Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəbhədən məktub

Sən mənə şərfini göndərmə daha,

Səngər beşik kimi istidir, qızım.

Vətən sənin kimi suyuşirindi,

Hamını özünə istədir, qızım.

Görsən darıxırsan, şəkillərə bax,

Körpə əllərini boynuma dola.

Boylan pəncərədən getdiyim yola,

Bu məni görməyə bəs edir, qızım.

Mən burda yaxşıyam, sən də yaxşı ol,

Bilim ki, sənin də günün şən keçir.

İnan, göndərdiyin bütün dualar

Gəlir başımızın üstündən keçir,

Allah başımızın üstədir, qızım.

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin.

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım.

Əgər günün biri geri dönməsəm,

Eşidə bilməsən atanın səsin,

Qorxma, ürəyinə qorxu düşməsin,

Atan ölməyibdi, xəstədi, qızım.

Xəmirli əllər

Bir səhərin sübh çağı

Hamı əl-ələ verib

yuxuna haram qatar -

Katibə zəng vurar ki,

İşdən çıxarılmısan.

Nişanlın mesaj-mesaj

Başının ətin yeyər:

“Səninləyəm, cavab ver!

Axşam harda olmusan?”

Anan girər otağa,

Pəncərəni açar ki,

boğulmasın tüstüdən.

Araq şüşəsi tapar

Döşəyinin üstündən.

Cırıldayan yatağı

Əsəblə silkələyər -

“Ay alkaş oğlu, alkaş,

yenə içmisən?” deyər.

Qışqırar əsəbindən,

Xəmirli əlləriylə

Sinəni yumruqlayar.

İçini çəkə-çəkə,

Uşaq kimi ağlayar.

Qaçasan otağından,

Hirs soyutmaqdan ötrü

Qapını bərk vurasan,

Küçənizdə can verən

itə təpik vurasan.

Aclıq vurar təpənə

Dönərçiyə deyəsən:

“Zəhərini bol elə”.

Bədbəxtlikdən içindən

İynə çıxmaz çörəyin.

Kredit şöbəsindən

Bahar xanım zəng edər:

“Müəllim, sağsınızsa,

Borcunuzu ödəyin!”

İri-iri addımlar

Ata səni sahilə.

Yerdən bir daş götürüb

Keçirəsən boynuna,

Qulağına səs gələ...

Bu yaşlı kişi kimdir?

Kövrək səslə qışqırır:

“Etmə, qurbanın olum.

Əgər pulun yoxdursa,

Gəl, mən sənə verim, var.

Əgər evin yoxdursa,

Bir nəfərlik yerim var.

İş də taparam sənə,

Köhnə bir tanışım var,

hamıya iş düzəldir.

Ölmə, qurbanın olum,

Axı həyat gözəldir!”

O yaşında adamın

Yaşamaq məhəbbəti

Sanki güc verər sənə.

Çıxarıb boynundakı

yarım kiloluq daşı

Qayıdasan evinə.

Anan qaça qapıya

Daş izi qalan yerdən

Boynunu qucaqlayıb

Deyər: “Yaxşı ki, varsan.

mən səni bağışladım,

sən də bağışlayarsan...”.

Zabit hekayəsi

Görsən ki, bayraqlar tıxac yaradıb

Kəndin o başından evimizəcən.

Bizi qapısından qovalayanlar

Taxıb qalstukun gəlib bizəcən.

Hiss etsən isladır al yanağını

Nigaran gözünün kədər yığını.

Tez uşaqları bir otaqda gizlət,

Görməsinlər sənin ağladığını.

Yubanma, həyətdə gözləyənin var,

Qayıdıb cəbhədən həyat yoldaşın.

Amandı, boynumu qucaqlama ha,

Qanlı paltarıma batar üst-başın.

Əllərim “Antarktida”,

Başım “dünyanın o başı”.

Nəfəsim keçər burnuna,

Bir-iki addım at geri!

Həyəcan təbili çalır

Boynumdakı kəndir yeri...

And olsun yarı canıma,

Getməyə bir yerim olsa,

Tüpürərəm dabanıma.

Əvəzimə üzr istəyən

Hicablı bir qadın ola.

Əlini aça Allaha:

“İlahi, bağışla onu,

al canın, bəsidir daha”...

Əlindən yapışdığım

İnsanlar böyüdülər,

Qollarımdan vurdular.

Ayağımı çəkdilər,

Ürəyimi qırdılar.

Adamlar ilan kimi

Zəhər sancdılar mənə.

Dedim - Allaha gedim,

o çarə qılar mənə.

Allah öldürdü məni,

Ayağımı çəkənlər

qəbrimə kimi qazdı.

Başıma daş salanlar

Başdaşımı ucaltdı,

üstünə söz də yazdı.

Bu adamlar gör necə

Abırsız, həyasızdı.

Dizlərinə vurdular,

Gözucu ağladılar,

Beş gün gün verməyənlər,

Qırx gün yas saxladılar.

Həsən Kür

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Sentyabr 2025 08:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri