Icma.az
close
up
RU
“Yatmaz “Tirəxtur” bayrağı!”

“Yatmaz “Tirəxtur” bayrağı!”

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 2-də “Traktor” tarixində ilk dəfə İran çempionu oldu.

Təbriz klubu sona iki tur qalmış, ən yaxın izləyicisini 8 xal qabaqlamaqla titulu təmin etdi. “Traktor” bütün komponentlər üzrə üstün oldu. Ən çox qələbə (20), ən çox vurulan (51) və ən az buraxılan (15) qol. Amma bu parlaq qələbənin arxasında onilliklərin ağrı-acısı, kədər və məyusluğu durur. Traktor”u qəhrəmanlığa (İranda çempionu belə adlandırırlar) aparan eniş-yoxuşlu yola nəzər salaq.
1960-cı illərin sonlarına qədər İranda futbol üzrə vahid ölkə çempionatı keçirilmirdi. Müxtəlif vilayətlər üzrə yerli turnirlər var idi. Vahid çempionatın təşkilinə 1970-ci ildə qərar verildi. 
Bundan bir il əvvəl Təbrizdə yerli maşınqayırma zavodunun sponsorluğu ilə “Maşınsazi” futbol klubu yaradılmışdı. Vahid ölkə çempionatı təsis ediləndə isə Təbriz traktor zavodu da geri qalmamağı qərara aldı və “Traktorsazi” klubunu yaradaraq, sponsorluq etdi.
Klub beş il İran çempionatının 2-ci liqasında çıxış etdi və 1974/75 mövsümündə çempion olmaqla o vaxt Təxt-e Cəmşid kuboku adlanan 1-ci liqaya çıxdı. 
Növbəti ildə “Traktorsazi”nin çıxışı ambivalent duyğular yaratdı. Komanda çempionatda uğursuz çıxış edərək, sonuncu - 16-cı yeri tutdu və 2-ci liqaya qayıtdı. Əvəzində İran kubokunda uğurlu çıxışla yadda qaldı: yarımfinalda o dövrün güclü klublarından “PAS Tehran”ı məğlub edərək finala çıxan “Traktorsazi” burda “Malavan”a 1:4 hesabıyla uduzdu. 
2-ci liqadakı növbəti mövsümdə 2-ci yeri tutan təbrizlilər yenidən 1-ci liqaya qayıtdılar. 1977/78 mövsümündə yetərincə uğurlu çıxış edərək, 5-ci yeri tutdular, bürünc medal qazanan “Malavan”dan cəmi 3 xal geri qaldılar. Növbəti çempionat isə İrandakı islam inqilabı səbəbindən yarımçıq qaldı. Sonra da İran - İraq müharibəsi başladı və 1980-ci illərdə yalnız regional turnirlər keçirildi. 
Təbriz traktor zavodu 1968-ci ildə Rumıniyanın dəstəyi ilə tikilmişdi. Müəssisə sonrakı illər ərzində də rumınlarla sıx əlaqələrə malik idi. 1990-cı ildə zavoda Rumıniyadan Vasile Qoca adlı bir mütəxəssis gəldi. O, həm də futbol məşqçisi idi və vətənində “Traktorul Braşov”un “sükanı arxasında” olmuşdu. Təbrizin futbol infrastrukturu ilə tanış olan Qoca “Traktorsazi” nin məşqçisi ola biləcəyini açıqladı. Qısa müddət ərzində Azərbaycan dilini öyrənən Qoca təbrizlilərin sevimlisinə çevrildi. O, həm də yaxşı seleksiyaçı idi. Kərim Baqeri, Sirus Dinməhəmmədi, Əlirza Nikmehr, Hüseyn və Rəsul Xətibi qardaşları kimi təbrizli istedadları kəşf etdi. 1997-ci ilə qədər “Traktorsazi”nin məşqçisi olan Qoca komandaya İran çempionatında ilk dəfə medal qazandırdı.
Vahid İran çempionatının yüksək liqası 1989-cu ildə bərpa edildi. “Traktorsazi” 1989/90 mövsümündə 4-cü yeri tutdu. Sonra daha bir il fasilə verildi və çempionat 1991/92 mövsümündən müntəzəm davam etdi. Bir il sonra “Traktorsazi” bürünc medal qazandı, ilk dəfə çempionatın mükafatçısı oldu. 
1994/95 mövsümündən sonra yüksək liqanın strukturunda dəyişiklik etmək və komanda sayını azaltmaq (iki qrupa bölünən 24 komanda əvəzinə dairəvi sistemlə oynayan 16 komanda) qərara alındı. Nəticədə yüksək liqanı 13 komanda tərk etdi, onlardan biri də “Traktorsazi” idi. Maraqlıdı ki, komanda elitanı tərk etdiyi mövsümdə yenə də ölkə kubokunun finalına çıxdı və yenə uduzdu. Bu dəfə “Bəhmən”ə - 1:0, 0:2. 
1996/97 mövsümündə artıq elitada olan təbrizlilər ev oyunlarını yeni “Yadigar-i İmam” stadionunda (təbrizlilər, sadəcə, “Səhənd” deyirlər)  keçirməyə başladılar. Dalbadal beş mövsüm yüksək liqada oynayan “Traktor” xüsusi nailiyyət qazanmadı. Bu dövrdə ən yaxşı nəticə 1999/2000 mövsümündəki 6-cı yer oldu. Təbrizlilər bir il sonra, yəni 2000/01 mövsümünün sonunda yenidən aşağı liqaya yuvarlandı. Dönüş yalnız 2009/10 mövsümündə baş tutdu. İran Pro Liqa adlanan elitaya dönən komanda həmin mövsüm 7-ci yeri tutdu və bir daha buranı tərk etmədi.
Növbəti mövsüm 5-ci yeri tutan təbrizlilər 2011/12 mövsümündə tarixinin ən yaxşı nəticəsini göstərərək, gümüş medal qazandı. “Traktorçular” çempion “Sepahan”dan cəmi 1 xal geri qaldı. Komandanı bu uğura çatdıran məşqçi Əmir Qalanoyi “Esteqlal”a keçdi və “Traktorsazi” özünə yeni məşqçi axtarmalı oldu. Seçim portuqaliyalı mütəxəssis Toninin üzərində qaldı. 
Növbəti mövsümdə Təbriz komandası yenə ikinci oldu. Bu dəfə çempion olan “Esteqlal” onu iki xal qabaqladı. Klub ilk dəfə qatıldığı Asiya Çempionlar Liqasında qrupdan çıxa bilmədi. Toni ilə yola getməyən klub rəhbərliyi bu uğursuzluğu əsas gətirərək, portuqaliyalını qovdu. Amma “Traktor” 2013/14 mövsümünə zəif başladığından Toni yenidən komandaya qaytarıldı. Klub startda itirdiklərini kompensasiya edə bilmədi və çempionatda yalnız 6-cı oldu, Asiya Çempionlar Liqasında yenə qrupdan çıxa bilmədi. Əvəzində ilk dəfə ölkə kubokunu (Hazfi kuboku) qazandı. Finalda “Mes Kerman” 1:0 hesabı ilə məğlub edildi. Növbəti mövsümün finişi isə “Traktorsazi” azarkeşləri üçün əsl faciə oldu.
2014/15 mövsümünün 29 turundan sonra üç komanda çempionluğa namizəd idi. “Traktorsazi” və “Neft Tehran” 57 xal toplamışdılar. Təbrizlilər topların daha yaxşı fərqinə görə (+24) 1-ci, tehranlılar (+17) 2-ci yerdə idi. 3-cü yerdə qərarlaşan İsfahan “Sepahan”ının 56 xalı vardı. Mayın 15-də keçirilən sonuncu turda “Traktorsazi” Təbrizdə “Neft Tehran”ı qəbul edirdi. Bu oyunda hansı komanda qalib gələcəkdisə, ilk dəfə İran çempionu olacaqdı. “Sepahan” isə “Saypa”ya qalib gəlməli və Təbrizdəki oyunun heç-heçə bitməsini gözləməliydi. 
Təbrizdə hesab 6-cı dəqiqədə açıldı. Künc zərbəsindən sonra Əlirza İzzəti “Neft Tehran”ı irəli çıxardı. “Traktorsazi” yalnız 37-ci dəqiqədə hesabı bərbərləşdirdi. Andranik Teymuryanın sağ cinahdan ötürməsindən sonra çempionatın bombardiri, braziliyalı Edinyo 20-ci qolunu vurdu - 1:1. Birinci hissənin son dəqiqəsində isə bu dəfə Edinyo sol cinahdan ötürmə etdi və Teymuryan baş zərbəsi ilə “Traktorsazi”ni irəli çıxardı - 2:1. Fərid Kərimi 62-ci dəqiqədə cərimə meydançasında topu Qaskoynsayağı müdafiəçinin başı üzərindən ataraq yerə düşməsinə imkan vermədən qapıdan keçirdi - 3:1.
80 min insanın toplaşdığı “Səhənd”də inanılmaz sevinc hökm sürürdü. Amma cəmi iki dəqiqə sonra ilk narahatedici siqnal gəldi: 1-ci hissədə topa fitdən sonra zərbə vurduğuna görə sarı vərəqə alan Teymuryan 64-cü dəqiqədə rəqibin xeyrinə təyin edilən cərimə zərbəsindən sonra topu əlində tutub rəqibə verməyə tələsmədi, almaq istəyən “Neft” oyunçusunu isə itələdi. Təkan qüvvətli deyildi, üstündən keçmək də olardı. Amma hakim Əlirza Fəqani Teymuryana 2-ci sarı və qırmızı vərəqə göstərdi. Ümidlənən tehranlılar irəli atıldılar. Siamək Kuruşu 76-cı dəqiqədə hesab arasındakı fərqi azaltdı - 3:2.
Cəmi 4 dəqiqə sonra isə braziliyalı Lenadro Padovani künc zərbəsindən sonra qapıçının çıxışda buraxdığı səhvdən istifadə edib hesabı bərabərləşdirdi - 3:3. Bundan sonra Fərid Kərimi qapıçı ilə təkbətək çıxmaq üzrə ikən “Neft” müdafiəçisi tərəfindən cərimə meydançasında yıxıldı, amma hakim penalti təyin etmədi. 
Oyunun son dəqiqələrində qəribə hadisələr baş verdi. Stadionda internet rabitəsi kəsildi. Eyni zamanda “Sepahan” - “Saypa” oyununun 2:2 bitməsi haqqında şayiələr yayıldı. Hətta stadionun diktoru da bunu elan etdi. İki oyunun nəticəsi “Traktorsazi”ni çempion edirdi. İndi təbrizli futbolçular “vaxt öldürməyə” çalışırdılar. Hücuma keçmək əvəzinə arxada paslaşır, bəhanə düşən kimi yerə yıxılıb tibbi yardım istəyirdilər. Artıq əvəzlənən Edinyo matçın bitməməsinə səbirsizlənərək, qaçış cığırında uzanıb əlini yerə çırpırdı. Nəhayət, hakim oyunu bitirdi. Stadiona toplaşan onminlərlə adam sevimli komandasının çempionluğunu çılğınca bayram etdi. Polis maneəsinə baxmayaraq, bəziləri meydana girib sevinclərini klub üzvləri ilə bölüşdülər. Və bu zaman bütün əhval-ruhiyyəni dəyişəcək xəbər gəldi: “Sepahan” “Saypa” üzərində 2:0 hesablı qələbə qazanıb. Deməli, “Traktorsazi” yenə də 2-ci olub.
Əndazəsiz sevinc dəhşətli qəzəbə çevrildi. Bayaqdan unudulanlar - Teymuryana verilən qırmızı vərəqə, təyin olunmayan penalti, itən internet və başqa şeylər yada düşdü. İğtişaşlar stadiondan şəhərə sıçradı. Azarkeşlərin fikrincə, başverənlər nə hakimin, nə də İran Futbol Federasiyasının yox, birbaşa siyasi hakimiyyətin işi idi. Prezident Ruhaninin beş gün sonra Təbrizə gələcəyini anons edən bannerlər yandırıldı. Toqquşma zamanı həm azarkeşlərdən, həm də polisdən xəsarət alanlar oldu.
Dünyanın bir sıra nüfuzlu xəbər resurslarının diqqət ayırdığı məsələyə İran rəsmiləri münasibət bildirməyə tələsdilər. Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi “Səhənd”də internetin kəsilmədiyini, sadəcə, hədsiz yüklənmə üzündən pis işlədiyini iddia etdi. Şərqi Azərbaycan ostanının telekommunikasiya departamentinin rəhbəri də nazirin dediyini təsdiqlədi. Sosial şəbəkələrdə “Ruhanini qırmızı vərəqə ilə qarşılayın” kampaniyası başladı. Prezidentin həm “Təxti” stadionunda, həm də Saat meydanında keçirdiyi görüşdə onminlərlə insan “Traktor, Traktor” qışqırdı, qırmızı vərəqə tutan əllərini, qırmızı parçalar bağlanmış biləklərini yuxarı qaldırdılar.
Təbrizə gəlməzdən öncə Nazirlər Kabinetinin iclasında idman və gənclər nazirinə başverənlərin araşdırılmasını tapşıran prezident Ruhani Təbrizdəki çıxışı zamanı “kimsə İranın böyük xalqının, xüsusən də Azərbaycan və böyük Təbriz xalqının duyğuları ilə oynaya bilməz. İnsidentdə kimsə günahkardısa, hökumətin onu cəzalandırmaq üçün hər şeyi edəcəyinə şübhə etməyin” söylədi. 
Hadisəyə Azərbaycandan seçilmiş millət vəkilləri də münasibət bildirərək ciddi araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb etdilər. Onların arasında İranın indiki prezidenti, “Traktor”a azarkeşliyi ilə tanınan Məsud Pezeşkian da vardı. Hətta Təbrizin imam-cüməsi, ayətullah Möhsün Şəbüstəri də insidentə reaksiya verərək araşdırılmasını istədi. Araşdırmadan sonra tətbiq edilən cəzalar daha çox adamları sakitləşdirmək niyyəti güddü. Federasiyanın hakimlər departamentinin sədri Hüseyn Əsgəri istefaya məcbur edildi. Əlirza Fəqani üç oyun hakimlikdən məhrum edildi, stadionun diktoru cəzalandırıldı və s.
“Traktor” 2016/17 mövsümündə yenə Əmir Qalanoyinin rəhbərliyi altında çempionatda bürünc medal qazandı. Hazfi kubokunda da finala çıxdı və burda “Neft Tehran”a 0:1 məğlub oldu. 2019/20 mövsümündə isə komanda tarixində 2-ci dəfə Hazfi kubokunu qazandı. Finalda 3:2 hesabıyla “Esteqlal” məğlub edildi. Həmin vaxt məşqçi Sakit İlhami idi. 
Asiyanın klub turnirlərində dəfələrlə iştirak edən “Traktor” ən yaxşı nəticəni 2024/25  mövsümündə göstərdi. Komanda Asiya Futbol Konfederasiyasının ikinci Çempionlar Liqasında 1/4 finala çıxdı. Burda Səudiyyə Ərəbistanının “Əl-Taavun” komandası ilə hər iki oyun 2:2 hesabı ilə bitdi. Penalti seriyasında isə ərəblər qalib gəldilər.
2018-ci ildə təbrizli biznesmen Məhəmmədrza Zonusinin aldığı klub 2019-cu il iyulun 1-dən adını dəyişərək, sadəcə, “Traktor” oldu. Təbrizlilər isə öz ləhcələrində “Tirəxtur” deyirlər. 
Təbrizli azarkeşlər sadiqliyi ilə seçilirlər. “Traktor”, adətən, ev oyunlarında ən çox azarkeş toplayan komanda olur. “Səhənd” stadionu 66833 yerlik olsa da, burda 70-80, hətta 90-100 min azarkeşin toplanması tez-tez baş verir. Oyunlara Güney Azərbaycanın başqa şəhərlərindən də gəlirlər. Stadiona girə bilməyənlər, eləcə də qadınlar oyunu ətrafdakı təpələrdən izləyirlər. Asiya Futbol Konfederasiyasının 2020-ci ilin sonlarında keçirdiyi sorğuda “Traktor” Mərkəzi və Cənubi Asiyanın ən populyar klubu seçilib. 
Azarkeşlərin səsləndirdiklər ən populyar şüarlar “Yaşasın Türəxtur!”, “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, istəməyən kor (və ya xar) olsun!”, “Azərbaycan diyarımız, Tirəxtur iftixarımız”, “Yel yatar, tufan yatar, yatmaz “Tirəxtur” bayrağı!”, “Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!” və başqalarıdı. Stadionda siyasi və milli istəklərin dilə gətirilməsi nadir hal deyil. “Öz dilində mədrəsə, olmalıdı hər kəsə!” şüarı belələri arasında ən populyarlardandı. “Traktor”un oyunlarında dəfələrlə Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə dəstək ifadə olunub. “Traktor”un “Persepolis” ilə oyunları xüsusilə gərgin keçir. Tehranda yerli azarkeşlər türklər haqda təhqiramiz fikirlər səsləndirirlər. Təbrizdə də bunun əvəzini çıxırlar. Bu zaman “Bakı, Təbriz, Ankara, biz hara, farslar hara!” şüarı ən mülayimi olur. 
2024-cü ilin yayında komandaya yeni məşqçi - xorvat mütəxəssis Draqan Skoçiç dəvət olundu. Skoçiç Yaxın Şərqdə, eləcə də İranda böyük məşqçilik təcrübəsinə malikdi. O cümlədən, 2020-22-ci illərdə İran yığmasının baş məşqçisi olub və onu son dünya çempionatının final mərhələsinə çıxarıb. Bununla belə, heç bir klubu ölkə çempionu etməyi bacarmamışdı. Amma “Traktor” onun rəhbərliyi altında inamlı oyun göstərməyə başladı. Bəzən gözlənilməz büdrəmələrə baxmayaraq (evdə “Zob Ahan”, “Fulad” və “Şəms Azər”ə məğlubiyyətlər) komanda mövsümün əvvəlindən 2-3-cü yerlərdə oldu. 11-18-ci turlarda liderliyi “Sepahan”la növbələşən təbrizlilər 19-cu turdan etibarən cədvəlin başında qərarlaşdılar və heç kimi özlərinə yaxın buraxmadılar. Komanda bir ara “Sepahan”dan 7 xal öndə idi. Amma 26-cı turda “Çadormalu Yəzd” ilə səfərdə 2:2 heç-heçə oynayandan sonra fərq 5 xala endi.
“Traktor”un bu dəfə də çempionluğu əldən verəcəyi inandırıcı deyildi. Elə görünürdü ki, məsələ 29-cu, ya da ən pis halda, sonuncu - 30-cu turda həll olunacaq. Amma hər şey 28-ci turda bitdi. “Traktor” Qəzvində “Şəms Azər”lə qarşılaşdı və 1-ci dövrədə Təbrizdə aldığı məğlubiyyətin əvəzini artıqlamasıyla çıxdı - 4:0. “Sepahan” isə gözlənilmədən İsfahanda “Gol Gohar”a uduzdu  -1:2. Beləliklə, fərq 8 xala çatdı və “Traktor” sona iki tur qalmış tarixində ilk dəfə İran çempionu oldu. 
YADİGAR SADIQLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 İyun 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see184

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see125

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see121

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see120

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see118

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see115

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see115

Maskın təklifi

08 İyun 2025 04:23see115

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see113

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see113

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

İsveçdə dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə 8 aylıq həbs cəzası verildi

08 İyun 2025 04:31see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI

08 İyun 2025 07:31see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri