HƏMAS Türkiyəsiz masaya oturmaq istəmir Türkiyəli politoloq
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Dohada HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və hərəkatın Siyasi Bürosunun üzvləri ilə görüşüb.
Bu görüşü Redaktor.az-a şərh edən türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Amerika Birləşmiş Ştatlarının Donald Tramp tərəfindən irəli sürülmüş 20 maddəlik Qəzza təklifi ilə bağlı olaraq, HƏMAS-ın bəzi narahatlıqları və bəzi maddələrlə bağlı qeyri-müəyyənliklər mövcuddur:
"Bu məqamlarla əlaqədar olaraq, Türkiyə xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın HƏMAS rəsmiləri ilə görüş keçiriblər. Bu görüşün ardınca, HƏMAS-la məqbul bir orta yolun tapılması istiqamətində Türkiyənin vasitəçi rolunu üzərinə götürdüyünü müşahidə edirik. Çünki HƏMAS Türkiyəyə güvənir. HƏMAS və region ölkələri, xüsusilə də İsrail və Amerika Birləşmiş Ştatlarının İsrailə verdiyi qeyri-məhdud dəstəyə görə güvənsizlik hissi keçirirlər. HƏMAS bu güvənsizliklə bağlı olaraq, Türkiyənin danışıqlarda zəmanətçi ölkə statusunda iştirak etməsini tələb edə bilər".
Politoloqun fikrincə, Türkiyənin zəmanətçiliyi ilə HƏMAS-ın razı salınması ehtimalı mövcuddur:
"Çünki beynəlxalq ictimaiyyətdə İsrailin Baş naziri Netanyahunun Türkiyəsiz bir sülh danışıqları formalaşdırmaq istiqamətində təşəbbüsləri barədə məlumatlar yayılıb. Bununla yanaşı, HƏMAS-ın Türkiyənin mütləq şəkildə danışıqlar masasında və zəmanətçi ölkə kimi iştirak etməsini istədiyinə dair məlumatlar da mövcuddur. Bu məqamdan çıxış edərək demək olar ki, Türkiyənin vasitəçiliyi ilə danışıqlar masasındakı HƏMAS razı salına bilər", - deyə İsmail Cingöz vurğuladı.
Xədicə BAXIŞLI


