı sənətkarların və tarixi şəxsiyyətlərin elə səmimi həmsöhbətinə çevrilirdi ki, onlar ürəklərini açırdılar, başqa vaxt səhnədən, mikrofon ya kamera qarşısından söyləmədiklərini dilə gətirirdilər.

Rafael formatı dəyişmişdi - mətni üzdən oxutdurmaq əvəzinə müsahibəni alandan sonra artıq senzordan keçirilməli, redaktorların imzalayıb təsdiq etməli olduğu mətni hazırlayırdı. Ona görə də çox zaman efirə gedən mətnlə kağızda təsdiqlənmiş mətn arasında ciddi fərqlər olurdu. Bu isə aşkarlanarkən hər dəfə narazılıqlar da doğururdu və Rafael Hüseynovun 1970-ci illərdə, yolunun əvvəlində dəfələrlə buna görə başının ağrımasından da xəbərimiz vardı.

"Axşam görüşləri"nə dəvət edilən qonaqlarla söhbətlərin necə aparılmasından da mühüm olan cəhət Rafael Hüseynovun kimləri seçməsi idi.

Rafael Hüseynovun üz tutduğu qonaqlar həmişə diqqətəlayiq olub və hər apardığı müsahibənin, lentin yaddaşında əbədiləşən hər söhbətin mədəniyyət, mənəviyyat tariximiz üçün çəkisi və mənası çox yüksəkdir. Rəsul Rza, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Cövdət Hacıyev, Rəşid Behbudov, Arif Məlikov, Şəmsi Bədəlbəyli, Qulam Məmmədli, Əkrəm Cəfər, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Bəhram Mansurov, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı Məmmədov, Vaqif Mustafazadə...

Bu adların hər biri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, irs yaratmış, silinməz izlər qoymuş şəxsiyyətlərdir. Onların hər birinin həm də "Axşam görüşləri"nin səhifələrində izləri qalır. Onlar və həmin silsilədən olan onlarla başqa görkəmli simalarımızın haqqında Rafael Hüseynovun "Axşam görüşləri" çərçivəsində hazırladığı radio-esselər və həmin şəxsiyyətlərlə söhbətləri heç vaxt köhnəlməyəcək miras olmaqdan başqa, həm də gələcək tədqiqatçılar üçün də mötəbər mənbədir.

Bu məqama da ayrıca diqqət etmək lazımdır ki, bizim bir çox dəyərli tarixi şəxsiyyətlərimizin və eləcə də onlarca az tanınan, ya diqqətdən kənarda qalmış nəməlum yaradıcılarımızın səsinin, öz dilindən xatirələrinin, canlı söhbətlərinin qaldığı tək mənbə elə "Axşam görüşləri"dir.

Xan Şuşinski də, bizə indi uzaq tarix kimi gəlir. Ancaq Rafael Hüseynovun böyük xanəndə ilə hələ  1970-ci illərin ortalarında etdiyi və zamanında "Axşam görüşləri"ndə səsləndirilmiş, qocaman xanəndənin özünün də dinlədiyi söhbətləri qalır. İndi o yazıların hər biri elə Xan Şuşinskinin oxuları qədər qiymətlidir.

Bibisi oğlu Abbas Səhhətlə bağlı, Azərbaycan xalq musiqisinin əfsanələrindən sayılan Mirzə Məhəmmədhəsən haqqında Yavər Kələntərlinin də xatirələrini Rafael Hüseynov "Axşam görüşləri" üçün hələ 1975-1976-cı illərdə yazıb. Bu gün o səs yadigarlarının əks olunduğu lent yazılarının hər metri qızıla bərabərdir.

"Axşam görüşləri"ndə Rafael Hüseynovun 1979-cu ilin noyabrında lentə aldığı 45 dəqiqəlik bir müsahibə də var. Rafaelin həmsöhbəti əvəzsiz cazmen Vaqif Mustafazadədir.

Bu, Vaqif Mustafazədədən qalan yeganə lent yazısıdır ki, orada həyatını nəql edir, sənətə baxışlarından, gördüyü işlərdən, arzularından danışır.

Həmin söhbətdən bir neçə gün sonra Vaqif Mustafazadə Özbəkistana qastrol səfərinə yola düşür və Daşkənddə, növbəti konsertlərindən birində səhnədə ürəyi dayanır.

"Axşam görüşləri"nin millətə bağışladığı o səs yadigarında isə Vaqif Mustafazadə həmişə canlıdır.

Yarım əsr ərzində Rafael Hüseynovun "Axşam görüşləri" çərçivəsində yaratdığı və tərəddüdsüz milli dəyər adlandırıla biləcək səslər xəzinəsində belə qiymətəsığmaz incilər yüzlərlədir.

Mən bu ümummilli siqlətli irsin necə yaradılmasının bəzi məqamlarına da bilavasitə şahidəm.

Son illərdə biz Rafael Hüseynovla birgə görkəmli alimimiz, mətbuat tariximizin dərin bilicisi və özü də canlı tarix olan professor Şirməmməd Hüseynovla tez-tez görüşərdik. Şirməmməd müəllim elə şəxsiyyət idi ki, söhbətinin əvvəli tarixdən başlanıb sonu da tarixlə tamamlanardı. Arxivlərdən bildiyi-öyrəndikləri öz yerində, Şirməmməd müəllim həm də zəngin ömür yaşamışdı, həyatında nəsil-nəsil qiymətli insanlar keçmişdi. Hər söhbətində də yazılmalı, gələcəyə ötürülməli bolluca anlar olardı. Şirməmməd müəllimlə ya evlərində görüşək, ya bir yemək masası, çay süfrəsi arxasında olaq, Rafael Hüseynov dərhal kompüterini işə salar, ya telefonundakı videoyazı düyməsini basar, birgə olduğumuz məclisdəki söz-söhbəti əvvəldən axıra yazardı. Artıq neçə illərdir ki, Şirməmməd müəllimsizik. Bu dövrdə isə unudulmaz Şirməmməd Hüseynov bir neçə dəfə elə keçmişlərdəki kimi "Axşam görüşləri"nə qonaq olub, danışıb və "yeni müsahibələrini" verib. O söhbətləri edib ki, onları yalnız Rafaellə ikimiz eşitmişdik və fürsəti fövtə vermədən həmin anların hamısı vaxtında yazılmış olduğundan indi başqalarında da eşidilə bilir, gələcəkdə də insanlar həmin ibrət dolu, az bilinən tarixçələri yaşadan mənalı söhbətlərdən bəhrələnəcəklər.

Hələ 1984-cü ildə SSRİ xalq artisti, böyük dirijor, bəstəkar və ictimai xadim Maestro Niyazinin "Axşam görüşləri" haqqında yazdığı və o dövrün bir nömrəli qəzeti sayılan "Kommunist"də dərc edilmiş məqaləsi vardı. Tanıyanlar bilir ki, parlaq sənətkar və şəxsiyyət olan Maestro Niyazi tərifdə xəsis idi, fövqəladəliyinə inanmadığı, mədəni gerçəkliyimizdə xüsusi əhəmiyyətini qəbul etmədiyi bir şəxs, ya mədəniyyət hadisəsi haqda söz deməzdi. "Axşam görüşləri" və həmin proqramın müəllifi Rafael Hüseynov barəsində ayrıca iri məqalə yazmağı qət etmişdisə, bunun əlbəttə, əsaslı səbəbləri vardı. Həmin məqaləsində "Axşam görüşləri"nin 10 illik fəaliyyətini təhlil edən Maestro Niyazi bu verilişin xalq arasında qazandığı yüksək nüfuz və sevginin başlıca səbəbini müəllifdə görür və haqlı olaraq vurğulayırdı ki, verilişi yaxşı edən məhz onu hazırlayandır, həmin proqramı araya-ərsəyə gətirənin özünün səviyyəsi, zövqü, işə münasibətinin ciddilik səviyyəsidir.

Rafael Hüseynov görkəmli alimdir, Şərq və Azərbaycan ədəbiyyatının bilicisi, bu haqda çoxsaylı sanballı əsərlərin müəllifidir. Lakin eyni zamanda, o həm də musiqi və mədəniyyət tariximizə səriştə ilə bələd olan, bu haqda silsilə araşdırmaların, qiymətli kitabların yazarıdır. Onun haqqında bəhs etdiyi hər mövzuya mötəbər tədqiqatçı nöqteyi-nəzərindən yanaşması "Axşam görüşləri"nin ilk buraxılışlarından başlayaraq indiyədək davam etməkdədir. Ona görə də bu verilişin hər buraxılışı mükəmməl bədii lövhə olmaqdan əlavə, həm də müstəqil bir tədqiqat əsəridir.

"Axşam görüşləri"nin müxtəlif illərdə Barbədə, Səfiəddin Urməviyə, Əbdülqadir Marağaiyə, Vəhid Təbriziyə, Mir Möhsün Nəvvaba və digər bu qəbil klassiklərə həsr edilən buraxılışları dinləyicilərin marağına səbəb olmaqla bərabər, elə musiqişünaslardan ötrü də gərəkli qaynağa və müntəxabata çevrilib. Çünki həmin verilişlərdə klassiklərin ömür və sənət yolunun təfərrüatlarından cəlbedici bir tərzdə bəhs edilməklə yanaşı, onların ərəb və fars dillərində olan əsərlərindən də Rafael Hüseynovun ilk dəfə etdiyi tərcümələr, orta əsr mənbələrindən və elmi dövriyyəyə daxil edilməmiş məxəzlərdən iqtibaslar yer alıb.

"Axşam görüşləri"nin uğur hekayəsini araşdırarkən üzərində dayanmalı son dərəcə mühüm bir nöqtə də dil məsələsidir.

Yazı dili ilə, efir dilinin öz fərqliliyi var. Hətta radio dili ilə, televiziya dili və üslubu da seçiləndir.

Rafael Hüseynov elə həmin 1970-ci ilin ortalarından indiyə kimi radio ilə bir sırada televiziya ilə də mütəmadi verilişlər aparır. Onun radiodakı və televiziyadakı çıxışlarının mətnini, ifadəliliyini, üslubi özünəməxsusluqları diqqətlə təhlil süzgəcindən keçirəndə incə sərhədin necə ustalıqla qorunduğunun şahidi oluruq. Zahirən, televiziyada da, radioda da danışan eyni şəxsdir, ancaq Rafael Hüseynov telekamera qarşısında dayanmaqla mikrofon önündə dayanaraq insanlara müraciət etmənin sərhədlərinə daim həssaslıqla riayət edə bilir. Ona görə istər televiziya, istərsə də radio aparıcısı kimi müvəffəqiyyət həmişə onunladır.

Qəzetdə, jurnalda, kitabda qurulan cümlə, ifadə edilən fikir və efirdə səslənən eyni məzmunun vacib bir özəlliyi daim diqqətdə saxlanmalıdır ki, mütaliə edən kəs məğzinə varmadığı mətləbi qayıdaraq bir də, iki də oxuya bilər. Ancaq efir andır, uçur, gedir. Gərək elə söyləyəsən, elə çatdırasan ki, həm dinləyəni, baxanı özünə çəksin, həm də elə anlaşıqlı, elə sərrast deyilsin ki, dərhal qavranılsın, ağırlığı ilə bu cümlədən sonra gələn cümlənin və fikrin dərkinə maneçilik törətməsin.

Rafael Hüseynovun aydın və səlis nitqi, məhz efirin mətni çatdırmaq tələblərinə tam cavab verən cəlbedici təhkiyyəsi, bütün bunları tamamlayan, yaxud həmin keyfiyyətlərə əlavə və xüsusi qüvvət verən səs tembri bu baxımdan nümunəvi hesab edilə bilər.

"Axşam görüşləri"nin hər buraxılışı həm də Azərbaycan dilinin gözəlliyinin, şirinliyinin daha bir təqdimatıdır və nəzərə alınsa ki, veriliş artıq 51-ci ildir eyni xətti yürütməkdədir, onda bütövlükdə əlamətdar bir azərbaycançılıq  hadisəsi olan "Axşam görüşləri"nin nəsil-nəsil soydaşlarımıza sağlam dil ənənlərini ötürməkdəki sayğıya layiq xidmətləri də dolğunluğu ilə dərk edilər.

"Axşam görüşləri" mədəni siyasətimizi daim ardıcıllıqla yürütmüş bir verilişdir. Lakin bu proqramın həm də elə sırf siyasət, ictimai düşüncə baxımından görmüş olduğu işlərin və göstərdiyi xidmətlərin ayrıca dəyərləndirilməsinə ehtiyac var.

Bu istiqamətdəki fəaliyyətləri "Axşam görüşləri"nin onillərcə dəyişməyən sabit və sağlam, sərbəst düşüncəyə və milli maraqlara söykənən dürüst mövqeyini nişan verərək verilişin həm də ictimai vicdanımız tarixinə layiqli töhfələrini göstərməkdədir.

"Axşam görüşləri" 1970-1980-ci illərdə, sovet dönəmində fəaliyyət göstərəkən sonrakı onillərin buraxılışlarındakı məzmundan fərqlənməmişsə, bu, heç də sadə iş sayılmasın. İş ondadır ki, sovet dönəmində radio və televiziya ən əvvəl dövlətin təbliğat maşını, onun siyasətini çatdıran və yeridən rupor idi. Həmin səbəbdən də hazırlanan proqramların, xüsusən də, daimi verilişlərin siyasiləşdirilməsi adi hal idi. "Axşam görüşləri"nin radionun "qızıl fondu"nda saxlanan, vaxtilə dinlədiyim, indi də ara-sıra təkrarlanan, 1970-1980-ci illərə aid buraxılışlarına qulaq asarkən düşünürəm ki, məzmunu baxımından müstəqillik dönəmində, qələmin qol-qanadının açıq olduğu illərdə hazırlanmış verilişlərdən seçilməyən bu poqramların hər biri ibrətlidir, müəllif şəxsiyyətinin vətənpərvər və millətə xidmət səmtindəki ardıcıllığı və əzminin ifadəsidir. Bunu xatırlamağı ona görə zəruri sayıram ki, radio-televizya məkanına və işinə, radionun fonotekası, televiziyanın videotekasına aşina olan şəxs kimi məlumatlıyam ki, bu gün həmin dövrə aid fondda saxlanan verilişlərin hansılarınısa təkrar efirə vermək istəyəndə adətən əl gəzdirməyə, nələrisə ixtisar etməyə, həmin köhnə verilişlərdəki sovet izlərini qayçılamaq məcburiyyəti ilə qarşılaşılır.

Hansı baxış bucağından yanaşılırsa, "Axşam görüşləri" yarım əsr müddətində yaratdığı qiymətli salnamə ilə  düşünməyə, milli əhəmiyyətli ən müxtəlif mövzular ətrafında fikir mübadilələrinə meydan açır.

Zənnimcə, "Axşam görüşləri" verilişinin bir elm faktı olaraq müfəssəl tədqiq edilməsinin də vaxtı çoxdan çatmışdır. Sadəcə, bu 50 ili aşan efir yolunu kompleks şəkildə tədqiq edə biləcək, bütün məziyyətlərini lazımınca aça biləcək yetkin araşdırıcya ehtiyac vardır.

"Axşam görüşləri" verilişi görkəmli bəstəkarımız Tofiq Quliyevin böyük Rəsul Rzanın sözlərinə bəstələdiyi, zirvə müğənnimiz Şövkət Ələkbərovanın məlahətli səsi ilə canlandırığı nəğmə ilə başlanır və son 51 il ərizində hər bazar günü, bəlli saatda Azərbaycan insanı ilə olmuş həmin mahnı başlığı bitincə akademik Rafael Hüseynov xalqı salamlayaraq bir saat boyunca insanlarımıza zövq və bilik verəcək, yaddaşlara yazılacaq növbəti görüşü başlayır, növbəti dəyərli qonağı təqdim edir.

Qət etdiyi yol və yaratdığı irslə milli sərvətlərimiz mərtəbəsinə ucalmış "Axşam görüşləri"nin Azərbaycan efirindəki ən yüksək qiymətlərə layiq yarım əsrlik yolu 2025-ci ildə tamamlandı, 2026-cı illə sevimli verilişin ömründəki ikinci yarıməsr başlandı. Salnamə yazılmaqda davam edir, Rafael Hüseynovlu "Axşam görüşləri" dalğa-dalğa efirdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri