Icma.az
close
up
RU
Siyasətdə qalmağım təhlükə yaradırdı Etibar Məmmədovla MÜSAHİBƏ

Siyasətdə qalmağım təhlükə yaradırdı Etibar Məmmədovla MÜSAHİBƏ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Hazırda hökumətin üzərində heç bir nəzarət yoxdur”
“Çox istəyərdim ki, təcrübə və imkanlarımdan faydalansınlar, ancaq istəmirlərsə özləri bilər” 

 

Tanınmış siyasi xadim, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov Modern.az saytının redaksiyasında qonaq olub. 

Etibar Məmmədov 1973-cü ildə Azərbaycan Dövlət Unversitetinin Tarix fakültəsinə daxil olub. Burada mərhum Əbülfəz Elçibəyin tələbəsi olub və bu amil onun siyasi fəaliyyətinə təkan verib. 1978-ci ildə ali təhsil ocağını bitirib. Daha sonra elə bu universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.

Etibar Məmmədov Azərbaycan milli azadlıq hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. O, 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasını quruanlardan biri olub və onun ilk sədri seçilib. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb.

Etibar Məmmədov əməkdaşlarımızın müxtəliv mövzularda suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
 

- Etibar bəy, bir neçə gün öncə Zelenski və Trampın görüşündə qəribə hadisələr baş verdi. Sizin siyasətə yeni gəldiyiniz günlərdə də dünyada belə hadisələr baş verirdimi? Həmin dövrdə ABŞ ilə digər ölkələrin münasibəti necə idi və bu kimi hadisələr dünyaya necə təsir edir?


- Bizim siyasətə gəldiyimiz vaxt indikindən tamam fərqli idi. Ona görə ki, həmin dövrdə iki sistem - sosialistlər və kapitalistlər mövcud idi. Onların aralarında həm ideoloji, həm hərbi, həm də iqtisadi qarşıdurma var idi və biri-birini zəiflətməyə çalışırdılar. Həmin dövrdə sosialist sistemin içində böyük böhran başlamışdı. Təbii ki, kapitalist sistem həmin böhrandan öz xeyrinə istifadə etmək istəyirdi. Dünyada sistem dəyişikliyi getdiyi vaxtda həm də dünyanın xəritəsi dəyişirdi - yeni, müstəqil dövlətlər yaranır, eyni zamanda ayrı-ayrı dövlətlərin içərisində hansısa qarşıdurma olduqda hər tərəf ondan öz xeyrinə istifadə etməyə çalışırdı. Məsələn, Sovet İttifaqı bu cür ölkələrə həm hərbi, həm də maddi cəhətdən kömək edirdisə, digər tərəfdən ABŞ kapitalist sistemi və NATO vasitəsi ilə dəstək göstərməyə çalışırdı.
1990-cı illərdə SSRİ-nin dağılması, müstəqil dövlətlərin yaranması ilə sistem dəyişikliyi baş verdi. Avropa, Asiyada müstəqil dövlətlər yarandı və sonrakı dövrdə rəqabət azalmağa başladı. Çünki sosialist sistem dağılmışdı, onun yerinə isə zəif Rusiya var idi. Rusiyanın qarşısında həmin dövrdən sonra yeni vəzifə - keçmiş imperiyanı bərpa etmək istəyi durdu. Qərbdə Amerika başda olmaqla uzun müddət bu fikrə laqeyd yanaşdılar və nəticədə hazırda baş verən proseslərdə Rusiyaya bir çox şeyi güzəştə getmək məcburiyyətində qalıblar. İlk vaxtlardan Qərb digər ölkələrə kömək etmədi. Nəticə olaraq Rusiya bütün dünyaya meydan oxuyur və təəssüf ki, tarixi hadisələr təkrarlanır. Necə ki, faşist Almaniyası dövründə Hitler bütün dünyaya meydan oxudu, Avropa ölkələrini bir-bir öz təsirinə aldı, işğal etdi və Qərb də işğalçıya qarşı qüvvələri birləşdirmək yerinə, onu sakitləşdirmək, rüşvət vermək yolunu tutdu. Nəticədə İkinci Dünya Müharibəsi başladı və 50 milyon insanın həyatının sona çatması ilə nəticələndi.
Bu günün özündə də Qərb işğalçıya qarşı güclü tədbirlər görmək əvəzinə yenə də onu sakitləşdirmək mövqeyi tutur. İşğala məruz qalmış Ukraynaya vaxtında lazımi kömək olmadı və müqavimət göstərə bilmədi. Sonradan verilən kömək işğalın qarşısını müəyyən qədər alsa da, bu gün ABŞ-də Trampın hakimiyyətə gəlməsi ilə işğal edilən torpaqların Rusiyaya verilməsi, Ukraynanın isə bununla barışması tələb edilir. Tarixə nəzər salsaq görərik ki, bu cür sülh yaratmaq istəyi çox təhlükəlidir. Necə ki, 1938-ci ildə Münxen sazişi ilə Çexoslovakiyanın Südet vilayətini almanlara verdilər ki, Hitleri sakitləşdirsinlər. Əvəzində isə bir az keçəndən sonra Almaniya bütün Çexoslovakiyanı işğal etdi və ondan sonra ikinci Dünya Müharibəsi başladı. Hazırkı vəziyyət də eyni nəticəyə gətirib çıxa bilər, ona görə də, bu cür mövqedən çıxış etmək Amerikanın adına heç də xoşagələn addım deyil. Bu, həm Amerikanın özünü zərbə altında qoya bilər, həm də Avropanı. Avropa dövlətləri bunu başa düşdükləri üçün müqavimət göstərmək və Ukraynanı müdafiə etmək yolunu tuturlar. Ancaq onların imkanları hərbi-strateji baxımdan ABŞ ilə eyni deyil, müəyyən müddət lazımdır ki, Avropa Ukraynaya Amerika səviyyəsində yardım etsin.
- Trampın bu addımını ABŞ siyasətinin maskasız forması kimi qəbul etmək olarmı?
 

- Bu, son illərdə tək ABŞ-də deyil, bir çox Avropa ölkələrində təsadüfü adamların hakimiyyətə gəlməsinin təzahürüdür. Onların avtoritar mövqedən çıxış edərək qanunları, siyasi qaydaları qəbul etməmələri ağır nəticələrə gətirib çıxarır. Bəli, dövlətin idarəçiliyində iqtisadi maraqlar, mənafelər lazımdır. Ancaq başqa dövlətlərin mənafelərini ticari qaydada müzakirəyə çıxarmaq, ticarət obyektinə çevirmək və diktə etmək qəbul edilən deyil. Dünyada uzun müddət formalaşan etiket qaydaları var idi və bunların hamısını birdən-birə alt-üst edib bazar səviyyəsində müzakirələr açmaq və müttəfiq hesab etdiyin dövlətin başçısını təşkil olunmuş şəkildə aşağılamaq siyasətçiyə yaraşan addım deyil. Təbii ki, o da müqavimətlə rastlaşacaq və bu, yaxşı nəticə verməyəcək. Amerika üçün bu, çox utandırıcı addım idi. Son illərdə istər Amerikanın, istərsə də Avropanın deqredasiyaya uğradığının göstəricisi idi. Bu cür təsadüfü adamlar, siyasi etika, dövlət qaydaları bilməyənlər hakimiyyətə gəliblər. 


- Bütün dövrlərdə dünyanın xəritəsini dəyişməyə çalışan güclər olub. Bu baxımdan Ukrayna nə etməlidir?
 

- Xəritələrin dəyişdirilməsinin qarşısını almaq üçün İkinci Dünya Müharibəsindən sonrakı illərdə qaydaları müəyyənləşdirmək zərurəti yaranmışdı. 1975-ci ildə Helsinki sazişi imzalandı və həmin sazişdə göstərilmişdi ki, güc və hərbi yolla xəritələri dəyişmək olmaz. Bütün ölkələr də o prinsipi qəbul etdi. ABŞ dövlət olaraq qəbul etdiyi prinsipin birdən-birə pozulmasını təşviq edir və bildirir ki, Rusiya o torpaqları işğal edib və həmin torpaqlar ona qalmalıdır. Bu kimi fikirlər onun özünün imzaladığı sənədin əleyhinə getməsi deməkdir. Trampın etdikləri əslində öz dövlətini nüfuzdan salmaqdır.
1994-cü il Budapeşt memorandumuna görə, Ukraynada 2 minə yaxın nüvə başlığı var idi. Onların da çoxu hətta strateji, qalanları isə taktiki idi. Ukrayna ümumi razılıq əsasında Rusiya, Amerika və Avropanın nüvə dövlətlərinin iştirak etdiyi həmin memorandum əsasında nüvə başlıqlarını təhvil verdi. Bununla da nüvə dövləti olmaqdan imtina etdi. Həmin memoranduma görə, bu dövlətlər Ukraynanın ərazi bütövlüyünün və toxunulmazlığının qarantı kimi öhdəlik götürdülər. İndi təminatçı dövlətlərdən biri Ukrayna ərazisini işğal edib, o biri isə işğalçıya haqq qazandırır. Bütün bunlar dünyada siyasi dəyərlərin gözdən düşdüyünü göstərən böhrandır. Müharibədə Ukrayna tərəfindən çıxış etmək, onu müdafiə etmək və Rusiyaya qarşı çıxmaq Amerikanın mənəvi borcudur. İndi Ukraynanın tam ixtiyarı var ki, o müqavilədən imtina etsin, nüvə silahı yaratmağa başlasın. Əgər Ukraynanın əvvəldən nüvə silahı olsaydı, heç bir ölkə onun ərazilərinə hücum edə bilməzdi. Ukrayna Amerika və digər ölkələrə inandı və nəticə də göz qabağındadır. 


- Siz Rusiyanı faşist Almaniyasına bənzətdiniz. Bu baxımdan Rusiyanı da eyni aqibət gözləyə bilərmi?


- Rusiya yarandığı dövrdən həmişə işğalçı dövlət olub. Rusların ümumi ideologiyasıdır, ziyana düşsələr belə, torpaq işğal etmək istəyirlər. Baxın, Rusiya ərazisinə görə dünyada ən böyük dövlətdir. Sovet vaxtı əfsanələr uydururdular ki, müxtəlif dövlətlər könüllü şəkildə Rusiyaya birləşib. Hətta guya Azərbaycan Rusiyaya birləşəndə bayram edib. Rusiya dövlət olaraq imzasına hörmət etmir. Ölkələrlə müqavilə imzalayır, sonra o müqaviləni ayaqlayır, üstündən keçir. Görünən odur ki, Amerika da, Avropa da Rusiyanın dağılmasından qorxur. 


- Dünyanın güc bölgüsündə digər faktor da Çindir. Siz bu ölkənin Ukrayna müharibəsində yerini harada görürsünüz, irəliləyən proseslərdə Avropa, ABŞ və Türkiyənin hadisələrə yanaşması necə ola bilər?


- İstər iqtisadi, maliyyə, istərsə də digər məsələlərdə Amerikanın əsas rəqibi Çindir. Hərbi potensiala görə Çin günbəgün güclənir. Tramp da guya Rusiya ilə dostluq etməklə onun mövqeyin neytrallaşdırmaq istəyir. Bu çətin məsələdir. Məsələləri təkcə iqtisadiyyat həll etmir. Uzun müddətli məsələlər və məqsədlər var. Rusiya günü-gündən zəifləyərək Çinin təsiri altına düşür. Bu saat Rusiya bütün hərbi potensialını Ukraynaya qarşı yönəldib. Çin istəsə bir neçə həftəyə bütün Uzaq Şərqi ələ keçirə bilər. Çünki Rusiyanın nüvə silahından başqa heç bir gücü qalmayıb. Ancaq Çinə bu sərf etmir, o yumşaq siyasət tərəfdarıdır. Uzaq Şərqin çox hissəsini mənimsəyib və təsirinə salıb. Ona görə də, Rusiyanın mövqeyini neytrallaşdırmaq Amerika üçün nəticə verməyəcək addım ola bilər. Nəticədə bu addım Amerikanı Avropa müttəfiqlərindən uzaqlaşdıra bilər. Son aylarda da Amerikanın xarici siyasətinə baxdıqda görürük ki, Birinci Dünya Müharibəsində olduğu kimi, indi də izolyasiya siyasəti yürütmək istəyir. Bütün diqqəti daxili məsələlərə verərək, aradakı okeandan istifadə etmək istəyir. 
Türkiyənin roluna gəldikdə isə o, getdikcə güclənir və Amerikadan sonra NATO-nun tərkibində ən böyük orduya sahibdir. Avropanın da bu saat Rusiyaya qarşı hərbi gücə ehtiyacı yaranıb, buna görə də həm də Türkiyəyə ehtiyacı var. 


- Bəs, Türkiyə-Rusiya münasibətləri necə olacaq?


- Münasibətlər hazırda yaxşı olsa da, Türkiyə hələ də iddia edir ki, Krım Ukraynanındır və əgər Krım Ukraynadan alınacaqsa, onda Türkiyəyə verilməlidir. Çünki onlardan qabaq həmin ərazi türklərin olub. Bu, siyasətdir və əsas qazananlar faydalanmağı bacaranlardır.


- Siyasəti, tarixi yaxşı bilən birinin birdən-birə siyasətdən çəkilməsi qəribə haldır. Sizi deyirik, maraqlı və inandırıcı yanaşmanız var. Etibar Məmmədov siyasətdən ötrü darıxır, yaxud siyasət Etibar Məmmədov üçün darıxır?
 

- Mənim getməyimin səbəbləri var idi. Siyasətin mənim üçün darıxıb - darıxmadığını siz jurnalistlər müəyyənləşdirə bilərsiniz. Mən müəllim kimi də çalışmışam, tarixçi kimi bu prosesləri bilməyim təəccüblü deyil. Ancaq darıxmaq məsələsinə gələndə əlbəttə, insan bu proseslərin içində olmaq istəyər. Lakin mənim siyasətdə olmağımın ziyanı olacaqsa, milli mənafe xətrinə çəkilməyim daha yaxşıdır. Siyasətdə qalmağım ümumilikdə təhlükə yaradırdı, bundan istifadə etmək istəyən insanlar idi. Bundansa siyasətdə olmamağım daha yaxşı idi. Çünki həmin dövrdə həvəsi olanlar, sinəsinə döyənlər çox idi ki, nəsə nəticə əldə edəcəklər. Meydan onlara verilib ki, nəticə əldə etsinlər. 


- 1990-cı illər Azadlıq hərəkatının önündə gedənlərdən biri idiniz, sizin o dövrdə mübarizə apardığınız ideyalar bu gün gerçəkləşibmi? 30 il əvvəl görmək istədiyiniz Azərbaycan bugünkü Azərbaycanla üst-üstə düşürmü?


- Çox hissəsi reallaşıb. Hərəkat başlayanda əsas problemlərimdən biri hansı istiqamətlərdə gedəcəyimiz, hansı mərhələlərlə addımlayacağımız idi. Mənim fikrim ondan ibarət idi ki, biz azadlıqdan demokratiyaya getməliyik, yəni əvvəlcə milli azadlığımızı təmin edib sonra demokratik dövlət qurmaq istiqamətində fəaliyyət göstərməliydik. Bəziləri də var idi ki, deyirdi ki, SSR-nin dağılması hələ mümkün deyil, Xalq Cəbhəsinin təsis konfransında mənim tələblərimdən biri ondan ibarət idi ki, Xalq Cəbhəsinin proqramına Azərbaycanın müstəqilliyi uğrunda hərəkat əsas vəzifə kimi daxil olsun. Əksəriyyət SSR-nin dağılması haqqında heç düşünə də bilmirdi. Tarix göstərdi ki, biz əvvəl müstəqil olduq, demokratik cəmiyyət uğrunda hərəkat isə hələ ki  istədiyimiz nəticələri verməyib. 

- Eyni əqidədə olduğunuz Əbülfəz Elçibəy və İsa Qəmbərlə bu səbəbdən ayrıldınız?


- Bəli. 1991-ci ilin avqustunda Xalq Cəbhəsinin birinci qurultayı ərəfəsində mən yenə də təkliflə çıxış etdim ki, qurultayda dəyişiklik lazımdır. Biz müstəqil dövlətin yaradılmasını proqram kimi bu qurultayda qəbul etməliyik. Onlar yenə də bunun əleyhinə çıxdılar və mən elan etdim ki, Xalq Cəbhəsindən ayrılıram. İki ay sonra, oktyabrda müstəqillik reallaşdı, onların iddialarının səhv olduğu isə faktiki olaraq təsdiqləndi. İki ay əvvəl öz qurultaylarında müstəqilliyi proqram kimi qəbul etmədilər, ancaq mənim fikrim o idi ki, vaxtında qəbul olunsaydı və sonradan demokratikləşməyə biz mərhələ-mərhələ keçsəydik, bu daha yaxşı nəticələr verə bilərdi. Sonra isə onların hakimiyyəti demokratik prinsiplərlə idarə edəcəyi vəd olunsa da, vədlərini həyata keçirməyə hazır olmadıqları göründü. 
 

- Siyasətdə olduğunuz dövrdə sizi həmişə müxalif mövqedə görmüşük. Heç bir siyasi partiya, heç bir siyasi fiqurla davamlı yola getməməyinizin səbəbi nə idi?


- Hakimiyyət dəyişəndə və hakimiyyət bölgüsü müzakirə olunanda birinci tələbim bu oldu ki, seçkinin vaxtı elan edilsin, parlament seçkiləri keçirilsin və müstəqil dövlətin Konstitusiyası qəbul edilsin. Onlar da mənim tələblərimi yerinə yetirmədikləri üçün birlikdə ola bilmədim. Daha sonrakı dövrdə, hakimiyyət dəyişəndə yenə də vəzifələr təklif olundu, eyni məsələni yenə qaldırdım – parlament seçkisinin vaxtı təyin edilsin, yeni Konstitusiya qəbul edilsin və mən də hökumətdə iştirak etməyə razılaşım. Dedilər onun vaxtı deyil, bunun üçün də digər hökumətlərdə də yer almadım. 


- 1998 və 2003-cü illərdə prezidentliyə namizəd olmusunuz. O zaman Prezident olsaydınız, Azərbaycanın inkişafını hansı istiqamətə aparacaqdınız?
 

-  Seçiləndə hansı işləri görəcəkdim, proqramlar indiyədək qalır. 


-   Qarabağı işğaldan azad edə bilərdinizmi?
 

-  Təbii ki, mən əvvəldən elan etmişdim ki, danışıqlar yolu ilə bu problemlərin həlli mümkün deyil. Ancaq hərbi-siyasi yolla həll oluna bilər. Qarabağ işğal olunandan bu fikrimdə heç vaxt dəyişiklik olmayıb. Tarix də göstərdi ki, hərbi yol alternativsizdir. 


-  Bəs, Qərbi Azərbaycanla bağlı siyasətiniz hansı yöndə olardı?
 

- Təbii ki, bu mövzu mənim əsas prioritetim olardı. Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın tam hüququ var ki, öz yurdlarına qayıtsınlar, onların həm mülkiyyət, həm də siyasi hüquqları var. Bunların bərpa olunması da qarşıda duran əsas məqsədlərdən biridir, ancaq bunun üçün çoxlu təşkilati işlər görülməlidir. 


-  Hər bir insan geriyə baxanda hansısa məqamlara görə təəssüflənir, hələ bu şəxs siyasətlə məşğul olursa, yəqin peşmançılıq hissi daha çox olar. Siz arxada qalan illərdə edə bilmədiyiniz nələrə təəssüflənirsiniz?
 

- Təəssüflənməli çox şeylər olub. Keçmişdə bunu belə etməsəydim, başqa nə cür olardı və yaxud onu niyə görə etdim, başqa cür edə bilərdim kimi fikirlər həmişə olub. Çox müzakirə etmək olar, ancaq nə olubsa, göz qabağındadır və gizli bir şey yoxdur. 


- Azərbaycanda müxalifət çox zəifdir. Siyasi mühiti aktivləşdirən bir faktor da siyasi partiyalardır. Siz bu partiyaların mövqeyi, nüfuzu haqqında nə düşünürsünüz? Azərbaycanda 20 ildir eyni yerdə olan müxalif liderlər, siyasi partiyalar var. Sizcə, hazırkı müxalifət iqtidara gələ biləcək gücdədirmi?


- Bu şəkildə nəticə əldə etmək çətindir, hətta mən deyərdim ki, mümkünsüzdür. Cəmiyyət fəal olmayanda, hansısa məmur öz yerində çox oturanda, onun da üzərində ictimai nəzarət olmayanda cəmiyyət çöküşə doğru gedir. Prezident özü də vurğulayıb ki, ictimai nəzarət lazımdır. Bu nəzarəti həyata keçirən bir neçə qurum var. O qurumların ciddi səlahiyyətləri olmalıdır. Qanunvericilikdə dəyişiklik olmalıdır. Necə ki, vaxtı ikən hökumət üzərində parlamentin nəzarət mexanizmi var idi. Hazırda hökumətin üzərində heç bir nəzarət yoxdur, ilk növbədə bunu qaytarmaq lazımdır. Belə olsa, nazirlərdən tutmuş, digər məmurlara qədər üzərlərində nəzarət və məsuliyyət hiss edərlər. İctimai nəzarətin bir forması da mətbuat vasitəsi ilə həyata keçirilir. Mətbuatın üzərində müəyyən öhdəliklər olduğu kimi, mətbuatın üzərinə məsuliyyət də qoyulur. Mediada azadlığın olması o demək deyil ki, jurnalistlər istədikləri adam haqqında istədikləri şeyi yazacaq, amma nəticədə heç bir məsuliyyət daşımayacaq. Onda hamıya böhtan da atıla bilər, insanların karyerasına ziyan dəyə bilər, hətta şəxsi həyatın toxunulmazlığı məsələsi də özünü doğrultmaz. Bu kimi hallar olmamalıdır, amma mediaya ictimai nəzarəti həyata keçirməyə imkan yaradılmalıdır. 


- Dediyinizdən belə başa düşmək olar ki, bu gün müxalifət Azərbaycanda yeni bir mühit yaradacaq gücdə deyil və buna görə də iqtidarın yaratdığı mühitlə ayaqlaşmaq məcburiyyətindədir. Onda 20 ildir dəyişməyən müxalif kimə lazımdır?
 

- Düzgün səslənməsə də, deyək müxalifət dağılsın. Dağılmayacaq axı. Öz-özünə heç kim heç nədən imtina etmir.


- Amma siz etdiniz...
 

- Bu mənim şəxsi qərarım idi. Başqaları nə qərar qəbul edəcəklər, onların işinə qarışa bilmərəm. Mən o fikirdə deyiləm ki, siyasi fəaliyyət olmamalıdır. Siyasi fəaliyyət də, partiyalar da olmalıdır. Bu partiyalar cəmiyyətin bir hissəsidir və onların olmasının cəmiyyətə, dövlətə xeyri var. Dövlətin inkişafı və idarə olunmasında ayrı-ayrı qüvvələrin iştirakı vacibdir. Rəqabət inkişaf yaradır. Rəqabət olmayan yerdə siyasətdən idmana qədər, heç bir sahə inkişaf edə bilmir. 

- Etibar bəy, bu gün bütün dünyada sanki siyasi partiyalara əvvəlki ehtiyac yoxdur. Siz bu fikirlə razısınız?
 

- Mənim fikrimcə elə deyil. Vaxtı ikən bu fikir qlobalistlərin idi, onlar düşünürdü ki, partiyalar əvəzinə Qeyri-Hökumət Təşkilatları yaratmaq lazımdır. Partiyalarla işləmək çətindir. Burada müxtəlif fikirli, siyasi düşüncə, təfəkkür, ideya və məqsədi olan insanlar toplaşırlar. Ona görə də, həmin qlobalistlər son illərdə QHT-lərin inkişafına diqqət etməyə başladılar və hökumətlərə də təzyiq etdilər ki, QHT-lərin yaranmasına şərait yaradın. Siyasi partiyalardansa, QHT-lərlə hökumətlərə təzyiq edin. Siyasi təşkilatlara sadəcə etnik qarşıdurma yaradan, faşist mövqeli təşkilat olamaması üçün məhdudiyyətlər qoyulmalıdır, başqa digər sahələrdə onlara sərbəstlik verilməlidir ki, fikirlərini cəmiyyətə çatdıra bilsinlər.
Bu cür səhv fikrin nəticəsində bu gün Avropa, elə Amerikanın özü də siyasətə aid olmayan insanları hakimiyyətə gətirirlər. 


- Gəncliyin siyasətə yanaşmasını necə qiymətləndirirsiniz?
 

- Passivlik və çəkingənlik var. Gənclərə də sərbəstlik vermək lazımdır ki, hansısa mövzuda fikirlərini bildirə bilsinlər. Onlara deyəndə ki, sən bütün məsələlər haqqında fikir bildirə bilərsən, amma siyasi məsələlərə toxunma. Təbii ki, bu, onların passivləşməsinə gətirəcək. Siyasi məsələlərə də toxunsunlar, iqtisadi məsələləri də müzakirə etsinlər, elmi-ədəbi, hər məsələ haqqında müzakirə açsınlar. Gənclərə məhdudiyyət qoymaq lazım deyil. Müzakirə və mübahisələrdən yeni kadrlar ortaya çıxır. Diplomlarına, ailələrinə baxmaqla müəyyən edə bilmərik ki, hansı gənc daha yaxşıdır. Onlara şərait-imkan yaratmaq lazımdır ki, düşüncələri formalaşsın, baxışları qətiləşsin. Bu cür olarsa, perspektivli gəncləri asanlıqla seçmək olacaq. 


- 30 il əvvəl Azərbaycan siyasətçisinin portreti Etibar Məmmədovun simasında onun kimi fəaliyyəti olanlar idi. Müasir Azərbaycan siyasətçisinin portretinin necə görürsünüz?
 

- Siyasətçinin mövqeyi çərçivəsiz olmalıdır. Fikri varsa, deməlidir. Bizim dövrümüzdə cəsarətli olmaq düşmənə qarşı idi. Biz başqa dövlətin əsarətində idik və ondan çıxmaq üçün həm sovet hökumətinə, həm də rus şovinizminə qarşı mübarizə aparırdıq. Söykənəcəyimiz yer də var idi – millətimiz. Bu gün mühit tamamilə fərqlidir. Biz rəqibə düşmən kimi baxmamalıyıq. Bəziləri bunu başa düşmür, istər hakimiyyətdə olanlar, istərsə də müxalifətdə olanlar. Qarşısındakına düşmən münasibəti bəsləyir və bu da çox vaxt cəmiyyət tərəfindən qəbul edilmir. Vəzifə davası kimi başa düşülür. Bundan çıxmaq lazımdır, siyasətçilər arasında rəqabət olmalıdır. Rəqabət düşmənçiliyə gətirib çıxarmamalıdır. Biz sovet hakimiyyətinə, rus müstəmləkəsinə qarşı vuruşmağımızla daxildəki rəqabəti eyni səviyyəyə qoya bilmərik. Bu gün mənim gənclərdən istəyim fəal olmaları, fikirlərini demələridir. 


-  Müxalifətçilərlə görüşürsünüzmü, yoxsa siyasətdən gedişinizlə siyasətçilərlə də əlaqənizi kəsdiniz?
 

- Sonuncu dəfə İlyas İsmayılovun dəfnində bir neçə siyasətçi ilə görüşdüm. Ancaq tədbirlərdən-tədbirlərə görürəm.
 

- Bəs iqtidar rəhbərliyi ilə necə?
 

- Onlarla da həmçinin, tədbirlərdə görüşürük.


-  Siyasətdən getdikdən sonra hansı işlərlə məşğul oldunuz?
 

- Hazırda təqaüddəyəm, bununla bağlı hansısa problemim yoxdur. Nəvələrlə də məşğul oluram. Çox istəyərdim ki, təcrübə və imkanlarımdan faydalansınlar, ancaq istəmirlərsə özləri bilər. 


- Qərbi Azərbaycan kökənlisiniz və son vaxtlar bu sahədə görülən işlərlə bağlı fikirlərinizi bilmək olar?


- Son vaxtlar bu sahədə son dərəcə sistematik fəaliyyət həyata keçirilir. Ermənistanda baş verən hadisələrə də reaksiya verilir, beynəlxalq təşkilatlarda da bu məsələlər qaldırılır. Dövlət tərəfindən də bu sahəyə kifayət qədər həssas yanaşma var.


- Qərbi Azərbaycan İcmasının tədbirlərində sizi görə bilmirik. 
 

- Getməməyimin səbəbi dəvət olunmamağımdır. Dəvət etsəydilər, heç vaxt imtina etməzdim.


-  Torpaqlarımızın 20 faizi 30 il işğal altında qaldı. Ukrayna kimi ölkənin də 20 faiz torpağı hazırda işğal olunub. Sadə insanların, Ukraynanın başına gələnlərə şahidik. Sual çıxır, hansı möcüzə Azərbaycan torpaqlarını işğaldan azad edilməsinə kömək oldu?
 

- Burada "dəmir yumruq", lider məsələsi əsas faktor idi. Bu məsələdə fikir ayrılığı yox idi. Azərbaycan heç bir halda güzəştə getmədi. Nə ərazi mübadiləsi, nə ölkə daxilində muxtariyyət məsələsində heç bir tərəddüd oldu. Sadəcə, hərbi yolla Qarabağın azadlığı üçün hazırlıqlar getməli idi. Uzun illər bu hazırlıqlar getdi. Düzgün mövqe seçildi və hamımızın istəyi bu prosesin tezləşməsi idi. Müəyyən şərait yarananda ən önəmli olan qətiyyət idi. Müharibədə qətiyyətli qərar hər şeyi həll edir. Prezident də o qətiyyətli qərarların verilməsində möhkəm və birmənalı oldu və bütün qərarların arxasında dayandı. Əsgər komandana o zaman nəticə verir ki, komandanda tərəddüd olmasın. Müharibə başlayandan mən Prezidentdə bir an da tərəddüd hiss etmədim. 
Bu, əsgərə də, cəmiyyətə də güc verdi və hər kəs öz öhdəsinə düşənləri layiqincə yerinə yetirdi. Eyni zamanda, dünyada baş verən proseslər də imkan verdi ki, diplomatiyamız bu münaqişədən tənzimləmək üçün istifadə edə bilsin. Beləliklə, bəzi rayonlarımız müharibəsiz azad olundu. Təbii ki, bu da o iradənin, qətiyyətin bəhrəsi idi. İkinci mərhələdə isə ümumiyyətlə ərazi separatçılardan təmizləndi. Bunlar xalqımız üçün çox böyük nəticədir və çoxları bunu gözləmirdi. Hətta bəzilərinə görə, əməliyyatlar olarsa, biz daha çox ərazi itirə bilərik fikri var idi. Lakin reallıq tamamilə fərqli oldu. Tərəddüdsüzlük və qətiyyət, əsgərlərimizin yaxşı hazırlığı və şücaəti bu məsələni həll etdi. 


- Son zamanlar Azərbaycanın xarici siyasəti fərqli aspektlərdən irəliləyir, artıq regional deyil, beynəlxalq aləmə inteqrasiya, güclü dövlətlərlə əməkdaşlıq göz önündədir. Siz nə düşünürsünüz, Azərbaycan bu müstəviyə necə çıxa bilir?


- Azərbaycan dünyada yaranmış vəziyyətdən mümkün qədər yararlana bilir. Azərbaycan da regionda aparıcı mövqe tutmaqla yanaşı, bundan sonra regiondan kənarda da söz sahibi olur, güclü faktora çevrilir.


- Şuşa Bəyannaməsi Azərbaycan üçün nə ehtiva edir. Bu bəyannamə bizi hansısa xarici təhlükələrdən qoruyan qalxandırmı? 
 

- Bəyannamədə Türkiyə ilə Azərbaycanın biri-birinə qarşı öhdəlikləri var. Hərbi müttəfiqinin olması və onun üzərində öhdəliklərin olması istənilən dövlət üçün arxayınlıq yaradır, onu daha da güclü edir. 
- Etibar bəy, söhbətimiz başlayarkən sizi müxalifətdə olan siyasətçi kimi təqdim etdik. Bəs bu gün haradasınız?
 

- Mən elə öz yerimdəyəm.
- Aprelin 2-si 70 yaşınız tamam olur. Kifayət qədər gümrah qalmısınız, hətta xarici görünüşünüz və səhətiniz 30 il əvvəlkindən daha yaxşı hesab oluna bilər. Siyasətdən getməyiniz sizi gəncləşdirdi, yoxsa başqa sirləriniz də var?
 

- Siyasətdən uzaqlaşandan sonra insan dincəlməyə daha çox vaxt ayıra bilir. Gümrah qalmağın sirri fəal olmaqdan ibarətdir. Həmişə müsbət düşünmək lazımdır. İdmanla məşğul olmalı, özünü rahat hiss etdiyin yerdə vaxt keçirməlisən. Tək özün haqqında deyil, hamı haqqında mənfi düşüncələrdən uzaq olmalı, insanlara qarşı xoş davranmalısan. 


- Siyasətçilər üçün həmişə müsbət şeylər düşünmək çətin deyil?
 

- Əsl siyasətçi ancaq müsbət şey düşünüb onu həyata keçirməyə çalışmalıdır. 


- Amma 70 yaşlı siyasətçilər iddia edirlər ki, bu gün pensiya ilə dolana bilmirlər. 
 

- Dövləti idarə etməyə iddialı olan adam birinci ailəsini təmin etməyi bacarmalıdır ki, sonra dövlətin idarəçiliyində iştirak etsin. Siyasətdə olan adam şikayətçi olmamalıdır. 


- Yubileyinizi necə keçirəcəksiniz, gözlədiyiniz xüsusi hədiyyə, təltif, medal varmı?


- Yubileyimi ailəmlə və partiyadan olan siyasi tərəfdaşlarımızla birlikdə qeyd edəcəyik. Xüsusi gözlədiyim hədiyyə nə ola bilər ki, onlar haqqında düşünmürəm. Olanda olur, olmayanda da olmur, elə bir iddiam yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Aİ sammitinin Ukrayna ilə bağlı qərarını bloklaya bilər

04 Mart 2025 03:00see185

Emosional sarsıntılar və çaşqınlıqla üzləşməyə hazır olun...

04 Mart 2025 02:00see139

“Barselona” mövsüm sonuna qədər doğma stadiondan məhrum qalacaq

04 Mart 2025 00:58see136

Finlandiya prezidenti Ukrayna ilə bağlı maraqlı şərt irəli sürdü: ABŞ Rusiya ilə yan yana ola bilməz

05 Mart 2025 11:03see124

Ekoloqlar yanğın yerinə GETDİLƏR

05 Mart 2025 11:03see123

Bu içkilər kokain asılılığına bərabərdir

04 Mart 2025 02:11see121

İlon Mask amerikalıların şəxsi məlumatlarını araşdırmaqda ittiham olunur

05 Mart 2025 11:03see121

Ronaldosuz “Əl Nəsr” Tehranda heç heçə oynadı

04 Mart 2025 00:34see121

“Abşeron” və “Milli Aviasiya Akademiyası” turu qələbə ilə bitirib

05 Mart 2025 01:34see121

Çin hərbi büdcəsini kəskin artıracaq

05 Mart 2025 20:40see118

Dağıstanda silahlı toqquşma: 4 terrorçu öldürüldü YENİLƏNİB

05 Mart 2025 08:40see114

Ağ Ev Tramp Zelenski danışıqlarının bərpası üçün şərtləri açıqlayıb

04 Mart 2025 07:48see114

Ərdoğan və İlham Əliyev iftar süfrəsində

05 Mart 2025 21:24see113

Gəncədə avtomobillər toqquşdu: Yaralı var Fotolar

05 Mart 2025 21:04see113

Mask Oskar mükafatlarına da əl gəzdirəcəyini dedi

04 Mart 2025 03:13see111

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR 10 12 martdan…

05 Mart 2025 04:30see111

Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado

05 Mart 2025 07:20see111

Starbucks Rusiya bazarına qayıdır

05 Mart 2025 07:41see110

Dövlət qurumlarına məxsus nəqliyyat vasitələri satışa çıxarılır

05 Mart 2025 09:09see110

Ermənilərin ABŞ dən deportasiyası: “Tramp belə addımlarla öz nüfuzunu…”

04 Mart 2025 22:26see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri