Icma.az
close
up
RU
Üzeyir Hacıbəyli və Bəxtiyar Vahabzadə: Dilimizin təəssübünü çəkən iki məsləkdaş

Üzeyir Hacıbəyli və Bəxtiyar Vahabzadə: Dilimizin təəssübünü çəkən iki məsləkdaş

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

2025-ci ildə ölkəmizdə iki böyük dühanın – dünya musiqi tarixində şərəfli yeri olan, böyük Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəylinin 140, türk dünyasının tanınmış yazarı, müasir ədəbiyyatımızın “ana dili şairi” adlandırılan Bəxtiyar Vahabzadənin 100 illik yubiley tədbirləri keçiriləcəkdir. Artıq bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvafiq sərəncamlar da imzalamışdır.  

XX əsrdə içtimai fikrə xüsusi təsir göstərmiş bu tarixi simaların azadlıq ideallarına bağlı, istiqlal və azərbaycançılıq məfkurəsi ilə yoğrulmuş irsləri soydaşlarımızın milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamış, onlarda mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Hər iki şəxsiyyəti  fenomenə çevirən  əsas  reallıqlar da elə bunlardır.  

Ömürlərində cəmi bircə dəfə bir-birini uzaqdan görən bu dahilərin içtimai fəaliyyətlərində, fikir və düşüncələrində o qədər oxşar və ortaq cəhətlər var ki, adam heyrətlənməyə bilmir. Heç tərəddüd etmədən B.Vahabzadəni Ü.Hacıbəylinin əqidə məsləkdaşı, ardıcılı, XX əsrin II yarısından formalaşan yeni içtimai-siyasi mühitdə onun fikir və düşüncələrinin davamçısı hesab etmək olar. Çünki hər  iki  tanınmış sima xalqın  taleyüklü məsələlərinə münasibətdə həmişə eyni cür, əsl ziyalı mövqeyi nümayiş etdirmişlər. 

Bu baxımdan onların ana dili, onun inkişafı və saflığının qorunması, dilə biganə münasibət, doğma dilin haqsız hücumlardan müdafiə olunması, ana dilli məktəb və xarici dilərin öyrənilməsi  barədə oxşar və ortaq fikirləri çox maraqlı, həm də son dərəcə əhəmiyyətlidir.

“Dilimiz vasiteyi nicatımızdır” və “Ana dilim – ana köküm” söyləyən akademiklər yaxşı bilirdilər ki, “Milliyyət naminə aparılan...mübarizədə ən çox müdafiə olunan dildir. Millət və milli mədəniyyət uğrunda mübarizə dil uğrunda və dilə bağlı olan məktəb, ədəbiyyat, mətbuat uğrunda mübarizədir”, çünki “...milləti hər şeydən artıq dil təmsil edir”. (M.Ə.Rəsilzadə). Dil  aid olduğumuz xalqı ilk dərkedişimizdir. Dil həm də insanın kimliyi, onun şəxsiyyətini təsdiqləyən sənəddir.

Üzeyir bəyə görə, dil bəşəriyyətin həyatında mühüm rol oynayır, insanlar arasında əsas ünsiyyət vasitəsidir, bizə babalarımızın həyat və məişətindən xəbər verir, hətta insanlığın gələcəyini təxmin etməyə imkan yaradır. “Ruhumuzu da nota köçürən böyük kişi” deyirdi ki, “hər bir millətin bütün milliyyəti bəqasına baş səbəb olan dildir və dilin tərəqqisidir”. U.Hacıbəyli kimi B.Vahabzadə də dili millətin varlığının ilkin təzahürlərindən sayırdı. Deyirdi ki, “Dil olmayınca, millət də olmaz.”. Şair   “Ana dili”, “Oğluma”, “Latın dili”, “Uzun illər boyu öz vətənindən”, “Mənim ana dilim”, “Özümdən özümə şikayət”, “Fəxriyyə”, “Özgə”, “Mənim anam”, “Hara gedir sabahımız” və başqa şeirlərində, həmçinin bir sıra məqalələrində ana dilinin əhəmiyyəti, milli düşüncənin formalaşmasında onun rolu barədə öz görüşlərini əks etdirmişdir. B.Vahabzadə yazırdı: “Hər xalqın dili o xalqın ruhudur, psixologiyasıdır, mənəviyyatıdır, tarixidir, tarix boyu keçib gəldiyi yollardır. Xalqın dilini yaradan sözlər, o sözləri bir-biri ilə birləşdirən şəkilçilər, feillər, sifətlər, təyinlər quru sözlər deyil, hecalarında xalqın nəbzi vuran canlı ürəkdir, düşünən beyindir. Onlar bizimlə birgə yaşayır, düşünür, həmçinin bizləri də yaşadır və düşündürür. Hər xalqın övladı öz xalqının yaratdığı dillə düşünür və həmin dillə öz ürəyinin yanğısını, beyninin fikrini ifadə  edir”. O, şeirlərinin birində deyirdi: “Hər ulusun ən qiymətli sərvətidir ana dili. Övladları yer üzünə səpələnsə, pərən-pərən düşənlərin vəhdətidir ana dili”.

Dahilərimiz dönə-dönə qeyd edirdilər ki, hər bir millətin “milliyyəti bəqasına baş səbəb” olan dilin varlığı, mövcudluğu onun istifadəsi və nə dərəcədə qorunub yaşadılması ilə bağlıdır. Ona görə də Ü.Hacıbəyli dili qorumağı və yaşatmağı həyati məsələ hesab edirdi. O, “Dil” məqaləsində yazırdı: “...əgər biz öz ana dilimizə indiyə kimi baxdığımız nəzərlə baxmaqda davam edərsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, onda millətin özü də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir”. Böyük mütəfəkkir  dil daşıyıcılarından öz ana dilini sevməyi və onu yaxşı-yaxşı öyrənməyi tələb edərək deyirdi: ”…İnsan öz dilini bilməyəndə din də gedir, dil də gedir, millət də gedir…Bizim türk lisanımız (Azərbaycan türkcəsi) Avropa üləma (alim) və filosoflarının rəyinə nəzərən, ən kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fkirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisanın sahibi olub da, ondan istifadə etməməyin özü böyük bir bədbəxtlikdir…Dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyiz ki, öz ehtiyacımızın bəyanına qadir olaq... Öyrənməliyiz ki, Avropanın bütün aləmə car edən ülum (elm) və finünun (fənlərin) hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı (gələcəyimizi) hər cəhətdən təminə çalışaq.” Ü.Hacıbəyli  hələ XX əsrin əvvələrində bir-birinin ardınca yazdığı üç məqalədə insanlara ana dilini öyrənməyin yollarını göstərirdi. “İrşad” qəzetinin 1906-cı il fevral saylarında “Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik” sərlövhəsi altında dərc olunmuş həmin məqalələrdə müəllif ana dilində çıxan qəzetləri mütaliə etməyi, soydaşlarımızın öz aralarında ancaq ana dilində danışmağı və yazmağı, milli məktəblərin açılmasını doğma dili öyrənməyin əsas vasitələrindən sayırdı.  

Öz dilini “ana köküm” adlandıran B.Vahabzadə də ata-babalardan miras qalan ana dilini göz bəbəyi kimi qorumağı, onu "öz dadı-tamı və təmizliyi ilə gələcək nəsillərə təhvil verməyi” hamının müqəddəs borcu hesab edirdi. O, bu  barədə “dil sevgisi yolunda yazdıqlarına "epiqraf" adlandırılan “Ana dili” şerində belə yazırdı: 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!

Öz müəllimi və məsləkdaşı kimi B.Vahabzadə də hər bir azərbaycanlıdan ana dilini mükəmməl öyrənməyi və bilməyi tələb edirdi. O yazırdı ki, “...Dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Həm də dil təkcə məişət mövzusunda danışanda, sadəcə olaraq ondan istifadə edəndə yox, ondan dövlət dili kimi istifadə edəndə yaşayır”. O, “Ana dilim-ana köküm” məqaləsində də ana dilini yaxşı bilməyin zəruriliyindən söz açır, öz dilini bilməyənlər haqqında yazırdı: “Axı, sən xalqın dilini bilmirsənsə, demək, millətin ruhuna, mənəviyyatına yadsan. Demək, bu millətə övlad deyilsən”. Şair  “doğma dilində danışmağı ar bilənlər”ə müraciətlə deyirdi:

Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar, 
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

 Dühalarımız ana dilimizə qarşı biganə münasibətdən çox qəzəblənirdilər. Onlar öz əsərlərində xarici dillərdə danışmağı yüksək mədəniyyət göstəricisi sayıb, özünü mədəni göstərən ziyalıların ana dilinə laqeydliyini və biganəliyini kəskin tənqid edirdilər. Üzeyir bəy “Sluşay, kak-to stıdno, koqda obrazovannıy çelovek po-tatarski qovorit” deyənlərə, öz  doğma dilini bilməyib əcnəbi dillərində “bülbül kimi ötənlərə” qarşı həmişə barışmaz olmuş və belələrini “zavallı”, “öz dilini bilməyib sair dillərdə fitil-fitil əsənlər” adlandırmış, istehza ilə onların nitqini heç “Tarixi-Nadiri” yarıya kimi oxuyanların” da anlamadığını söyləmişdi. 

B.Vahabzadə isə belələrini “fasonlu ədabazlar” adlandırır, onlar haqqında deyirdi: “Dədəsi bu dildə cəbhə yaranın, Özü özgə dildə banlayar bu gün”. O, ana dilinə ögey münasibəti özümüzə - öz milli kimliyimizə və varlığımıza ögey münasibət sayırdı, Ç.Aytmatov kimi “biganəlik nəticəsində milli dillərin məhvə məhkum edilməsini milli faciə” hesab edirdi. Öz doğma dilinə yad olan, ondan üz döndərənləri, ziyalıları (xüsusən məmurları) qınayırdı. 1967-ci ildə yazdığı “Riyakar” şeirində xalqın övladlarına ana dilində dərs verən, lakin öz övladlarını rus məktəblərində oxudan müəllimlər tənqid olunurdu. “Gəlin açıq danışaq” kitabında isə şair bütün ziyalıların mövqeyinə, dilin yaşadılması və inkişaf etdirilməsində onların roluna  münasibət bildirərək yazırdı ki, “Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur”. “Ana dilim-ana köküm” məqaləsində o, “bizim obrazovannılar” haqqında deyirdi: “Hansi dilin zərurətindən danışsaq, bizi alqışlayır və beynəlmiləlçi adlandırırlar. Amma “çaşıb” ana dilinin zərurətindən danışan kimi, anasının dilini bilməyən, ona həqarətlə baxanlar bizə şübhə ilə yanaşır, ən yaxşı halda bizi “geri qalmış adam”, özünü isə irəli getmiş, mədəni və müasir adam hesab edir”. Şairin “Özümdən özümə şikayət” şeirində isə müstəqillik illərində dilimizə olan biganəlik və laqeydlik tənqid olunurdu. O, ana dilinə biganəliyi dəhşətli xəstəlik sayır və təəssüflə deyirdi ki, "Adamlar tanıyırıq ki, ana dilini bilmir. Maraqlı burasıdır ki, eləsi bundan utanmır, başqaları da ona ana dilini bilməməsini nöqsan tutmur. Demək, dəhşətli budur ki, ana dilinə biganəlik xəstəliyi adiləşib”. (B.Vahabzadə “Gəlin açıq danışaq”, Bakı-1989, Azərnəşr, səh: 178)

Ana dilini bilməyən məmurlar haqqında isə söyləyirdi: “...Onlar loru ana dilində birtəhər danışa bilir. Ədəbi dilimizi isə bilmir və yüksək kürsülərdən rus dilində danışmalı olurlar. Bəziləri də toplantılarda əvvəlcədən kiminsə tərəfindən yazılmış mətni üzündən oxuyur və elə oxuyur ki, dediyini özü də başa düşmür”. Təklif edirdi ki, “...adamları böyük vəzifələrə təyin edəndə başqa cəhətləri ilə yanaşı, onların dövlət dilini hansı səviyyədə bilmələri də yoxlanılımalıdır”. (B.Vahabzadə: Əsərləri (publisistika). XII cilddə, Bakı-2009, Elm nəşriyyatı, XI cild, səh:131). 

Ü.Hacıbəyli və B.Vahabzadə ana dilimizin saflığı məsələsinə, bu dilin yad sözlərdən (təbii alınmalardan söhbət getmir) təmizlənməsinə xüsusi əhəmiyyət verirdilər. Üzeyir bəy özünün “Yeni üsuli - təbii haqqında bir neçə söz”, “Dilimizi korlayanlar” və digər məqalələrində, “Zurna” felyetonunda, məşhur “O olmasın, bu olsun” komediyasında (Rza bəyin şəxsində) dilimizi zibilləyənləri və korlayanları ifşa  edirdi. Bu yazılarda o öz danışığında yersiz xarici kəlmələri işlədənləri, qəzet səhifələrini “həlim aşının qazanı bilib, nə gəldi içinə dolduran”ları  kəskin tənqid edərək yazırdı: “Danışıq əsnasında fikrimizin əcnəbi kəlmələrdən təmiz olaraq öz türk sözlərimiz vasitəsilə ifadəsinə səy etməliyik və qəzetlər sayəsində öyrəndiyimiz yeni təbirat və islahatı lazım olan yerdə işlətməliyik...Öz sözlərimizlə ifadəsi imkan daxilində olan təbiri (sözü) ərəb və fars kəlimatı vasitəsilə istemal etməyimizin (işlətməyin) heç bir mənası olmasın gərək”. O, tərcüməçilərin, “ziyalıların” dillə gətirdikləri yersiz ərəb-fars, osmanlı türkcəsi və rus dilində olan kəlmələrə müharibə elan etmişdi. Acı-acı deyirdi: “Kart vizitləri üzərində adları rusca, dükan qabağındakı elanları əksərən rusca, təqvimləri rusca, blankları rusca...!” Təəssüflə qeyd edirdi ki, “aqil insanlar lüğətimizdəki “obed”, “vizitni kartoçka”, veçer”, “priqlasit”, “pajar”, “zabastovka”, abijatsa” və s. sözləri görəndən sonra dilimizi “yuyub” təmizləmək üçün çaylar, sellər lazımdır deyər”. 

Azərbaycan ədəbiyyat tarixinin “ana dili şairi” adlandırılan B.Vahabzadə də qəzet və jurnallarda dərc etdirdiyi “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Dil və əlifba”, “Dilimiz-ədəbiyyatımız”, “Dildə təbiilik və gözəllik”, “Ana dili - dövlət dili” və s. kimi məqalələrində bu fikirlərin davamçısı kimi çıxış edirdi. Öz dilində yersiz əcnəbi sözləri işlədənləri, heç ustad Şəhriyarı da bağışlamırdı:

Məni bağışlasın

Şəhriyarım da,

Otuz il özgəyə “bəradər” dedi.

Öz doğma yurdunda, öz Diyarında

Doğma anasına o “madər” dedi.

Elə ki, yumruğu yerə dirəndi,

Dərhal yada düşdü doğmaca kəndi.

O yazırdı ki, “Mənim torpağa “xak” deyil, məhz torpaq deməyim, suya “ab” deyil, məhz su deməyim mənim psixologiyam, mənim dünya baxışım, mənim ruhumdur”. O, televiziya reklamlarında, reklam lövhələrində, sahibkarlıq obyektlərinin adlandırılmasında dilimizi əcnəbi sözlərlə zibilləyənlər barədə urək yanğısı ilə yazırdı:

Bir vaxt rusca idi, bütün reklamlar,

İndi ingiliscə dürtülür gözə.

İtin də dilinə hörmətimiz var

Bircə öz dilimiz yaramır bizə!

Ana dilini öyrənməyin və onu qoruyub saxlamağın əsas yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında görən hər iki dahinin ana dilli məktəb və ana dilinin tədrisi barədəki fikir və düşüncələrində də ortaq və oxşar cəhətlər çoxdur. Xalq musiqisinin də “böyük dilçisi” (prof. Y.Braudo) olan Ü.Hacıbəyli vaxtı ilə ana dilli məktəblərin olmamasından acı-acı şikayətlənərək deyirdi ki, “Minlərcə təəssüf olunsun ki, Bakı kimi müsəlman şəhərində edadiyyə (orta məktəb) belə dursun, bir türk ibtidaiiyyə (ibtidai) məktəbimiz də yoxdur...bizə türk məktəbi, darülmüəllimin və gimnaziya kimi edadiyyə məktəbləri vacibdir. O məktəblər üçün “seminariya”lara verilən hüquq və imtiyazlar lazımdır... və türk məkatibi-aliyəsində ikmali-təhsil etmiş müəllimlər lazımdır”. O yazırdı ki, heç nə “...dilimizi öyrənmək üçün məktəbin yerini verməz. Məktəb işdə bizim dilimizin sərvətini təfkin edən bir mədəndir. Məktəbimiz olmasa, dilimiz unudulub məhv olar. Məktəblər təsis və güşad etməyə çalışmalıyıq ki,...hər bir elmi öz türk dilimizdə səbilərə (uşaqlara) tədris etməkdə pedaqogikanın iqtizaat (tələb) və icbaatına müvafiq olar”.  

Üzeyir bəy kimi V.Vahabzadə də Sovet hakimiyyəti illərində qələmə aldığı «İftiraya cavab» adlı məqaləsində ana dilli məktəb problemi ilə bağlı məsələyə özünün münasibətini bildirərək yazırdı: “Milli dildə məktəblərin və uşaq bağçalarının açılmasını tələb etmək hər bir xalqın ən adi və haqlı tələbi deyilmi? Əgər xalqın öz ana dilində tərbiyə almaq və oxumaq haqqı da yoxsa, o nə xalqdır?” O, müsahibələrinin birində müxbirin “Dilimizin hakimiyyətini qorumaq üçün nə etmək lazımdır?- sualına belə cavab vermişdi: “Bu dərdin müalicəsini bağçalardan, məktəblərdən başlamaq lazımdır”.

Hər iki dahi sima bildirirdi ki, doğma ana dilində təlim-tərbiyə görməyən, özgə dili ilə dil açan, özgə məktəblərində təhsil alanların öz millətinə, öz vətəninə xidmət etməyəcəyi gün kimi aydındır. Böyük rus pedaqoqu K.D.Uşinskinin dediyi kimi “Ana dilində təhsil almayan bir uşaq böyüdükdən sonra üzünə nə qədər vətənpərvərlik maskası taxsa da, aid olduğu millətə deyil, dilində təlim-tərbiyə gördüyü millətə xidmət edəcəkdir!” Ona görə də B.Vahabzadə haqlı olaraq yazırdı: 

Anasının dilində

Dil açmayan kəs,

Millətin dərdini

Anlaya bilməz.

Ü.Hacıbəyli və B.Vahabzadə azərbaycanlıların kütləvi şəkildə rus məktəblərində təhsil alması ilə barışa bilmirdilər.  Deyirdilər ki, öz ana dilinə biganə olanlar xalqa da, onun ruhuna da, ənənəsinə də, tarixinə də biganə olacaq və bu xalqı özündən çox aşağı hesab edəcəklər. Çoxşaxəli yaradıcılığa malik olan Üzeyir bəy “Məktəb məsələsi və F.A. cənabları” yazısında deyirdi: “Mən milli məktəb ona deyərəm ki, orada bütün elmlər öz ana dilimizdə tədris olunur. Rus və müsəlman işkolasını ibtidai ana dilli məktəb hesab etmək, zənnimcə, dilimiz və millətimizi təhqir etməkdir”.

B.Vahabzadə “Ana dili (Bir məktuba cavab)” adlı publisistik yazısında bir nəfər valideynin “bircə cümlə yazın, uşaqların məktəbini dəyişim, ya dəyişməyim? Hər halda siz gələcəyi bizdən yaxşı görürsünüz” sualına belə cavab vermişdi: “...sən bir şeyi unudursan ki, ana dili millətin namusudur. Namus isə paltar deyil ki, onu havaya və fəslə görə dəyişəsən. El demişkən, namusu itə atıblar, it yeməyib. Amma yeyənlər var...” 

Onu da deyək ki,  özləri də bir neçə xarici dil bilən akademiklər – Ü.Hacıbəyli və B.Vahabzadə heç vaxt çox dil  bilməyin əleyhinə olmamışlar. Onlar uşaqları dünyagörüşlərinin formalaşdığı dövrdə kökdən, milli ruhdan ayırmağın, xarici dilləri öyrənməyin doğma dilin unudulması hesabına olmasının, uşaqları özgə ruhda böyütməyin əleyhinə olmuşlar. Üzeyir bəy “Yeni üsuli-təbii haqqında bir neçə söz” məqaləsində uşaqlara əvvəlcə ana dilini, daha sonra xarici dilləri öyrətməyi məsləhət bilirdi. “Azərbaycan dilinin rus dili ilə əvəz edilməsi ömrüm boyu məni ağrıtmışdır,”- deyən şair B.Vahabzadə isə “Azərbaycan müəllimi” qəzetinə müsahibələrinin birində söyləyirdi: “Ana dilini mükəmməl bilmədən başqa dili yaxşı qavramaq çətindir. çünki ana dilini yaxşı bilən uşaq öyrənmək istədiyi ikinci dili ana dilinin qanunları ilə müqayisədə əyani olaraq dərk edə bilər”. O, yazırdı ki, hər bir millətin övladı orta təhsilini ana dilində almalı, ana dilini yaxşı öyrənəndən sonra xarici dilləri öyrənməlidir. Çünki uşaqların genetik dil kodu 12 yaşından sonra formalaşır. Şair misal kimi öz ailəsini göstərirdi: “Mənim övladlarım və nəvələrim ana dilində təhsil alsalar da, ingilis və rus dillərini bilirlər. Övladımın biri isə bunlardan başqa fars dilini də mükəmməl bilir. Əcnəbi dilləri bilmək vacibdir”. Amma xarici dil bilmək xoşbəxtlikdirsə, ana dilini bilməmək bədbəxtlikdir. Ana dilini bilməyən lap beş xarici dil bilsə də, ondan xalqa, Vətənə xeyir gəlməz. Şairimiz gənclərimizin özlərinin də ana dilinə laqeydliyini bağışlaya bilmirdi. O qeyd edirdi ki, bir dəfə “...çox sevdiyim istedadlı gənc Rafael Hüseynov məni Bakıda yeni açılmış “Amerika” Universitetinə dəvət etmişdi. Universitetin həyətində bir neçə tələbə qıza rast gəldim. Onlardan iclasın harda keçəcəyini xəbər aldım. Heç biri mənə ana dilində cavab verə bilmədi. Mənimlə bərabər iclasa gələn professor Nurəddin Rzayev qəsdən onlara ingilis dilində eyni sualı verdi. Sualımızı həm rus, həm də ingilis dilində bülbül kimi ötərək cavablandırdılar. Mən bu dəfə onlardan rus dilində soruşdum: “A vı ne znaete svoy rodnoy əzık?” Rus dilində qayıtdılar ki, “xeyr, ana dilimizi bilmirik”. Mən də əsəbi şəkildə onlara dedim ki, “lap əcəb eləyib bilmirsiniz. Bu dil kimə lazımdır ki?”.   (B.Vahabzadə: Əsərləri (publisistika). XII cilddə, Bakı-2009, Elm nəşriyyatı, XI cild, səh:129). 

O deyirdi ki, "Ən ürək ağrıdan cəhət burasıdır ki, sovet dönəmində rus dilini mükəmməl bilməyənləri işə götürmürdülərsə, indi də ingilis dilini bilməyənləri qapı arxasında qoyurlar". Bu mənada B.Vahabzadə tanınmış türk alimləri O.Sinanoğlunun "Əgər bir milləti məhv etmək istəyirsinizsə, onun təhsilini yabançılaşdırın!” və F.Q.Timurtaşın  “Dil məsələsi bir milli müdafiə məsələsidir. Dilimizi qorumaq vətən və milləti qorumaqla birdir. Çünki dil Vətən qədər, tarix qədər, gələcək qədər əzizdir. Dil də bayraq kimi müqəddəsatdandır” fikirlərinə haqq qazandırırdı.

Hazırda ölkədə işə qəbul zamanı ingilis və digər xarici dilləri bilməyin ən mühüm və vacib şərt kimi irəli sürüldüyü, məmur balalarının nadir hallarda milli məktəblərdə təhsil aldığı, bir sıra məmürların öz ailələrində və öz aralarında hələ də əcnəbi dildə danışdığı, gənclərin xarici dilləri öyrənib, ölkəni tərk etmək istəyinin çox gücləndiyi, rus dilində xeyli ümumtəhsil məktəbinin olduğu və on minlərlə şagirdin dövlət maliyyəsi hesabına rus dilində təhsil aldığı, yüz minlərlə şagirdə rus dilinin ikinci xarici dil kimi (könüllü yox, icbari qaydada) tədris edildiyi dövrdə də bu sözlər böyük aktuallıq kəsb edir.  

Görkəmli şəxsiyyətlərimiz dilimizin keşiyində də ayıq-sayıq durmuş, ona qarşı haqsız hücumlara sinə gərərək öldürücü cavablar vermişlər. Bu barədə çox nümunələr söyləmək olar. Biz iki nümunə ilə kifayətlənəcəyik. Məsələn, Üzeyir bəy 1905-ci il 10 sentyabr tarixli “Həyat” qəzetinin 62-ci sayında dərc olunmuş “Bir xanım əfəndinin bizlərə hüsni - təvəccöhi” məqaləsində “Peterburqskiye vedemosti” qəzetində Maqda Neyman adlı bir yazarın xalqımızın tarixinə, mədəniyyətinə və ana dilinə atdığı həyasız və əsassız böhtanlara öz nifrətini bildirmiş, ona çox kəskin cavab vermişdi. 

B.Vahabzadə isə Cənubi Azərbaycanda milli varlığımızı danan, dilimizi yad kökə bağlamaq istəyən milliyyətcə “azərbaycanlı” olan Yəhya Zəkaya “Cavab” adlı şeirində layiqli qarşılıq verərək yazmışdı:

Ey özündən əmin, özündən razı,

Yalanı söylədin kimin adından?

Ananın laylası, atanın sazı

Babanın ocağı çıxdı yadından?

Şübhəsiz ki, 140 yaşlı Ü.Hacıbəyli və 100 yaşlı B.Vahabzadənin fikir və düşüncələri, görüşləri, əzəmətli və möhtəşəm əsərləri Azərbaycan içtimai fikrinin, elminin, təhsilinin, dil və ədəbiyyatının, musiqi mədəniyyətinin inkişafına bu gün də güclü təkan verməkdə davam edir, olub-bitənlərdən dərs almağı təklif edir. Ü.Hacıbəyli hələ o vaxt uzaqgörənliklə yazırdı ki, ”Bu günkü hadisələr bir ibrət kitabı idi  ki, açılıb bir para mühüm dərsləri bizə öyrətdi və fürsət verdi ki, öyrəndiyimiz dərsi yaxşıca əzbər edək ki, yadımızdan çıxmasın. Görək bizdə o şüur olacaqdırmı ki, aldığımız dərsi yadımızda saxlayıb ondan nəfibərdər olaq?”. Bəs bizdə də belə bir şüur olacaqmı?!

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışı zamanı demişdir: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsüz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see140

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see135

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see131

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see130

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see129

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see128

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see128

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see125

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see124

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see124

ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək

06 Mart 2025 00:46see122

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see122

Lənkəranda yanğın zamanı ata və oğlu xəsarət alıb

06 Mart 2025 03:28see121

ABŞ da güclü külək: 500 mindən ev işıqsız qalıb

05 Mart 2025 21:08see121

Deku rəğbət bəsləyir, Flik isə tam əmin deyil

05 Mart 2025 22:57see121

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see119

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see119

Bakının məşhur restoranlarında iftar süfrəsinin qiymətləri SİYAHI

05 Mart 2025 09:02see118

Rusiyalı deputat Rusiyaya qarşı sanksiyaları ləğv etməməyi xahiş edir...

06 Mart 2025 00:06see116

Liviya cihad vergisini ləğv edib

06 Mart 2025 03:54see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri