Milli musiqimiz xalqımızın incə zövqü, əbədi ruhudur
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Qürbətdə isə doğma melodiyalar insanı Vətənə qovuşduran mənəvi körpüyə çevrilir
Ürəyində Vətən sevgisi yaşadanlar yaxşı bilirlər: insan harada yaşamasından asılı olmayaraq, nə qədər ki, özünü ana yurdunun tarixində, mədəniyyətində və mənəvi dayaqlarında görür, Vətən də onunla birlikdə yaşayır. Bu mənada, Vətən təkcə coğrafi məkan deyil, yaddaş, səs, musiqi, özünəqayıdışdır. Doğma el-obadan uzaqlarda yaşamaq bəzən fiziki məsafəni artırsa da, mənəvi bağlılığı daha da dərinləşdirir. Məhz bu dərinlikdən doğan məsuliyyət hissi insanı öz köklərinə bağlayır.
ABŞ-da yaşayan Azərbaycanın əməkdar artisti, pianoçu, professor, Nyu-Yorkda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı Nərgiz Əliyarova üçün musiqi məhz bu mənəvi körpüdür. Onun yaradıcılıq, pedaqoji və ictimai fəaliyyəti bir amal ətrafında birləşir: dünyanın harasında olursa-olsun, odlar yurdu Azərbaycanı ləyaqətlə təmsil etmək. Bu missiya illər ərzində təkcə səhnədə deyil, mədəni diplomatiya, diaspor fəaliyyəti və beynəlxalq layihələr müstəvisində də öz əksini tapıb.
Artıq 8 ildən çoxdur ki, Vətəndən uzaqda yaşayan Nərgiz xanım zəngin Azərbaycan musiqisini dünya auditoriyasına tanıdır, mədəniyyətlərarası dialoqu musiqi dili ilə qurur. Klassik musiqi ifaçısı kimi Avropa və Amerikada, dünyanın 50-dən çox şəhərində çıxış edib. Onun konsertləri təkcə musiqi hadisəsi deyil, həm də milli mədəniyyətin təqdimatıdır. Uzaqdan-uzağa Nərgiz Əliyarova ilə onun yaradıcılıq yolu, pedaqoji fəaliyyəti, mədəni diplomatiya sahəsində gördüyü işlər və gələcək planları barədə ətraflı söhbət etdik.
– Nərgiz xanım, gəlin söhbətimizə musiqiyə gəldiyiniz ilk illərdən başlayaq. Səhv etmiriksə, ilk dəfə səhnəyə 9 yaşında çıxmısınız. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla, Azərbaycan Dövlət Konservatoriyasını isə qırmızı diplomla bitirmisiniz. Bu istedad nədən qaynaqlanır?
– Musiqi mənim həyatımda sonradan verilmiş qərar olmayıb. Çox erkən yaşlarımdan daxili dünyamın ayrılmaz hissəsinə çevrilib. Beş yaşında ilk dəfə piano arxasında əyləşəndə bunu sadəcə uşaq marağı kimi yox, içimdə dərin bir çağırış kimi hiss etmişdim. Doqquz yaşında səhnəyə çıxmağım isə artıq bu yolun təsadüfi deyil, ciddi və məsuliyyətli bir ömür yolu olduğunu mənə anlatdı.
Ailəmizdə peşəkar musiqiçi olmayıb, amma mən həmişə inanmışam ki, istedad yalnız genetik irs deyil. Bu, insanın daxilində gizli şəkildə mövcud olan, onu rahat buraxmayan, daim irəli aparan bir enerjidir. Əgər bu enerji doğru istiqamətə yönəlirsə, o zaman insan öz tale yolunu müəyyənləşdirir.
– Maestro Niyazinin dirijorluğu ilə konsertdə çıxışınızdan yaddaşınızda nələr qalıb?
– Həmin konsert həyatımın ən həyəcanlı və eyni zamanda, ən məsuliyyətli anlarından biri kimi yaddaşıma həkk olunub. O vaxt mənim on beş yaşım var idi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alırdım. Azərbaycan Dövlət Simfonik Orkestri ilə, dahi maestro Niyazinin dirijorluğu altında səhnəyə çıxmaq gənc bir pianoçu üçün təkcə şərəf deyil, həm də çox məsuliyyətli bir imtahan idi.
Böyük sənətkarla eyni səhnəni bölüşmək, onun nəfəsini, baxışını, musiqiyə yanaşmasını yaxından hiss etmək bütün varlığımı səfərbər etmişdi. Konsertin necə böyük uğurla keçdiyini bu gün də xatırlayıram. Zaman keçib, illər dəyişib, amma həmin gecənin ab-havası, orkestrin səsi, Niyazinin dirijor kürsüsündəki möhtəşəm obrazı yaddaşımdan silinməyib. Aradan onilliklər keçməsinə baxmayaraq, o konsert mənim yaddaşımda xüsusi yer tutur – həm sənət yolumun başlanğıcında mənə verilmiş böyük etimadın, həm də musiqinin insana yaşatdığı ən saf və unudulmaz anların simvolu kimi.
– 25 illik pedaqoji fəaliyyət, beynəlxalq müsabiqələrdə iştirak, Əməkdar artist adı, professor və fəlsəfə doktoru elmi dərəcəsi… Bu yolu qət etmək çətin olmadı ki?
– Bu yolun asan olduğunu heç vaxt düşünməmişəm və bunu heç kimə də asan kimi təqdim etməmişəm. Musiqi böyük sevgi ilə yanaşı, böyük fədakarlıq, səbir və iradə tələb edir. Uşaqlıqdan hər gün saatlarla məşq etmək, bəzən yaşıdların oyununa, istirahətinə yox demək, özünə qarşı çox tələbkar olmaq həm fiziki, həm də mənəvi dözümlülük istəyir. Bu yolun böyük hissəsi səhnə arxasında, tək qaldığın məşq saatlarında, daxili mübarizədə formalaşır.
Əlbəttə, çətin anlar olub. Yorulduğum, bəzən öz-özümə suallar verdiyim, bu yükün ağırlığını dərindən hiss etdiyim dövrlər yaşanıb. Amma məhz həmin anlarda musiqi mənə güc verib, məni toparlayıb və yenidən irəli aparıb. Çünki musiqi mənim üçün sadəcə peşə deyil – o, daxili tarazlığım, ruhumun dayağıdır. Musiqi ilə nəfəs aldığım üçün bu yol mənə ağır yox, mənalı gəlib və bu mənanı itirmədiyim üçün də heç vaxt usanmamışam.
– Nyu-Yorkda təsis etdiyiniz Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti haqqında oxucularımıza məlumat vermənizi istərdik. Xüsusilə beynəlxalq bəstəkarlıq müsabiqəsi necə yarandı və hansı məqsədlərə xidmət edir?
– Nyu-Yorka köçəndən sonra çox aydın şəkildə hiss etdim ki, Azərbaycan musiqisinin burada yalnız ayrı-ayrı konsertlərlə deyil, sistemli və davamlı şəkildə təqdim olunmasına ehtiyac var. Mədəniyyət təsadüfi tədbirlərlə deyil, ardıcıl ideya və strategiya ilə yaşaya bilər. Məhz bu düşüncədən çıxış edərək Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətini yaratdım.
Bilirsiniz, ilk dəfə Üzeyir Hacıbəylinin musiqi mövzusunun başqa bir bəstəkarın əsərində istifadə edildiyini görəndə çox həyəcan keçirdim. O anda içimdə güclü bir hiss yarandı ki, bu irslə bağlı mütləq nəsə etmək lazımdır. Çünki Üzeyir bəyin musiqisi təkcə sitat kimi deyil, böyük məsuliyyət və hörmətlə yaşadılmalı mədəni yaddaşdır.
Məhz bu düşüncə ilə mən rəfiqəm, bəstəkar Lalə Cəfərovaya müraciət etdim və xahiş etdim ki, Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” musiqili komediyasından “Toy olacaq” mövzusu kimi tanınan temanın əsasında fortepiano üçün bir əsər yazsın. Lalə bu ideyanı böyük həssaslıqla qəbul etdi və nəticədə, “Üzeyir Hacıbəylinin mövzuları əsasında fantaziya” adlı fortepiano əsəri yarandı.
Bu əsər mənim üçün xüsusi məna daşıyır. Mən onu indiyədək dünyanın müxtəlif ölkələrində, demək olar ki, bütün konsertlərimdə ifa etmişəm və bu əsər mənim repertuarımda həmişəlik yer alıb. Üzeyir bəyin melodik düşüncəsi, onun ruhu bu əsərdə yeni bir nəfəs alır və səhnədə yenidən yaşayır.
Lakin zaman keçdikcə bir həqiqəti dərk etdim: tək bir əsərlə, tək bir ifa ilə Üzeyir Hacıbəylinin irsini lazımi qədər qorumaq və yaşatmaq mümkün deyil. Bu irs daha geniş, daha sistemli yanaşma tələb edir. Məhz bu məqamda beynəlxalq bəstəkarlıq müsabiqəsi ideyası formalaşdı.
Beləliklə, 2021-ci ildə ilk Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi yarandı. Müsabiqənin əsas mahiyyəti ondan ibarət idi ki, dünya bəstəkarları Üzeyir Hacıbəylinin musiqi dünyasına daxil olsun, onun estetik düşüncəsini dərindən öyrənsin və bu irsdən ilhamlanaraq yeni əsərlər yaratsınlar. Birinci müsabiqədə Üzeyir bəyin yaradıcılığından konkret mövzular seçmişdik – “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarından və “Koroğlu” operasından götürülmüş 10 tema müsabiqə mövzuları kimi elan olunmuşdu.
Dünyanın müxtəlif ölkələrindən olan bəstəkarlar bu mövzular əsasında yeni əsərlər yazdılar. Burada çox mühüm bir prinsipə xüsusi diqqət yetirir, tələb edirdik ki, Üzeyir Hacıbəylinin mövzularına istinad edildiyi əsərin adında mütləq göstərilsin.
Bu yanaşma müxtəlif ölkələrdən olan bəstəkarları Üzeyir bəyin musiqisini öyrənməyə, onun melodik və dramaturji düşüncəsi ilə tanış olmağa sövq etdi. Nəticədə, Üzeyir Hacıbəylinin musiqi mövzuları yeni əsərlərdə dünyanın müxtəlif səhnələrində səslənməyə başladı. Mənim üçün bu, təkcə müsabiqə deyil, Üzeyir bəyin irsinin beynəlxalq miqyasda yaşadılması istiqamətində atılmış çox mühüm addım idi.
Müsabiqənin qalibləri pul mükafatları ilə təltif olunurlar. Bununla yanaşı, seçilmiş ən yaxşı on əsər Nyu-Yorkda nəşr edilir və bu nəşr rəsmi şəkildə Amerika Birləşmiş Ştatları Konqres Kitabxanasında qeydiyyatdan keçirilir. Beləliklə, bu toplu dünyanın kitabxananın kataloquna daxil edilir.
Eyni zamanda, müsabiqə qaliblərinin əsərləri Azərbaycanda, Bakıda Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində səsləndirilir, eləcə də Nyu-Yorkun nüfuzlu Lincoln Mərkəzində ifa olunur. Bu, Azərbaycan musiqisinin həm ölkəmizdə, həm də beynəlxalq mədəniyyət məkanında paralel şəkildə təqdim olunmasına xidmət edən mühüm mədəni hadisədir.
Cəmiyyət çərçivəsində keçirilən beynəlxalq bəstəkarlıq müsabiqələri Azərbaycan musiqisini qorunan irs kimi deyil, yaşayan və inkişaf edən yaradıcılıq prosesi kimi təqdim edir.
I müsabiqə Üzeyir Hacıbəylinin irsinə, II müsabiqə Fikrət Əmirovun yaradıcılığına, IV müsabiqə Azərbaycan xalq mahnılarına, V müsabiqə isə türkdilli xalqların xalq mahnılarına həsr olunub.
Bu illər ərzində Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi dünyanın 5 qitəsindən, 50-dən artıq ölkədən olan bəstəkarları bir araya gətirib. Müsabiqə çərçivəsində yüzdən çox yeni əsər yaradılıb və bu əsərlərin hər biri birbaşa Azərbaycan musiqi irsindən ilhamlanıb. Müxtəlif mədəni mühitlərdə formalaşmış bəstəkarların yaratdığı bu əsərlər Azərbaycan musiqisinin melodik düşüncəsini, estetik ruhunu və bəstəkar məktəbinin adını beynəlxalq musiqi məkanında yaşadır və tanıdır.
Müsabiqələrin yüksək səviyyədə qiymətləndirilməsində münsiflər heyətinin rolu xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Pulitzer mükafatı laureatı Melinda Wagner-in və tanınmış bəstəkar, professor Reiko Fuetinqin münsiflər heyətində iştirakı müsabiqənin beynəlxalq əhəmiyyətini təsdiqləyən əsas amillərdəndir. Bu adlar Azərbaycan musiqi irsinin ən yüksək peşəkar meyarlarla qiymətləndirildiyini göstərir.
Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin əsas prinsiplərindən biri ondan ibarətdir ki, hər il münsiflər heyətində mütləq şəkildə Azərbaycandan olan bir bəstəkar təmsil olunsun. Bu, həm milli bəstəkarlıq məktəbinin davamlı iştirakını təmin edir, həm də müsabiqənin Azərbaycan musiqi düşüncəsi ilə üzvi bağını qoruyub saxlayır.
Müsabiqənin ilk ilində münsiflər heyətinin sədri Azərbaycanın böyük sənətkarı, professor, görkəmli bəstəkar Firəngiz Əlizadə olmuşdur. Onun yüksək peşəkar yanaşması müsabiqənin ilkin mərhələdə formalaşmasında mühüm rol oynamışdır. Sonrakı illərdə isə tanınmış bəstəkarlarımız Rəhilə Həsənova və Cəlal Abbasov münsiflər heyətinin üzvü kimi iştirak edərək müsabiqənin bədii və estetik meyarlarını daha da zənginləşdirmişlər.
Bu il isə münsiflər heyətinə Almaniyada yaşayan azərbaycanlı bəstəkar Elmir Mirzəyev dəvət olunmuşdur. Onun beynəlxalq yaradıcılıq təcrübəsi və müasir musiqi düşüncəsi müsabiqəyə yeni baxış gətirməklə yanaşı, Azərbaycan bəstəkarlıq məktəbinin dünya musiqi məkanında təmsil olunmasına da mühüm töhfə verir.
Fürsətdən istifadə edib bu kimi müxtəlif layihələri reallaşdırmaqda bizə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımı bildirirəm.
– İndiyədək dünyanın müxtəlif ölkələrində çıxış etmisiniz. Sizin üçün ən önəmli, unudulmaz konsert hansı olub?
– Bilirsiniz, hər konsert özlüyündə unikaldır. Çünki musiqi canlı sənətdir və eyni əsər, hətta eyni ifaçı tərəfindən hər dəfə fərqli daxili hal, fərqli enerji ilə səslənir. Bu baxımdan mənim üçün hər səhnə, hər çıxış ayrıca bir hekayədir. Amma elə konsertlər var ki, zaman keçsə də yaddaşda xüsusi yer tutur və sənət yolunda dönüş nöqtəsinə çevrilir. Mənim üçün bu cür unudulmaz konsertlərdən biri 2022-ci il noyabrın 22-də, Karnegi zalının Stern Auditoriumunun səhnəsində keçirilən, Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş möhtəşəm konsert idi. Bu konsertin məhz bəstəkarın anadan olmasının 100 illik yubileyində baş tutması mənim üçün son dərəcə rəmzi və əhəmiyyətli idi.
Ən önəmlisi isə ondan ibarət idi ki, bildiyimə görə, Karnegi Holun böyük səhnəsində indiyədək Azərbaycan musiqisi və Azərbaycan bəstəkarlarının əsərləri səslənməmişdi. Bu mənada, deyə bilərəm ki, məhz bizim təşkil etdiyimiz həmin konsertdə Fikrət Əmirovun musiqisi ilk dəfə bu mötəbər səhnədə səsləndi. 3 min nəfərlik zalda Azərbaycan musiqisinin eşidilməsi mənim üçün həm sənətkar, həm də azərbaycanlı olaraq böyük qürur idi.
Konsert New-York Virtuozları Orkestrinin ifasında, maestro Fuad İbrahimovun dirijorluğu ilə baş tutdu. Mən isə böyük qürur və xüsusi məsuliyyət hissi ilə Fikrət Əmirov və Elmira Nəzirovanın fortepiano və orkestr üçün “Ərəb mövzularına konsert”ini ifa etdim. Bu əsər həm melodik zənginliyi, həm də emosional dərinliyi ilə dinləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Bu konsert təkcə bir ifa deyildi, Azərbaycan musiqisinin dünya mədəniyyət məkanında layiqli yerini tutduğunu nümayiş etdirən tarixi hadisə idi. Düşünürəm ki, həmin gecə mənim həyatımda və yaradıcılıq yolumda ən möhtəşəm, ən yaddaqalan anlardan biri kimi həmişə qalacaq.
– Antalyada keçirilən Azərbaycan mədəniyyət elçilərinin forumunda panel moderatoru olmusunuz. Bu təcrübə sizin üçün nə ifadə edirdi?
– Antalyada keçirilən I Azərbaycan Mədəniyyət Elçiləri Forumunda panel moderatoru olmaq mənim üçün son dərəcə önəmli idi. Bu forumda Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təqdimatı, mədəni diplomatiyanın real mexanizmləri, not arxivlərinin olmaması, peşəkar musiqi menecmentinin çatışmazlığı kimi çox aktual mövzular müzakirə edildi. Bu, artıq mədəniyyətin dövlətlərarası dialoqda nə qədər önəmli rol oynadığını göstərən açıq platforma idi.
– Siz həm də Azərbaycan–Amerika Alyansının prezidentisiniz. Bu istiqamətdə fəaliyyətiniz nədən ibarətdir?
– Azərbaycan–Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən Azərbaycan təşkilatlarını birləşdirən platformadır. Mənim bu qurumda prezident kimi əsas məqsədim diaspor fəaliyyətini daha koordinasiyalı, məqsədyönlü və peşəkar şəkildə qurmaqdır. Alyans çərçivəsində mədəni, təhsil və ictimai layihələr həyata keçirilir, Azərbaycanla bağlı mövzular ABŞ ictimaiyyətinə daha sistemli şəkildə çatdırılır. Bu fəaliyyət mənim üçün musiqi qədər məsuliyyətli mədəni missiyadır.
– Sizcə, ifaçının milli kimliyi səhnədə necə hiss olunmalıdır?
– İllər ərzində mən Avropa və Amerikanın 50-dən çox şəhərində səhnəyə çıxmışam. Hər şəhər, hər zal, hər auditoriya öz enerjisi, öz nəfəsi ilə fərqlənir. Haradasa dinləyici daha təmkinlidir, haradasa daha emosional, haradasa isə musiqini səssiz bir diqqətlə dinləyir. Amma bütün bu fərqlərə baxmayaraq, mən hər dəfə bir həqiqəti aydın şəkildə hiss etmişəm: ifaçının milli kimliyi səhnədə nümayiş etdirilən zahiri atribut deyil. Milli kimlik səhnəyə geyimlə, sözlə və ya xüsusi vurğularla çıxarılmır. O, ifaçının daxili dünyasında yaşayır. Musiqi yalnız notların ardıcıllığı deyil, həm də ifaçının yaddaşı, böyüdüyü mühit, eşitdiyi səslər, içində daşıdığı mədəni kodlardır. Əgər öz köklərini dərk edirsənsə, milli yaddaş sənin musiqi düşüncənin ayrılmaz hissəsinə çevrilirsə, dinləyici bunu dərhal eşidir, duyur və qəbul edir. Mənim üçün milli kimlik səhnədə özünü nümayiş etdirmək deyil, musiqinin içində yaşamaq, hər notda, hər frazada öz kimliyinə sədaqətli qalmaqdır. Məhz buna görə də fərqli ölkələrdə, fərqli mədəni mühitlərdə çıxış etsəm də, Azərbaycan ruhu hər zaman mənim musiqimin ayrılmaz bir parçası olaraq səhnədə yaşayır.
Mən səhnəyə çıxarkən ifa etdiyim əsərlərin yalnız səslənməsini deyil, onların hekayəsini də dinləyici ilə bölüşməyi çox vacib hesab edirəm. Buna görə də hər bir konsertdə, xüsusilə Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməzdən əvvəl, həmin əsər haqqında, bəstəkarın həyatından və yaradıcılığından maraqlı bir məqamı, çox vaxt geniş auditoriyaya məlum olmayan bir faktı dinləyicilərlə paylaşıram. Məncə, musiqi yalnız eşidilən deyil, həm də anlaşılan sənətdir. Dinləyici əsərin arxasında duran düşüncəni, taleyi və mədəni konteksti bildikdə musiqi onun üçün daha canlı və daha yaxın olur.
Azərbaycan bəstəkarları haqqında danışmaq, onların yaradıcılığını izah etmək mənim üçün təkcə səhnə ünsiyyəti deyil, həm də mənəvi borcdur. Harada çıxış etməyimdən asılı olmayaraq, mən hər zaman dinləyicilərə bildirirəm ki, mən Azərbaycandanam, Azərbaycan mədəniyyətinə və musiqisinə bağlıyam, bu musiqidən qidalanıram və ondan ilham alıram. Mənim üçün səhnə həm də kimliyimi, milli mənsubiyyətimi və mədəni yaddaşımı aydın şəkildə ifadə etdiyim bir məkandır. Məhz buna görə də Azərbaycan musiqisi mənim repertuarımda təkcə seçim yox, daxili ehtiyac və vicdan məsələsidir.
– Polşa dövlətinin təltifi olan “Şopenin irsinin qorunmasına verdiyi görkəmli töhfəyə görə” diplomu sizin üçün nə deməkdir?
– Şopen Avropa klassik musiqisinin ən incə və dərin poetik bəstəkarlarından biridir. Bu diplom mənim üçün son dərəcə qiymətli və mənəvi dəyəri yüksək olan bir təltifdir. 2010-cu ildə dahi bəstəkar Fridrik Şopenin 200 illiyi münasibətilə Polşa hökuməti dünya miqyasında Şopen irsinin təbliğinə və qorunmasına mühüm töhfə vermiş ifaçıları xüsusi diplomla təltif edirdi. Mənim üçün böyük qürur mənbəyidir ki, həmin il bu mükafata layiq görülən yeganə azərbaycanlı pianoçu olmuşam.
Şopen ili çərçivəsində mən bir neçə dəfə geniş konsert proqramları ilə çıxış etdim. Bu proqramlar təkcə solo ifalarla məhdudlaşmır, eyni zamanda, Polşanın tanınmış musiqiçiləri ilə birgə yaradıcı əməkdaşlığı da əhatə edirdi. Xüsusilə Polşanın məşhur pianoçusu Stanislav Deya ilə birgə keçirdiyimiz konsert yaddaşımda dərin iz buraxıb. Həmin konsertdə biz Şopenin fortepiano əsərləri ilə yanaşı, onun iki fortepiano üçün yazdığı əsərlərini də birgə ifa etdik və bu çıxış dinləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Şopen ili çərçivəsində keçirilən konsertlərdən biri də Bakıda Muğam Mərkəzində baş tutmuşdu. Bu konsert Polşadan dəvət olunmuş folklor triosu ilə birgə hazırlanmış çox maraqlı və qeyri-adi proqram idi. Mən səhnədə Şopenin əsərlərini ifa edirdim, ardınca folklor triosu həmin əsərlərdəki melodik xəttin xalq musiqisi ilə səsləşən məqamlarını öz ifalarında təqdim edirdi. Bu yanaşma Şopen musiqisinin köklərinin xalq yaradıcılığı ilə necə sıx bağlı olduğunu tamaşaçıya aydın şəkildə göstərirdi.
Qeyd edim ki, 2010-cu ildə Şopenin 200 illiyi münasibətilə Polşa hökuməti tərəfindən nəşr olunan üç diskdən ibarət xüsusi topluda mənim ifa etdiyim iki konsertdən seçilmiş hissələrin yer alması həmin yaradıcılıq dövrünün dəyərli sənədli yaddaşı kimi mənim üçün ayrıca önəm daşıyır.
– Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
– Mənim üçün bu yol davam edən, yaşayan və gələcək nəsillərə ötürülən bir prosesdir. V Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin keçirilməsi və qalib əsərlərin Nyu-Yorkda və Bakıda səsləndirilməsi əsas işlərimiz sırasındadır.
Bu il Nyu-Yorkda, Bakıda, Berlində və Braziliyada solo və simfonik orkestrin müşayiəti ilə konsertlərimin keçirilməsi planlaşdırılır.
Nərgiz xanım, maraqlı söhbətə görə təşəkkür edirik.
Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Yanvar 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















