Kataliz və Qeyri üzvi Kimya İnstitutunun 90, akademik Toğrul Şahtaxtinskinin 100 illiyinə həsr olunan konfrans keçirilir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 90 və Azərbaycanın görkəmli kimyaçı-alimi, akademik Toğrul Şahtaxtinskinin 100 illik yubileylərinə həsr olunmuş respublika elmi konfransı işə başlayıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Konfransın açılışında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aparılan tədqiqatlar dünya alimlərinin diqqətini ölkə elminə yönəldib. İnstitutun ölkəmizə görkəmli alimlər bəxş etdiyini söyləyən AMEA rəhbəri həmin alimlərdən biri olan akademik Toğrul Şahtaxtinskinin zəngin yaradıcılığı barədə məlumat verib. Bildirib ki, akademik Toğrul Şahtaxtinski uzun müddət Azərbaycan Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərib, AMEA-nın inkişafında, elmi-təşkilati fəaliyyətində mühüm rol oynayıb.

Akademik İsa Həbibbəyli Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi məktəblərin formalaşdığını vurğulayıb. AMEA rəhbəri institutun dünya elminin qarşıya qoyduğu yüksək tələblərə uyğun şəkildə fəaliyyət göstərdiyini qeyd edərək deyib: “Modernləşmə prosesi nəticəsində institutun fəaliyyəti yenidən qurulub, kimya elminin aktual problemləri üzrə tədqiqatlar genişləndirilib, yeni elmi istiqamətlər müəyyənləşdirilib. İnstitut əməkdaşlarının məqalələri kollektivin elmi intellektual səviyyəsini, Azərbaycan elminə gətirdiyi yenilikləri, eləcə də institutun dünya elmində tutduğu yeri əyani şəkildə təsəvvür etməyə imkan verir”.
Sonra AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev rəhbəri olduğu müəssisənin fəaliyyəti və akademik Toğrul Şahtaxtinskinin elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edib. O, institutun alimlərinin fundamental və tətbiqi tədqiqatlar apardıqlarını vurğulayıb. Bildirib ki, həmin tədqiqatlardan resirkulyasiya nəzəriyyəsinin yaradılması, kimya komplekslərinin optimallaşdırılması və modelləşdirilməsi, geokimya, kristallokimya, kimyəvi kinetika və kataliz, metalların korroziyadan mühafizəsi, kolloid kimya, qeyri-üzvi maddələrin kimyası, materialşünaslıq, koordinasion birləşmələr, mineral xammalın emalı, biomimetik kataliz, makromolekullar kimyası və digər tədqiqatları xüsusi qeyd etmək olar.
İnstitutda son illərdə əldə olunan nailiyyətləri xüsusi vurğulayan akademik Dilqəm Tağıyev qurumda iki beynəlxalq laboratoriyanın təşkil olunduğunu diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, institut əməkdaşları tərəfindən 2015-2025-cü illərdə 1800 məqalə (onlardan 1150-i “Scopus” və “Web of Science” bazalarında indeksləşən jurnallarda) və 14-ü xaricdə olmaqla, 95 kitab və monoqrafiya çap olunub. Müəssisə əməkdaşlarının məqalələrinə 19 mindən çox istinad edilib, 100 respublika patenti və Avrasiya patenti alınıb, ümumi dəyəri 4,5 milyon manat olan 34 qrant layihəsi (20-si beynəlxalq olmaqla) yerinə yetirilib. İnstitut 2023 və 2024-cü illərdə beynəlxalq SCİmago reytinq cədvəlində yer alan 9000-dən çox elmi qurum (universitet, institut, milli və özəl laboratoriyalar) arasında Azərbaycandan olan 8 elmi təşkilatdan biri olub.

Akademik Toğrul Şahtaxtinskinin Azərbaycan elminə verdiyi töhfələrdən danışan direktor bildirib ki, alimin tədqiqatları neft-kimyəvi sintez, kimyəvi kinetika və kataliz, kimya texnologiyasının nəzəri əsaslarına həsr olunub. Həmin tədqiqatlar üzvi və neft kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsi, kimya texnologiyasının elmi əsaslarının işlənib hazırlanması ilə bağlı geniş spektrə malik problemləri əhatə edir.
Dilqəm Tağıyev qeyd edib ki, Toğrul Şahtaxtinski Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Konfransda akademiklər Akif Əlizadə, Vaqif Fərzəliyev, Vaqif Abbasov, AMEA-nın akademik-katibi akademik Arif Həşimov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru dosent Rüfət Əzizov, Özbəkistan Milli Elmlər Akademiyası Ümumu və Qeyri üzvi Kimya İnstitutunun təmsilçisi professor Gülrux Beqjanova və başqaları institut kollektivini əlamətdar gün münasibətilə təbrik ediblər. Çıxışlarda, həmçinin akademik Toğrul Şahtaxtinskinin elmi irsindən bəhs olunub.
Sonda akademik Toğrul Şahtaxtinskinin ailəsi adından nəvəsi Emin Şahtaxtinski çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Respublika elmi konfransı işini seksiyalar üzrə davam etdirib.
Konfrans oktyabrın 23-də başa çatacaq.


