Icma.az
close
up
RU
Mən sədr seçiləndən sonra həmin 5 nəfər partiyadan istefa verdi MÜSAHİBƏ

Mən sədr seçiləndən sonra həmin 5 nəfər partiyadan istefa verdi MÜSAHİBƏ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Mayın 17-də Ədalət Partiyasının qurultayı keçirilib və yeni sədr seçilib. Qurultayda partiya üzvləri yekdilliklə Mütəlli Rəhimlinin namizədliyinin lehinə səs veriblər. Mütəllim Rəhimli sədr seçildikdən sonra ilk geniş müsahibəsini Modern.az-a verib. Redaksiyamızın qonağı olan partiya sədri ilə bir sıra məsələlər ətrafında maraqlı söhbətimiz olub. Müsahibəni təqdim edirik:
 

- Mütəllim bəy, partiyanın qurucusu mərhum İlyas İsmayılovun vəfatından sonra təşkilat daxilində müəyyən gərginliklər yaşandı. Bu da İlyas müəllimin vəfatından əvvəl partiyaya dair vəsiyyət etməməsi ilə əlaqələndirilir. Belə bir vəsiyyətin olmamasının səbəbi nə ilə bağlıdır?
 

- Azərbaycanda bəzən hər şeyə bir əmlak, maddiyyat kimi yanaşmaq tendensiyası var. Siyasi partiyaya da belə baxanlar var. Düşünürlər ki, bir şəxs partiyanın qurucusudursa, mütləq özündən sonra partiya onun ailə üzvünə, yaxud vəsiyyət etdiyi adama çatmalıdır. Bu yanlış tendensiyadır. İlyas İsmayılov hüquqşünas olduğuna görə, məsələni çox yaxşı bilirdi. Hətta sağlığında ona vəsiyyətlə bağlı müraciət edənlər olub, bilirəm. Düzdür, bu mənəvi baxımdan doğru deyil. Yaşlı adama müraciət etmək olmaz ki, özündən sonra partiyanın sədri olaraq kimi görmək istəyirsən... Bu açıq-aşkar onun üzünə qarşı "sən artıq həyatla vidalaşırsan" deməkdir. İlyas müəllim həmin şəxslərə çox alicənab cavab verirdi. Deyirdi ki, özünüz yığışıb qərar verərsiniz. Hətta bir neçə dəfə sağlığında “qocalmışam, yığışın aranızdan sədr seçin” demişdi. O, çox gözəl bilirdi ki, partiya vəsiyyət ediləcək mülk deyil. Sədrin müəyyən edilməsi istiqamətində bütün məsələlərin qanunlar çərçivəsində həllini istəyirdi. Bilirdi ki, bu, Ədalət Partiyasının nizamnaməsi və "Siyasi partiyalar haqqında" qanuna uyğun tənzimlənməlidir. Ona görə də partiya ilə bağlı heç bir vəsiyyəti yox idi. İlyas müəllim partiyaya rəhbərlik edə biləcək şəxslər yetişdirmişdi. Onun ən böyük fəaliyyəti də bundan ibarət idi. Bizim partiyanın bəzi rayon təşkilatlarının rəhbərləri var ki, onlar da sadrliyə layiq şəxslərdir. Məsələn, Naxçıvan təşkilatının sədri İsa Mirzəyev, Gəncə təşkilatının sədri Avtandil Məmmədov, Lənkəran təşkilatının sədri və başqalarının adını misal göstərə bilərəm. Bu adamların hər biri Ədalət Partiyasını idarə edə biləcək gücdədirlər. Üstəlik də Ədalət Partiyasının Siyasi Şurasında təmsil olunan şəxslər var. İlyas müəllim də, yəqin ki, bunlardan kiminsə partiyanın nizamnaməsinə uyğun sədr seçilə biləcəyini görürdü. Ona görə də, o, hüquqşünas və siyasətçi olaraq, heç vaxt vəsiyyət edə bilməzdi. Bunu da İlyas müəllimdən gözləmək o demək idi ki, sən onu yaxşı tanımırsan.


- İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyası daxilində yaşanan gərginliklər nəyin göstəricisidir?


- Bu proses İlyas müəllim Mərkəzi Klinik Xəstəxanada koma vəziyyətinə düşəndən sonra başlamışdı. Partiya üzvlərinin gözləmədiyi bəzi şəxslər nizamnaməyə zidd addımlar atmağa başladılar. Mən bu məsələni indi dərinləşdirməyin tərəfdarı deyiləm. Çünki gec-tez haqq-ədalət yerini tapır. Bu baxımdan həmin şəxslər partiyanı quran çoxsaylı üzvlərimizin müqaviməti ilə qarşılaşdılar və geri çəkilmək məcburiyyətində qaldılar. Hər bir iddia normal qarşılanmalıdır, amma bu iddia iki mühüm amilə - qanun-qaydaya və əxlaqa, mənəvi dəyərlərimizə uyğun gəlməlidir. İddialar dediyim bu iki şərti ödəməsə, uzun müddət yaşaya bilməz. Ədalət Partiyasında da müəyyən iddiaların ortaya çıxmasına mənim zənnimcə normal yanaşmaq lazımdır. Həmin 5 nəfərlə uzun müddət bir yerdə olmuşuq. Münasibətlərimiz yaranıb, onlar haqda pis və ya yaxşı danışmağım cəmiyyət tərəfindən düzgün başa düşülməz. 
 

"Bizim dost itirən vaxtımız deyil"
 

- Amma onlar sizin haqqınızda pis danışdılar...


- Danışa bilərlər, bu mümkündür. Sənin haqqında danışırlarsa, demək sən varsan. Hər bir liderin vəfatından sonra onun rəhbərlik etdiyi təşkilatda təlatümlərin olması normaldır. Bu baxımdan həmin şəxslərin iddialı şəkildə ortaya çıxması hesab edirəm ki, pis qarşılanmamlıdır. Sadəcə olaraq, dediyim faktorlar bu insanların düzgün yolda olmadığını göstərir. Eyni zamanda, Ədalət Partiyasında iddialı şəxslərin olması da bizim üstünlüyümüzdür. Onlar da güc sahibləriydi, partiyada siyasi təfəkkürləri, mövqeləri vardı. Amma sonra hadisələr elə gətirdi ki, partiyanın üzvləri məni seçdilər, onlar isə geri çəkilməyə məcbur oldılar. Çox təəssüf ki, 5 nəfər partiyadan istefa verdi. Düzü, biz onları itirmək istəməzdik. Bizim dost itirən vaxtımız deyil. Sadəcə olaraq həyatın çətinlikləri, enişi-yoxuşu var. Burada da müəyyən pillələrdə insan idadəsi, əzmi tab gətirmir və sən meydanı tərk etmək məcburiyyətində qalırsan. Fəlsəfənin bir qanunu da var, o ümumidir və hər şeyə tətbiq edilə bilər. Bu dialektikanın üçüncü qanunu - inkarı inkar qanunudur. Qanuna əsasən, hər zaman köhnənlər yerini yenilərə verməlidir. Bu olmasa, inkişaf baş verməz. Ədalət Partiyası da fəlsəfənin bu qanuna tabedir. Biz daha çox yenilənməli, inkişaf etməliyik. Köhnələr də öz mövqelərini tərk etməlidirlər. Bu aspektdən məsələyə yanaşsaq, hesab edirəm ki, Ədalət Partiyası dinamik inkişaf edən siyasi təşkilatdır.
 


- İddialardan söz açılmışkən, sizə qarşı irəli sürülən əsas ittihamlardan biri yerlibazlıq etdiyiniz yönündə idi. Bu haqda nə demək istərdiniz?
 

- Çox maraqlı ittihamdır. Özümə yaraşdırmadığım bir çox şeyləri mənə yönəltdilər. Onlardan biri də yerlibazlıq iddiasıydı. Baxın, mən Tovuzdanam. Tovuzdan olan iki nəfər - Vüsalə xanım və Elçin bəy mənə qarşı çıxanlar arasındaydı. Həyatda belə bir şey var,  böyük yalan danışmalısan və rəqibinə daha böyük şər atmalısan ki, cüzi də olsa, bir inam formalaşsın. Bu iddianın ortaya atılması da ona əsaslanıb. 
 

- Qurultayda yekdilliklə sədr seçildiniz. Əleyhinizə səs verən olmadı...
- 2000-ci ildən Ədalət Partiyasının fəaliyyətini sıfırdan bərpa etməsində, həm də partiyanın qurulmasında iştirak etmişəm. Mən təşkilati məsələlər üzrə sədr müaviniydim. Bütün təşkilatların fəaliyyətinin bərpa olunmasında, istiqamətləndirilməsində bilavasitə iştirak edirdim. Rayon təşkilatları məni tanıyır. Digər müavinlər isə  öz funksiyalarına görə rayon təkilatları ilə əlaqəli deyildi. Onlar ya mətbuatda çıxış edirdilər, ya da çox nadir hallarda rayon təşkilatları ilə görüşlər aparırdılar. Bu səbəbə görə mən çox səs qazandım.
Sizin saytınız vasitəsilə mənə səs verən, Azərbaycanın ən ucqar nöqtələrindən, Bakı şəhərindən və müxtəlif rayonlardan bütün işini-gücünü atıb qurultayda iştirak edən, Ədalət Partiyasına dəstək olan hər bir şəxsə təşəkkür edirəm. Bu, bütövlükdə Ədalət Partiyasının qələbəsiydi. Əslində bu bir burulğan idi. Lider itirilib, yeni situasiya ilə qarşılaşılıb. Üstəlik "Siyasi partiyalar haqqında" qanun dəyişib, partiyalar öz fəaliyyətlərini yeni qanuna uyğun nizamlamağa çalışdığı bir vaxtda Ədalət Partiyasının yaşaması lazımdır. Hesab edirəm ki, üzvlərimiz bu qurultayda partiyanın yaşamasına, İlyas İsmayılovun siyasi irsinin davam etdirilməsinə səs verdilər, təkcə Mütəllim Rəhimliyə yox.

"Partiyalararası düşmənçilik cəmiyyəti də bölür"
 

- Parlamentdə olan bir sıra müxalif siyasi partiyalar var. Onlardan hansıları ilə əlaqələriniz daha yaxşı səviyyədədir? Ümumiyyətlə, əlaqələriniz varmı?


- Ədalət Partiyasının bir siyasi mövqeyi var. Düşünürəm ki, bunu İlyas İsmayılov Azərbaycan siyasi səhnəsinə siyasi mədəniyyət olaraq gətirdi. Siyasi partiyalar arasında ünsiyyətdə mədəniyyət, əxlaq gözləmək lazımdır. Vaxtilə İlyas müəllim ADP-nin sədri olanda Müsavat Partiyası ilə arada gərginlik vardı. İki partiya arasındakı düşmənçilik cəmiyyətə də sirayət etmişdi. Fəlakət ondadır ki, partiyalararası düşmənçilik cəmiyyəti də bölür. İlyas müəllim bu düşmənçiliyi müttəfiqlik səviyyəsinə gətirə bildi. Azərbaycanda demokratiyanın, insan hüquqlarının qorunması üçün birgə mübarizə aparır, mitinq keçirirdik. O vaxtdan Ədalət Partiyası ilə digər partiyalar arasında əlaqələr qarşılıqlı hörmətə əsaslanır. Yaxın olduğumuz partiyalar da var. Amma bizim düşmən olduğumuz partiya yoxdur. Hətta İlyas İsmayılovun sədrliyi vaxtında Ədalət Partiyası heç vaxt müxalifətdə olan digər partiyalara rəğmən Yeni Azərbaycan Partiyası ilə də düşmənçilik etmədi. Baxmayaraq ki, Ədalət Partiyası Azərbaycanda qanunun və konstitusiya tələblərinin qorunması üçün həmişə çıxış edib. İlyas müəllim deputat olanda rektorların seçilməsi məsələsini qaldırdı. İcra strukturlarında işləyənlər parlamentdə təmsil oluna bilməz. Bu nə YAP-a, nə müxalifət partiyalarına düşmənçilik deyildi, sadəcə olaraq, həqiqətin ortaya çıxarılmasıydı. Bu siyasətimiz indi də davam edir. Biz İlyas müəllimin siyasi düşüncəsini davam etidiririk. Ədalət Partiyası heç bir partiya ilə bundan sonra da düşmənçilik etmək niyyətində deyil. Azərbaycanın maraqları tələb edəndə bütün siyasi təşkilatlarla bir yerdə olacağıq.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı da göstərdik ki, Ədalət Partiyası milli maraqlar naminə  öz maraqlarını kənara qoymağı bacarır. Bu siyasətimizi davam etdirəcəyik. Təbii ki, siyasi partiyaların daha da yaxınlaşmasında iki mühüm faktor - ideoloji yaxınlıq və şəxsi münasibətlər rol oynayır. Ədalət Partiyası sol mərkəzçi partiyadır. Partiya sədrlərinin şəxsi münasibətləri siyasi partiyaların ünsiyyətində həlledici amildir. Bu baxımdan yanaşsaq, Ədalət Partiyasına düşmən partiya yoxdur. Partiyamızın təbii ki, özünün siyasi maraqları var. Bu maraqlar çərçivəsində gələcəkdə hansısa partiyalarla daha da yaxın ola, birgə əməkdaşlıq müqaviləsi də imzalaya bilərik.

- Mütəllim bəy, qurultayda hakim Yeni Azərbaycan Partiyasından (YAP) iştirak edənlər vardımı? Sədr seçildikdən sonra YAP-dan zəng edib sizi təbrik edənlər oldumu?


- Yox, biz Yeni Azərbaycan Partiyasını dəvət etməmişdik. Onlar da iştirak etmədilər. Yeni Azərbaycan Partiyasından da məni təbrik edən olmayıb.
 

- Yeni Azərbaycan Partiyasını niyə dəvət etmədiniz?
 

- Ədalət Partiyası müxalif siyasi partiyadır. Keçirdiyimiz qurultay da işçi xarakter daşıyırdı. Hansısa nailiyyətimiz olsa və onu göstərmək istəsəydik, təbii ki, Azərbaycan siyasi palitrasında təmsil olunan bütün siyasi qüvvələri, ictimai xadimləri qurultaya dəvət edərdik. Amma bu, Ədalət Partiyasının arzulamadığı, amma fakt qarşısında qalaraq keçirdiyi tədbir idi. Təbii ki, biz İlyas müəllimi itimək istəməzdik. İlyas müəllimin bu partiyanın qurulmasında müstəsna rolu var. Partiya onun adı ilə bağlıdır. İnsan ağrısını-acısını göstərmək istəməz. Dostlar həmişə ağrı-acını paylaşırlar. Çünki ağrı-acı paylaşılanda azalır. Xoşbəxtlik isə paylaşılanda çoxalır. Orada xoşbəxtlik üçün bir şey yox idi ki, biz də onu paylaşaq. Amma dostlarımız da sağ olsunlar, qurultayda iştirak edib bizə dəstək verdilər. Bunun Ədalət Partiyası üçün çox böyük əhəmiyyəti vardı. Hesab edirəm ki, bu həm də İlyas müəllimin ruhuna hörmət əlaməti idi. 
 

- Müxalifət partiyası olaraq “real müxalifət yoxdur" tipli fikirlərlə razısınızmı? Sizcə, niyə belə düşüncə yaranıb?
 

- Bu sualı xatırlayıram, İlyas müəllimə də verirdilər. O vaxt müxalifət düşərgəsi çox səs-küylü idi. İlyas müəllim də hadisələrə çox təmkinli yanaşırdı. İctimai bir düşüncə vardı ki, hakimiyyət ağ deyirsə, sən mütləq qara deməlisən. İlyas müəllim də bunu etmirdi. Ona da sual verirdilər ki, axı siz müxalifət partiyasısınız, niyə belə mövqe tutmursunuz? Azərbaycanda bu düşüncə dəyişməlidir. İqtidarın dediyinə sən mütləq “yox” deməlisən qaydası yoxdur. Siyasətdə sadəcə olaraq, elmi şəkildə ortaya qoyulmuş fikirlər var. İqtidar bir yol gedir və sən ona alternativ görürsənsə, onun fikrinə, getdiyi yola da hörmət etməlisən. Çünki bu iqtidar Azərbaycan dövlətini təmsil edir. Amma bizdə həmişə iqtidar hörmətsiz kimi təqdim olunub. Eyni cavab da qarşı tərəfdən gəlib, müxalifətə də hörmətsiz yanaşıblar. Bu da həmişə Azərbaycan siyasətində bölünməyə gətirib çıxardı. Beləliklə də, Azərbaycanda müxalif düşərgə demək olar ki, yox olmaq təhlükəsi ilə üzləşdi. Çünki siyasi münasibətlərdə düşmənçilik hakim idi. İlyas müəllim düşmənçiliyin aradan qaldırılmasında və “əsl müxalifət necə olmalıdır” məsələsini münasibətlərində ortaya qoyurdu. Biz hakimiyyətin düzgün hərəkətlərinə məntiqimizə, təfəkkürümüzə görə doğrudursa, “doğrudur” deməliyik. Müxalifət hakimiyyətin hər dediyinin əksinə çıxmamalıdır. Bəzən vahid mövqe də nümayiş etdirmək olar. Bəzən sənin təklif etdiyindən daha yaxşısını hakimiyyət də irəli sürə bilər. Bunu da etiraf etmək lazımdır. Azərbaycan gənc ölkədir. Biz iqtidar-müxalifət münasibətlərini, siyasi düşərgəni  yenidən nizamlayıb səliqəyə salmalıyıq. Bu da indiki siyasi partiyaların, xüsusilə də hakimiyyətin üzərinə çox böyük məsuliyyət qoyur. Zaman da göstərdi ki, siyasi müxalifətin olmaması hakimiyyətin güclü olmasına dəlalət etmir. Əksinə, hakimiyyətə qarşı daha sərt mövqedə duran və Azərbaycanın milli maraqlarının əleyhinə olan qüvvələr həmin boşluğa yerləşə bilirlər. Müxalifət də güclü olmalıdır. Müxalifət zəifdirsə, iqtidar da zəif olur. Ona görə Azərbaycanda siyasi institutlaşmaya hakimiyyət özü bilərəkdən, Azərbaycan dövlətinin maraqları baxımından dəstək verməlidir. Siyasi partiyalar güclənməlidir. Bu siyasi beyin mərkəzlərinin işə düşməsi və hər sahədə alternativ fikirlərin ortaya çıxması anlamına gəlir. Alternativ fikirlər hakimiyyətin düzgün qərarlar qəbul etməsinə gətirib çıxara bilər. 


- İqtidarla müzakirələr müxalif siyasi partiyalara qarşı bir inamsızlıq yaradır.  Yaranan inamsızlığın aradan qaldırılması istiqamətində hansı addımları atmağı düşünürsünüz?
 

- Siyasi proseslərdə insanlar iki qüvvəyə - ya müxalifətə, ya da iqtidara güvənə bilərlər. Hamı iqtidara inana bilməz. Bir şəxs hamı üçün müsbət ola bilməz. Mütləq onu mənfi obrazda görənlər də olacaq. Mənfi obrazda görənlər əgər müxalifət yoxdursa, inamını başqa yerlərdə axtaracaq. Bu dini qüvvə də ola bilər. Azərbaycanda fakt ondan ibarətdir ki, dini qüvvələr ən güclü qrupdur. Yaxud da həmin insanlar inamını xaricdə axtaracaq. Bizim xilasımız siyasi müxalifəti o səviyyəyə gətirməkdir ki, iqtidara güvənməyənlər müxalifətə güvənsin. Yenə də güvənc yeri Azərbaycanın öz daxilində olmalıdır. Bunun alternativi yoxdur. Bunun üçün sadəcə, haqqın, ədalətin yanında olmaq lazımdır. Digər yandan, qanunun aliliyinə hörmət etməlisən. Qanun şəxsi maraqlardan üstün olmalıdır. Üçüncü vacib məsələ heç vaxt yalan danışmamaqdır. Bu üç şərt yerinə yetirilərsə, müxalif partiyaların da hörməti qalxar. Biz də bu yolla getməyə çalışacağıq.
 

- Hazırda partiyanızın üzvlərinin sayı neçə nəfərdən ibarətdir? Üzvlərinizin sayını artırmaq istiqamətində hansı addımları atmağı düşünürsünüz?
 

- Ədalət Partiyasının Ədliyyə Nazirliyinə təqdim etdiyi son statistik məlumatda onun 5448 nəfər üzvü olduğu qeyd edilib. Təbii ki, üzvlərimizin sayı və potensialı qarşımıza qoyduğumuz məqsədlərlə ölçülür. Əgər həmin məqsədlərə bu qədər üzvlə getmək mümkündürsə, onda bu göstərici normaldır. Yox əgər qarşıya qoyduğumuz məqsədlərə bu üzvlərimizin sayı və onların potensialı yetmirsə, deməli sayı artırmalıyıq. Bizim qarşıya qoydumuz məqsədlər üçün bu say yetərli deyil. Ona görə də həm rayon təşkilatlarının, həm də üzvlərimizin sayını artırmalıyıq. Eyni zamanda, partiyada ayrı-ayrı sahələr üzrə özünü təsdiq etmiş şəxslərin təmsil olunmasına çalışmalıyıq. Zəif yerlərimiz qurultayda ortaya çıxdı. Ədalət Partiyası strukturlaşdıqdan sonra bu istiqamətdə addımlar atacağıq.
 

- Ədalət Partiyasının maliyyələşməsi istiqamətində hansı işlər görüləcək? Partiya hazırda necə maliyyələşir?
 

- İngilislərdə belə bir ifadə var: “Kasıb o adam deyil ki, heç nəyi yoxdur, kasıb odur ki, çox şey istəyir”. Siyasi partiyanın da maliyyələşməsindən danışarkən söhbət ondan getmir ki, biz nə qədər pul istəyirik. Məsələ ondan ibarətdir ki, biz nə qədər iş görmək istəyirik və bunun üçün resurslarımızı nə qədər səfərbər edə biləcəyik... Ötən ilin 4-cü və bu ilin 1-ci rübündə Ədalət Partiyası dövlətdən az da olsa, maliyyə yardımı alıb. Sonrakı periodda bu maliyyə yardımı dayandırılıb. Hesab edirəm ki, növbəti periodda yardımın bərpasına nail olacağıq. Yeni "Siyasi partiyalar" haqqında qanuna görə siyasi partiyaların maliyyələşməsi şəffaf və hesabatlıdır. Yəni küçədən biri gəlib partiyaya ianə və yardım verə bilməz. Həmin şəxsin bütün məlumatlarının müvafiq icra qurumuna ötürülməsi şəraitində bu, baş verə bilər. Bir şəxs partiyaya yardım edirsə, öz adından partiyaya köçürməlidir. Bundan sonra partiya Mərkəzi Seçki Komissiyasına məlumat verməlidir ki, filan şəxs tərəfindən müəyyən qədər ianə ayrılıb. İcazə alındıqdan sonra həmin ianəni xərcləyə bilərsən. Yəni partiyanın ianə alması bir qədər çətinləşdirilib. Üstəlik üzvlük haqqının verilməsi qaydası da belədir ki, hər bir üzv banka getməlidir. Bu da kifayət qədər çətin prosesdir. Məsələ ondan ibarətdir ki, bütün bunların fonunda bizim də cari xərclərimiz qarşılanmalıdır. Ofisin icarəsi, kommunal xərcləri və sair...
 

"Xərcləri İlyas müəllim özü şəxsi təşəbbüsü ilə qarşılayırdı"
 

- Bu xərcləri qarşılaya bilirsinizmi?

- İndiyə qədər bu xərclər qarşılanıb. Bütün bunlar İlyas müəllimin şəxsi təşəbbüsləri ilə olub. Bundan sonra da görünür, bu məsuliyyət mənim üzərimə düşür. Təbii ki, partiyanın az-çox imkanlı adamları ilə birlikdə düşünürəm ki, bunları həll edə biləcəyik.
 

- Ədalət Partiyasının parlamentdə təmsil olunmaq hədəfi varmı? 
 

- Bir partiya hakimiyyətə gəlmək iddiasında deyilsə, o, heç siyasi partiya deyil. Hakimiyyətdə təmsil olunmağın isə müxtəlif yolları var. Bu yollardan biri də parlamentdə təmsil olunmaqdan keçir. Biz hakimiyyətlə müəyyən məsələlərdə fərqli düşünə bilərik, amma onun düşməni deyilik. Azərbaycanı öz dövlətimiz sayırıq. Ədalət Partiyası nəinki parlamentdə, digər lazımi icra strukturlarında da təmsil oluna bilər. Bizim çəkinəcəyimiz yoxdur.  Yenə deyirəm ki, Azərbaycanı öz dövlətmiz sayırıq. Bələdiyyələrin səlahiyyətləri artırılır. Biz çox istərdik ki, bələdiyyələrdə də təmsil olunaq. Bunun üçün ilk növbədə Ədalət Partiyasının mövcud simasını cəmiyyətə çatdırmalıyıq. Xalqın belə bir partiyası olduğunu göstərə bilməliyik. Bunu bacara bilsək, Azərbaycanda hər kəs Ədalət Partiyasını özününkü hesab edəcək. Hər kəs də özününkünə təbii olaraq, səs verəcək. Bunu edə bilsək, Ədalət Partiyasını həm bələdiyyələrə, həm də parlamentə daşıya biləcəyik. Düzdür, bu, bir az ideal səslənir. Azərbaycanda seçkilərin tamamilə demokratik keçmədiyini hər kəs bilir. Bununla bağlı beynəlxalq hesabatlar, yerli qurumların müşahidələri var. Amma hər kəs vətəndaşlıq borcunu yerinə yetirib seçkilərə getsə, seçkiləri saxtalaşdırmaq mümkün olmayacaq. İndi əhalini pessimist əhval-ruhiyyəyə salıblar. “Sən seçkiyə getsən də, getməsən də, onsuz da nəticə bəllidir” deyirlər. Bu da seçkiyə gedənləri ruhdan salır. Əgər seçkiyə gedib səs versən, ağ bülleten qalmasa, necə saxtalaşdırma edəcəklər. Bizim partiyaların işlərindən biri də Azərbaycanda seçici fəallığının bərqərar edilməsinə yönəlməlidir. Cəmiyyətdə seçki mədəniyyətini də formalaşdırmaq lazımdır.  Bütün dünyada rektorlar seçkilərlə təyin olunur. Qardaş Türkiyədə universitet daxilində seçki olur, 3 namizəd seçilir, sonra prezident onlardan birini təyin etmək səlahiyyətinə malik olur. Ayrı-ayrı müəssisələrdə də bunu etmək lazımdır. Ziyalılar cəmiyyətin aparıcı təbəqəsidir. Orada seçki mədəniyyəti formalaşsa, demokratik seçkilərin göstəricisi olsa, bunu ayrı-ayrı strukturlara da şamil etmək olar.


- Müxalif partiyaların birləşməsi ilə bağlı məsələ zaman-zaman gündəmə gəlir. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
 

- Əslində, Azərbaycanda siyasi partiyaların birləşməsi ilə bağlı uğurlu təcrübə yoxdur. Azərbaycanda 62 partiya vardı, onlardan indi 26-sı qalıb. Fəaliyyəti dayandırılan siyasi partiya liderlərindən heç biri gəlib digər partiya ilə birləşmir. Bu, Azərbaycanda siyasi iddiaların şəxsi maraqlardan keçdiyini sübut edir. Bu gün siyasi partiyaların yox, “liderlərin birləşməsi mümkündür?” kontekstindən məsələyə yanaşsaq, doğru olar. Bu da mümkünsüz görünür. Şəxsi maraqlar, qrup maraqlarını üstələyir. 20 ildən çoxdur ictimai tələb bundan ibarət idi ki, müxalif siyasi partiyalar birləşsinlər, nicat yolumuz bundadır. Bunun üçün müxtəlif bloklar, birliklər quruldu. Amma birləşmə olmadı. Hətta blokların içərisində belə liderlər şəxsi iddialarından geri çəkilə bilmədilər və bloklar məhv oldu. İndi birləşmə dedikdə, hər bir partiya deyir ki, "o partiya gəlib mənə birləşsin". Prioritet əsaslı birləşmədən söhbət getmir. Bu da bəribaşdan birləşməni dayandırır, sual altına qoyur. Mən təbii ki, birləşmə barədə qərar verə bilmərəm. Elə məsələr var ki, o barədə yalnız partiya üzvləri qərar verə bilərlər. 
 

- Qarabağda Ədalət Partiyasının qərargahının yaradılması planlaşdırılırmı?


- Rayonlarda partiya qərargahlarının  yaradılması çox çətin prosesdir. Bakıda siyasi partiyalar dövlət tərəfindən balaca da olsa, ofislə təmin olunur. Buna görə dövlətə təşəkkür edə bilərik. Lakin partiyaların mərkəzi ofislərinin belə YAP-ın bir rayon təşkilatından balaca olması nöqsandır. Düzdür, bir neçə il qabaq partiyaların əksəriyyətinin heç ofisi belə yox idi. Bu, irəliyə doğru atılmış addımdır. Qanunda rayonlarda partiyaların ofis istəyinin təmin olunması məsələsi yoxdur. Belə bir istək olarsa, bu, şəxsi təşəbbüslə həyata keçirilməli, ofis icarəyə götürülməlidir. Bizim Füzuli və Kəlbəcər rayonlarında təşkilatlarımız var. Onlar da ya Gəncədə, ya da Bakıda fəaliyyət göstərirlər. Mən çox istəyərdim ki, ilk təşkilatımız Xankəndidə yaradılsın. Ora Qarabağın mərkəzidir. Rayon təşkilatı yaradıldıqdan sonra, inşallah mənzil qərargahı yaratmaq məsələsinə baxa bilərik. Düşünürəm ki, yaxın vaxtlarda Xankəndidə partiyanın təşkilatını yarada bilərik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see121

Çaki öldü

29 May 2025 00:07see121

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see120

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see120

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

29 May 2025 00:46see116

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see116

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see114

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see114

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see113

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see113

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

29 May 2025 08:59see113

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see113

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

29 May 2025 09:02see112

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

29 May 2025 06:03see112

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

29 May 2025 08:27see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri