Icma.az
close
up
RU
Psixiatr Nadir İsmayılov: Hipnozun təsirində adam nə gəldi, danışa bilər... Müsahibə

Psixiatr Nadir İsmayılov: Hipnozun təsirində adam nə gəldi, danışa bilər... Müsahibə

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, respublikanın keçmiş baş psixiatrı, professor Nadir İsmayılovun APA-ya verdiyi müsahibəni təqdim edir.

Həm ruh, həm bədən sağlam olmalıdır, biri xəstə olsa, alınmaz

Qocaman psixiatr, professor Nadir İsmayılova müsahibə üçün zəng edəndə işləyib-işləmədiyini soruşdum. Suala sualla cavab verdi: “Niyə işləmirəm ki?” Doğum tarixini düşünüb təəccüblənsəm də, büruzə vermədim. Planlaşdırdığımız vaxtda Respublika Psixi Sağlamlıq Mərkəzindəki kabinetinə yaxınlaşanda sonuncu pasiyenti yola salırdı. Sonradan biləcəkdik ki, müsahibədən sonraya da pasiyentlərə vaxt ayırıb. Səhər isə professoru olduğu ATU-nun tələbələrinə, rezidentlərə mühazirələr oxumuşdu. Buna baxmayaraq, yorğun olduğu bilinmirdi, 90-ı haqlamış məşhur psixiatr bizi sağlam, gümrah görkəmdə, ayaqüstə qarşıladı.

- Nadir müəllim, Sizi gözləyəndə dəhlizdə pasiyentləri müşahidə elədim, xəstə, problemli insan təsiri bağışlamırlar...

- Dərmanın hesabına. Dərmanlar düzəldir, sakitləşdirir.

- Yəni psixi problemi olanları cəmiyyətdə fərqləndirmək olmur?

- Yox, heç həkimlər fərqləndirə bilmirlər, adi adamlar necə fərqləndirsin?

Psixi xəstələrə diaqnoz qoymaq asan deyil

- Çətin qoyulur diaqnoz?

- Əlbəttə. Bizdə, yəni bu sahədə obyektiv müayinə üsulları mövcud deyil. Yəni hansısa aparata, Rentgenə salasan ki, problemi göstərsin, elə bir diaqnostika yoxdur. Bizdə ancaq söhbətlə ayırd etmək olur.

- Nə qədər söhbət eləyəndə bilinir?

- Fərdidir, amma, adətən, 15-20 dəqiqə söhbət bəs edir. Təcrübə var də. Bəzən içəri daxil olanda hərəkətlərdən bilmək, ona əsasən diaqnoz qoymaq mümkündür.

- Psixi xəstələrin sayı indi necədir?

- Elə xəstəliklər var çoxalıb, eləsi var elə əvvəlki illərlə müqayisədə eyni səviyyədə qalıb. Məsələn, şizofreniya elə eyni səviyyədə qalır. Narkomaniya halları artır. Depressiyalar çoxalıb, nevrozlar artıb...

- Psixi problemlər, əsasən, nə zaman özünü göstərir?

- Şizofreniya, adətən, 17-25 yaş arasında üzə çıxır. Bəzən daha tez də olur, bəzən daha gec ola bilər. Adətən, 90 faiz hallarda 17-25 yaşlarda meydana gəlir.

- Genetikada varsa, belə olur? Tamamilə sağlam genləri olan şəxsdə sonradan şizofreniya yaranması riski var?

- Bilirsiniz, xəstə geni görə də bilərsən, görməyə də. Genin tamamilə sağlam olduğunu sübut eləmək olmur axı. Bəlkə də ulu babalarda olub. Uzaq bir qohumda olub, ona görə də sübutu çətindir.

- Psixi xəstəliklərin tam müalicəsi var?

- Bizdə 70-dən çox xəstəlik var. Bəzisinin müalicəsi var. Eləsi var yoxdur, eləsi var müəyyən dövrdə sağalma olur.

- Şizofreniya necə?

- Müalicəsi var, remissiya dövrü, yaxşılaşma olur. Amma sonra yenidən baş qaldıra bilir, yəni tam sağalma yoxdur.

- Bu xəstələr xəstəxana şəraitində müalicə olunur?

- Xəstələrin 90 faizindən çoxu evdə müalicə olunur. Xəstəxananı sevmirlər...

Rayonlarda 100 xəstəyə bir psixiatr düşür

- Sevmirlər, yoxsa?..

- Xəstəxanada hər cür şərait, bütün dərmanlar olarsa, əlbəttə, xəstəxana yaxşıdır. Məsələn, Lənkəranda 120 xəstə var, bir həkim. O halda xəstəxanada necə müalicə olunmaq olar? O xəstəni necə saxlamaq olar? Heç xəstəlik tarixçəsini yazmaq mümkün olmaz. Ona görə də camaat görür, xəstələrini xəstəxanaya qoymurlar, ambulator şəraitdə müalicə olunurlar. Xəstələrin əksəriyyəti ambulator müalicə alır.

- Deyəsən son illər psixoloqlar, psixiatrların sayında da bir artım var, plastik cərrahlar və s. kimi...

- Yox, məncə. Əskinə, say azdır. Bir rayonda məsələn, 4-5 həkim olmalıdır, bir həkim var, kadr çatışmır. Maştağanın özündə də (1 saylı Respublika Psixiatriya Xəstəxanası-red.) həkim çatışmır. 2 saylı xəstəxanada, Psixi Sağlamlıq Mərkəzində, kafedrada kifayət qədərdir.

Tibb Universitetində ən çox professor bizim kafedradadır. 6 professor var. ATU-da 65 kafedra var, heç birində bu qədər professor yoxdur. Rayonlarda isə 100 xəstəyə bir həkim-psixiatr düşür. Bakıda kifayət qədər var, yaxşıdır. Rayonlara isə getmir kadrlar.

- Bu gün qətllərin bir qismi, intiharlar və s. ruhi problemi olan insanlar tərəfindən edilir...

- Şizofreniya xəstələrinin sayı demək olar ki, dəyişmir. Əhalinin bir faizi qədər xəstə var. Depressiyaya tutulanlar çoxdur. Nevrozlar da çoxdur.

- Səbəb nədir, sizcə?

- Həyat şəraiti. Yaşadığımız mühit, hamısının təsiri var...

- Bütün depressiyalar xəstəlik sayılır?

- Əlbəttə, depressiya xəstəlikdir. Bütün formaları xəstəlikdir.

- Amma bu gün “depressiyaya düşmüşdüm”, “depressiyadayam”, “depressiyadan çıxdım” və s. fikirlərə tez-tez rast gəlirik. Yəni heç çoxumuz bunun xəstəlik olduğunu dərk etmirik...

- Depressiya uzun müddət də davam edə bilər. Sağalanlar da var. Bəziləri o vəziyyətdən çıxa bilmir. Təbii ki, burda fərdilik var. Şəxsiyyətdən də çox şey asılıdır. Bir də müalicə düzgün aparılmalıdır. Düzgün olanda depressiya tez sağalır.

- Depressiyanı yaradan əsas səbəblər nədir?

- Əsas sosial səbəblərdir. Genetikanın da rolu olur. Bəzən depressiyalar səbəbsiz yaranır.

- Əsas əlamətlər hansılardır?

- Özünə qapanmaq, əhval-ruhiyyənin, iş qabiliyyətinin düşməsi, yuxu pozulması, cürbəcür yanlış fikirlərin meydana gəlməsi.

- Hallüsinasiya da ora aiddir?

- O da ola bilər, amma əksər hallarda sayıqlama olur, aqressiv hərəkətlər olur. Bu əlamətlərə çox rast gəlinir.

Məsələn, biz depressiyalı xəstələrə suallar veririk, onunla müəyyən edib diaqnoz qoyuruq. Suallardan 6-7-nə “hə” cavabı verirsə, diaqnoz qoyulur, diaqnoz təsdiq olunur.

Depressiyanı müəyyənləşdirmək üçün 10 sual

- Siz neçə sual verirsiniz, məsələn?

- 10 sual verilir. Deyim sizə: 1. Sizdə ruh düşkünlüyü, qüssə, kədər var? 2. Sizi, adətən, sevindirən hadisələr - iş, idman, əyləncə ilə qane olmaq hissinizi itirmisiniz? 3. Özünüzdə yorğunluq, enerjinizin zəifləməsini hiss edirsinizmi? 4. Başqalarının qarşısında özünüzü təqsirkar hiss edirsiniz? 5. Sizdə ölüm barədə və ya həyatınızın mənasız olması haqqında fikirlər yaranır? 6. Siz qərar qəbul etməkdə və ya diqqətinizi cəmləməkdə çətinlik çəkirsiniz? 7. Siz tez-tez narahatlıq və ya əksinə, ümumi durğunluq hiss edirsiniz? 8. Yuxusuzluqdan şikayətiniz var? 9. İştahanızın, çəkinizin artması və ya azalması varmı? Və sonuncu, 10-cu sual - Sizə hərdən ağlamaq hissi gəlirmi?

Bu sualların 6-na “hə” cavabı verilirsə, depressiya diaqnozu təsdiqlənir. Amma elə xəstə var ki, bunların 10-na da “hə” cavabı verir.

Yanıma gələn 10 nəfərdən altısı depressiyadan əziyyət çəkir

- 10 sualın hamısına “hə” demək ağır depressiyadan xəbər verir?

- Yox, sadəcə, depressiyadır. Ağırlıqdan söhbət getmir.

- Depressiya necə müalicə olunur, söhbətlə?

- Söhbətin rolu çox azdır. Əsas dərmanlarla.

- Məncə, ətrafda olan insanların xeylisi sizin indi səsləndirdiyiniz suallara “hə” cavabı verər.

- Bəli, çoxdur. Depressiya xəstələri həddən artıqdır. Bir gündə yanıma 10 xəstə gəlirsə, onun təxminən altısı depressiyadan əziyyət çəkir. Düzgün müalicə olarsa, onlar bu problemdən qurtula bilir. Bizim xüsusi müalicə metodumuz var. Bu metodla, demək olar ki, yüz faiz sağalma olur. Məsələn, qanın yuyulması, autohemoterapiya, qan müalicəsi, müxtəlif dərmanlar, yuxunun korreksiyası - bunlarla vəziyyətdən çıxılır. 10 günə vəziyyət dəyişir.

- Amma çox vaxt deyirlər ki, həyat tərzini də dəyişmək lazımdır...

- Bilirsiniz, həyat tərzini dəyişmək hamıya lazımdır, təkcə xəstələrə yox. Çətindir, əlbəttə.

Elə tələbələr var ki, yaddaşları 40-60 faizdir

- Stolunuzun üstündə həm də yaddaş testi var. Onu kimlərə tətbiq edirsiniz?

- Yaddaşı zəif olanlara. Bu testlə yaddaşın neçə faiz olduğunu dəqiq bilmək olur. Bu gün mühazirə oxuyanda tələbələrə yaddaş testini tətbiq elədim. Elə tələbə var onda yaddaş 40, eləsi var 60 faizdir. Eləsi də var ki, 100 faizdir.

- Neçə faiz olması normaldır?

- 50 faiz olması normal deyil. 80-90 faizi normal saymaq olar.

- Yaddaşsızlıq psixi xəstəliyə dəlalət edir?

- Bəzən edir, bəzən yox. Yaddaşsızlıq çox vaxt müasir həyat tərzi, sosial durumla bağlı olur.

- Müasir cihazlar, sosial şəbəkələr və s. nəzərdə tutursunuz?

- Bəli, hamısının təsiri var. Eləcə də içki, siqaret də təsir edir.

- Sosial şəbəkə, telefon asılılığı necə, xəstəlikdir?

- Bunu aradan qaldırmaq üçün psixoterapiya, dərman müalicəsi var. Bir sıra üsullardan istifadə olunur. Müəyyən qədər kömək edir, aradan qaldırmaq mümkün olur.

- Dərmansız mümkün deyil?

- Bəzi hallarda dərmansız da mümkün olur. Amma psixoterapiya hamıya təsir etmir. Məsələn, elə psixoterapevt var ki, hipnozdan istifadə edir. Elə həkim də var, adi söhbətdən yararlanır. Mən hipnoz müalicəsinə çox inanıram. Bu, bir çox xəstələrə yaxşı təsir edir. Hipnozu da hər həkim bacarmır.

- Siz də hipnozla məşğul olmusuz, hipnozu elmi şəkildə tətbiq edənlərdən birsiniz...

- Bəli, ömrümün böyük hissəsini buna həsr etmişəm.

Beş saniyəyə də hipnoz etmək olur

- Nəyə görə məhz hipnoza?

- Hipnozu sevmişəm. İkinci kursda oxuyanda rastlaşdım hipnozla. Ondan sonra başladım onunla məşğul olmağa. Ukraynaya getmişdik, Donetsk şəhərinə. Orda V kurs tələbəsi bizə mühazirə oxudu. Ondan sonra maraq yarandı. Tələbə idi, ancaq hipnozu bacarırdı. Ondan sonra başladım onunla məşğul olmağa. Əvvəlcə heyvanları hipnoz etdim, sonra uşaqları, böyükləri, tələbələri, qonşuları...

- Adi söhbətlə olur hipnoz?

- Hipnozun texnikası çoxdur. Elə metod var ki, onunla 5 saniyəyə hipnoz etmək olur.

- Hansı xəstələrə tətbiq olunur?

- Baxır problemə. 100 xəstədən 20-nə etmək olur.

- Hipnoz deyəndə yadıma Kaşpirovski düşdü. Bir zamanlar çox məşhur idi. Biz onda uşaq idik, yadımdadır, çoxu onun hipnoz saatlarını səbirsizliklə gözləyirdi, ekran qarşısında oturub, gözlərini yumurdular...

- Bəli, elə idi. 89-91-ci illərdə mən də ən çox qrup halında hipnozla məşğul olurdum. Böyük zalda, təxminən 1000 nəfər iştirak edirdi. Şəhriyar klubunda 12 dəfə belə seanslar aparmışam. İştirak edənlərin çoxu yatırdı.

- Kimlər gəlirdi ora?

- Kim istəsə. 10 dollar ödəniş edib bilet alıb, daxil olurdular.

- O zaman 10 dollar kiçik məbləğ deyildi.

- Bəli, 1000 nəfər olurdu. Bir gün dedilər ki, 100 min dollar yığılıb.

- Hara xərclənirdi həmin vəsait?

- Cəmiyyət təşkil edirdi, müəyyən faiz bizə çatırdı. Bakıdan sonra Naxçıvanda da təşkil olundu. Sonra məlum hadisələr baş verdi və seanslar davam eləmədi.

- Bəs, indi necə? Təşəbbüs olsa, hipnoz seansı icra edərsiniz?

- Əlbəttə, edərəm. İndi ancaq individual qaydada olur. Vaxt lazımdır. Sağlamlıq lazımdır. Mən yaşda olan adamların çoxu işləmir. Bu yaşda mən də özümü çox gərginliyə sala bilmərəm.

Azərbaycanda hipnozu bacaran 3-4 psixiatr var

- Bu sahədə davamçılarınız var?

- Azərbaycanda, Bakıda hipnozu bacaran 3-4 nəfər var, ondan artıq deyil. Yəni yüksək səviyyədə bu işi bacaran mənimlə birgə 3-4 nəfərdir. İkisi həkimdir, biri də mən, üç edir. Bir nəfər isə kənar sahədəndir, incəsənət adamıdır.

- İncəsənət adamı necə bilir, bəs?

- Öyrənib də. Hipnozu bilmək üçün gərək həyatını buna sərf edəsən. Həddindən artıq çox kitab oxuyasan. Təcrübə keçəsən. O adam bunların hamısını edib. Hipnozu mükəmməl bilmək üçün gərək ən azı 100 kitabı oxuyasan. O sahəyə aid olan professional kitablar da həddindən artıqdır.

- Hipnoz zamanı ancaq sözlərdən, şifahi nitqdən istifadə olunur?

- Yox, musiqidən də. Mən müalicəvi seans aparanda musiqidən də istifadə edirəm.

- Təlqini necə seçirsiniz?

- Xəstəlikdən asılıdır. Əlamətlər nədirsə, təlqin onları neytrallaşdırmaq üçün seçilir.

- Depressiyada olan şəxs üçün seçilən təlqin, bəs?

Bu məqamda ənənəvi hipnoz seansının bir hissəsini nümayiş etdirməsini xahiş edirik. Razılaşır, telefonuna baxır, nəsə axtarır və tapır.

Bu, hipnoz musiqilərindən biridir, yüzlərlə belə musiqi var. Bu musiqi fonunda təlqin olur.

Və həzin musiqi fonunda növbəti təlqinini edir:

- Hipnoz musiqisini dinlədikcə əsəbləriniz sakitləşəcək, özünüzü rahat, olduqca sərbəst hiss edəcəksiniz. Musiqini dinləyin və mənim dediklərimə əməl edin. Ona qədər sayıram. Bu müddətdə yuxunuz daha da dərinləşəcək, gözünüzün qarşısında maraqlı mənzərələr görəcəksiniz. Meşə, yaşıllıq, gül-çiçək. Onları dərə bilərsiniz, qoxulaya, iyləyə bilərsiniz... Bax bu cür. Belə-belə sözlərlə...

- Maraqlıdır...

- Bunlar hamısı təsir edir, hipnoz altında təbii ki. Adi halda təsir edə də bilər, eləməyə də. Amma hipnoz vəziyyətində nə deyirsənsə, hamısı təsir edir.

Birinin sirrini öyrənmək üçün hipnozdan istifadə edənlər olub

- Təsir etdiyini necə bilmək olur?

- Adam yatır, amma mənim səsimi eşidir. Hipnoz yuxusunda olan zaman nə deyirəmsə, beyinə yazılır. İstəsə də, istəməsə də beyin ona əməl edir. Məsələn, mənim hipnoz seansım maksimum 45 dəqiqə çəkir. Onun yarım saatı yuxuda keçir. Bəs edir bu müddət. Amma elə hipnozçular var ki, 2-3 saat yatızdırır. Mən yox. Məqsədimə nail olmaq üçün mənə maksimum 45 dəqiqə bəs edir. Hipnoz düzgün təyin olunursa, effektini verir.

Dönüb köməkçisinə baxır. Köməkçisi Güldəstə xanım sözünə qüvvət verir, “Bəli, professor, çox adam razı qalır. Mən müşahidələrimə əsasən deyə bilərəm 80-90 faizə kimi razı qalır”.

- Nadir müəllim, bəs, bu metoddan neqativ, mənfi məqsədlər üçün istifadə edənlər var?

- Həkim olanların bu cür etməyə ixtiyarı yoxdur. Kənar şəxslərdə olub, o qədər olub ki. Bir adamın sirrini öyrənmək, şəxsi həyatına müdaxilə eləmək, şəxsi həyatında olan hadisələri öyrənmək üçün. Hipnozun təsirində adam nə gəldi, danışa bilər.

- Təxminən narkozda olan adam kimi?

- Yox, o başqa haldır. Narkoz və hipnoz yuxuları fərqlidir.

Elə yuxular görürəm ki, oyananda sevinirəm ki, bu, yuxu idi

- Doktor, yuxu demişkən, elə adamlar var ki, həyatı boyunca yuxu görmədiklərini deyirlər.

- Bəli, var. Elə adam da var, hər gün yuxu görür. Mən məsələn, hər gün növbənöv yuxular görürəm. Bilmirəm niyə? Hər gecə ən azı 2-3 məzmunda yuxu görürəm. Amma elə adam var, yuxu görmür, görür yəqin, yadında qalmır. Yuxu görə-görə ayılırsansa, yadda qalmır, yuxuda olub yatırsansa, unudulur. Məndə son illərdə belə olub, əvvəl belə deyildi. Yatıram, bir saat sonra oyanıram. Yuxu görə-görə oyanıram, çox vaxt sevinirəm ki, bu, yuxu idi. Çünki dəhşətli yuxu olur, sonra yeni yuxu görürəm. Dəhşətli, qeyri-adi hadisələr də görürəm. Çoxu heç yadda qalmır.

- Bunu nə ilə izah edirsiniz?

- Beyinin bütün nöqtələri yatmır. Oyaq nöqtələr qalır, onlar bir-biri ilə birləşir. Onlarda hansı informasiya qeyd olunubsa, onların birləşməsi yuxunun məhsulu olur.

- Müsahibə üçün vaxt təyin edəndə bu gün səhər mühazirənizin olduğunu dediniz. Tələbələrinizdən razısız?

- Bu gün sizdən əvvəl tələbələrə mühazirə oxudum. Əlavə psixiatrlara da leksiya dedim. Tələblərin bir qismi psixiatriyaya barmaqarası yanaşırlar. Biri telefona baxır, biri dostu ilə söhbət edir, çünki maraqlanmır. Diqqət etməyənlər az olsa da, adama təsir edir. Bu sahəni seçənlər və rezidentlər çox maraqla qulaq asırlar. Mən rezidentlərə mühazirə oxumağı sevirəm, çünki onlar gələcəyin psixiatrlarıdır. Elə maraqla qulaq asırlar ki... Onlara dərs proqramından əlavə 3 dəfə də məşğul oluram. Birinci dəfə mühazirəm şizofreniya barədə olur, ikinci dəfə şizofreniya xəstəsini göstərirəm. Üçüncü dəfə onların suallarını cavablandırıram. Sual da nə qədər olsa, yaxşıdır? 100-120 sual. Ona görə də mən onlarla məşğul olmağı sevirəm. Deyirəm ki, göndərin əlavə də məşğul olum.

Xaricdə tələbə oxumayanda kursda qalır, bizdə universitetə qəbul olan mütləq oranı bitirməlidir

- Bizdəki tibb təhsilindən narazı olanlar da çoxdur. Vaxtilə Tibb Universitetindən məzun olanların bir qismi bu gün deyirlər ki, orada, sadəcə, vaxt itiriblər. Bizdəki təhsillə yaxşı həkim olmaq mümkün deyil yəni?

- Bilirsiniz, xaricdə tələbə oxumayanda kursda qalır, amma bizdə universitetə qəbul olan mütləq oranı bitirməlidir. Sonra, xaricdə müəllim ayda 40 min avro maaş alır, burda heç min manat da almır. Bu da iki. Tələbələrin bir qismi bitirdikdən sonra gedib başqa sahədə çalışır. Bəziləri xaricə gedir. Daha sonra, əvvəl ATU-da kimlər dərs deyirdi, indi kimlər dərs deyir?

- Nə mənada “kimlər”?

- Müqayisə edirəm. O vaxtın müəllimləri indi yoxdur. Mən oxuyanda Topçubaşov, Balakişiyev, Mahmudbəyov, Cahangir Zeynalov vardı. Bunlar hamısı akademik idi. İndi isə müəllimlər dünənki uşaqlardır. Bu da bir faktordur. O vaxtın müəllimləri indi yoxdur.

- Sizin müəlliminiz kim olub?

Divarda asılan fotolara baxır və onlardan birini göstərir.

- Əhməd Abbasquliyev. Sonra Nail Rzayev, elmi rəhbərim olub. Moskvada müdafiə eləmişəm. 27 xarici ölkədə olmuşam. Onlarla kurs keçmişəm. Moskvada psixiatriya ilə bağlı bütün institutlarda kurs keçmişəm.

- Bəs, Sizin yetişməyinizdə sovet məktəbinin rolu böyükdür, yoxsa digər xarici məktəblərin?

- Moskvanın. Moskvada da psixiatriya məktəbi alman məktəbinin üzərində qurulub. İndi də o cür davam edir, ənənə qalır. Moskvada psixiatriya ilə bağlı 3 elmi-tədqiqat institutu, 3 təhsil institutu var.

Qabaqlar professorun maaşı 50 min manat idi, indi 2 min

- Bizdə nələr var, bəs?

- Bizdə də vaxtilə elmi-tədqiqat institutu olub, 1927-ci ildə təsis ediblər, iki ildən sonra bağlayıblar. Bir nəfər də olsun kadr olmayıb. Direktor təyin eləməyə bir nəfər elmlər namizədi də tapılmayıb. Amma bu gün 10 professor var, altısı elə bizim kafedradadır. İnstitutun olması üçün maddi vəsait lazımdır. Elə götürək maaşı. Mən 3-4 il öncə İngiltərəyə getmişdim, adi həkimin maaşı 20 min funt-sterlinqdir. Elmi-tədqiqat institutunda çalışanların maaşı daha yüksəkdir. Bəs, bizdə? Bizdə 1500 manat alırsa, böyük məbləğ sayılır. Qabaqlar ATU-da professorun maaşı 50 min manat idi. Sonra 5 min oldu. Brejnevin vaxtında 10 dəfə azaldı, 500 oldu. Qabaq müəllim maaş almağa gedəndə özüylə sakvoyaj aparırdı, adamla gedirdi. Ayda 40-50 min pul alırdılar. İndi professorun maaşı 2 min manatdır.

- İndi də adlı-sanlı, təcrübəli həkimlərin qəbuluna hər adam düşə bilmir. Qəbul qiymətləri yüksəkdir.

- Yüksək nə qədər yəni?

- 100, 150, 200...

- Bizdə elə deyil. İlk dəfə gələnə 80 manatdır, təkrar gələn xəstələr üçün 50 manatdır. İnsafla davranırıq, artırmırıq...

- Nadir müəllim, bayaq depressiya halını müəyyən etmək üçün səsləndirdiyiniz 10 test sualından biri də ölüm barədə idi...

- Bəli, “ölüm haqqında fikirləşirsiniz”? Cavab da, məsələn, “belə yaşamaqdansa, ölmək yaxşıdır” olursa, bu, depressiyanın ən ağır formasıdır.

- Deməli, ölüm haqda çox düşünmək psixi xəstəlik, depressiya halı sayılır. Amma elə yazarlar var ki, yaradıcılığında ölüm mövzusuna çox yer ayırırlar...

- Ölüm haqqında hamı düşünə bilər. Çünki ölüm hamı üçün var. Normal şəkildə düşünmək adi haldır. Yazarların yer ayırması, məncə, normaldır. Ölüm hamının başına gələcək deyə, hərə onu bir cür interpretasiya edir. Heç kimə demək olmaz ki, bu barədə düşünməsin. Əsas odur ki, adam bu barədə mənfi fikirləşməsin.

Balaca otağındakı rəfdə səliqə ilə düzülən, psixiatriyaya, tibbə aid olan kitabların arasında öndə olan “Cəbrayıl: Qalalı məhəlləsi” kitabı diqqətimi çəkir. Bu haqda soruşuram.

- Cəbrayılda doğulmuşam, 8 yaşım olanda ailəmiz oradan başqa yerə köçüb, amma hər zaman əlaqəmiz olub, hər il gedib-gəlmişik. Əmilərim, bibim Cəbrayılda yaşayırdılar. Bizim evimiz Cəbrayıl şəhərində Qalalı məhəlləsində idi.

- Mən bilən, qalalı məhəlləsində əslən Şuşadan olanlar yaşayıb...

- Elədir, bizə “qalalılar” deyirdilər. Qalalılar, əsasən, 1905-ci ildə köçüblər Şuşadan Cəbrayıla. Ondan öncə də köç olub. Qumru Şəhriyarın müəllifi olduğu “Cəbrayıl: Qalalı məhəlləsi” kitabı mənim iştirakımla yazılıb, məsləhətçisi olmuşam.

İşğalda Cəbrayılda uçurulan evimizin yerini tapdım

- Xalq yazıçısı Sabir Əhmədli də qalalı məhəlləsindən idi.

- Bəli, mənim qohumumdur. Onun anası Tavad xanım mənim babam Məşədi İsmayılın bacısı qızıdır.

- Torpaqlar işğaldan azad olunandan sonra getmisiniz Cəbrayıla?

- Əlbəttə, iki dəfə. Birinci dəfə gedəndə tez qayıtdım, doymadım, gəzə bilmədim. Ona görə də bu yay ikinci dəfə getdim. Görə bilmədiyim yerlərə getdim. Qəbiristanlığa da ziyarət elədik. Bu dəfə iki gün qaldıq.

- Evinizi tapa bildiniz?

- Təbii, yeri yadımda idi, amma ev qalmayıb, evimizi uçurublar. Kəhrizlərdən də heç nə qalmayıb. Köhnə adamlar da yoxdur...

Ümumiyyətlə, Cəbrayılda Cəbrayıllıq qalmayıb, əvvəlki mənzərə də yoxdur. Bəzi yerləri güclə təxmin elədim, bəzi yerləri tapa bilmədim. Çinar kəhrizi də dağılıb, amma indi su gəlir, su eynidir...

- Şuşaya da getdiniz?

- Bəli, Hadruta da, Şuşaya da...

Hamı elə bilir ki, daha işləmirəm, məni saxlayan işdir, işləməsəm, çox darıxaram

- Sizinlə telefonda danışanda “işləyiriniz” sualını verəndə “niyə işləmirəm” cavabını verdiniz? Bu yaşda işləmək, işə gəlib-getmək çətin deyil ki?

- Avqustda 88 yaşım tamam oldu, 89-un içindəyəm. Hamı elə bilir ki, daha işləmirəm. Çünki mən yaşda adamların çoxu işləmir. Amma mənim iş qabiliyyətim var, xəstə qəbul edirəm, mühazirə oxuyuram. Niyə də işləməyim? Məni saxlayan işdir, işləməsəm, çox darıxaram. Hərdən ictimai nəqliyyatdan da istifadə edirəm. Elmi Şuranın iclasından çıxanda minirəm avtobusa, bura 2 dayanacaq keçib gəlirəm.

- Gənclər avtobusda yer verirlər?

- Bəzən yox (gülür). Gənclər üzlərini çevirirlər pəncərəyə, guya yaşlıları görmürlər. Çox təsadüfi hallarda avtobusa minirəm, əksərən taksi ilə gəlirəm.

- Əvvəl “sağlam bədəndə sağlam ruh olar” deyirdilər ki, indi isə “ruh sağlam olmasa, bədən sağlam ola bilməz” yanaşması daha qabarıq hallanır...

- İkisi də sağlam olmalıdır. Həm ruh, baş, həm somantika, bədən sağlam olmalıdır. Biri sağlam, biri xəstə olsa, onda alınmaz.

- Bayaq davamçılardan danışdıq, oğlunuz Psixi Sağlamlıq Mərkəzinin rəhbəri professor Fuad İsmayılov da sizin davamçınızdır...

- Bəli, elədir. 13 ildir bu mərkəzə rəhbərlik edir. Nəvəm də psixiatrdır. Bacım oğlu da, bacım da. Bizim ailədə 6 psixiatr var. Oğlumla nəvəm çox qabağa gedib. Fuad professordur, nəvəm özü klinika açıb. O birilər sıradan həkimdirlər.

- Oğlunuz heç Sizdən məsləhət alır?

- Alanda alır. İndi bir kitab tərcümə ediblər, ruhi xəstəliklərin beynəlxalq təsnifatı ilə bağlı, 870 səhifədir. Onunla bağlı çox suallar verdi...

Arada qapının tez-tez açılıb-örtülməsindən hiss edirik ki, professorun növbəti qəbul saatının vaxtıdır. Sağollaşmazdan əvvəl köməkçisinə üzünü tutub “Cəbrayıl barədə olan kitabı və şeir kitabımı gətir”, deyir.

- Şeir də yazırsız?

- Hərdənbir yazıram. “Şeir dəftərim” adlı bir kitabım nəşr olunub, indi ikincisi çapa hazırlanır.

“Şeir dəftərim”ə avtoqraf yazıb verir: “Oxuyun, fikrinizi bildirərsiz”, deyir.

Ən sonda 88 yaşlı professordan sağlam, uzunömürlü olmağın əsas sirrini soruşuram:

- Normal yaşamaq lazımdır, kökəlməyə imkan verməməklə. Pis vərdişlər olmamalıdır. Mən siqaret çəkmirəm, düzgün qidalanıram. Gündə iki dəfə - səhər və axşam yemək yeyirəm. Günortalar meyvə, tərəvəzlə kifayətlənirəm. Çörək az yeyirəm. Hər gün 4 kilometr gəzirəm. Səhərlər isə bir saat idman olur...

Məhbubə Qasımbəyli

Foto - İlkin Nəbiyev

4500 illik qızıl sancaq - Troyanın gizli mirası "Bizim səhvlərimiz unudulmağa məhkumdur..." - Sədaqətli olmaq lazımdırmı? YUĞ Teatrı Kimera Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see220

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see213

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see185

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see176

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see169

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see168

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see160

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see159

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see148

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri